Nümayəndələr Palatası Trampın impiçmentinə səs verdi

numayendeler-palatasi-trampin-impicmentine-ses-verdi
Oxunma sayı: 1732

Demokratlar tərəfindən idarə olunan ABŞ Konqresinin Nümayəndələr Palatası hazırkı respublikaçı Prezident Donald Trampın impiçmentinə dair qətnaməni təsdiqləyib. 

“Qafqazinfo” bildirir ki, bu barədə “TASS” xəbər verib.

Aşağı palatanın qəbul etdiyi sənəddə Tramp qiyama təhrikdə ittiham olunur.

Səsvermənin nəticələrinə görə, 10 respublikaçı konqresmen Trampın impiçmentinə dair qətnaməyə səs verib. Ümumilikdə sənədin lehinə 232, əleyhinə isə 197 millət vəkili səs verib. Qətnamə təsdiq edilib.

İndi sənəd prosedurun məhkəmə prosesinə çevriləcəyi Senata təqdim edilməlidir. Lakin qanunverici orqanın yuxarı palatasının iş cədvəlinə əsasən, o, Trampın prezidentlik müddətinin başa çatmasından sonra impiçment məsələsi ilə məşğul ola bilər: Senat yanvarın 19-dək səsvermə tələb edən hər hansı ciddi mövzunu müzakirə etmək üçün toplaşmayacaq, demokrat Cozef Baydenin növbəti dövlət başçısı kimi inauqurasiyası isə yanvarın 20-də günorta baş tutacaq.

Tramp ABŞ tarixində iki dəfə impiçmentə məruz qalmış ilk prezident olub. Demokratlar respublikaçını vəzifədən kənarlaşdırmağa ilk cəhdini 2019-cu ildə həyata keçiriblər. Nümayəndələr Palatası həmin vaxt impiçmentə səs verib, lakin respublikaçılar tərəfindən nəzarət edilən Senat 2020-ci ilin əvvəlində ittihamın hər iki maddəsi üzrə dövlət başçısına bəraət verib.