“Bu gün Azərbaycan Ordusu bu bölgənin – Cənubi Qafqazın ən güclü ordusudur. Bu gün Azərbaycan müstəqillik illərində bizim üçün yaradılan imkandan tam şəkildə istifadə edibdir. Əgər müstəqillik qazanılanda Ermənistan ilə Azərbaycan arasında iqtisadi və hərbi sahədə paritet var idisə, artıq bu paritetdən çoxdan əsər-əlamət qalmayıbdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu president İlham Əliyev Qubaya səfəri zamanı çıxışında bildirib. İ. Əliyev deyib ki, son 10 il ərzində böyük bir yol keçmişik. On il bundan əvvəl Azərbaycanın və Ermənistanın dövlət büdcələri təxminən eyni səviyyədə idi: “Bu gün bizim dövlət büdcəmiz Ermənistandakından təxminən 10 dəfə çoxdur. Bizim təkcə hərbi məsələlərə xərclədiyimiz vəsait Ermənistanın bütün dövlət büdcəsindən təxminən 30-50 faiz artıqdır. Yəni, biz bütün başqa parametrlər üzrə böyük üstünlük əldə etmişik – iqtisadi sahədə, siyasi sahədə, dünya birliyində oynadığımız rol baxımından. Bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvüdür və dünya tərəfindən böyük dəstəyə malikdir. Bu gün biz artıq fəzaya çıxmışıq. Bizim peykimiz vardır. Bizim iqtisadi inkişafımız çox sürətlidir, o cümlədən bax, bu zonada – Quba-Qusar zonasında son illərdə çox böyük işlər görülmüşdür. Şəhərlər, kəndlər abadlaşır, investisiya qoyulur. Bizim demoqrafik vəziyyətimiz çox müsbətdir. Artıq 9 milyon yarıma yaxın əhalimiz vardır.
Yəni, bütün bu amillər bizim gücümüzü təsdiqləyir və düşünülmüş siyasətin nəticəsidir. Ermənistan isə artıq öz hərəkətləri və bəyanatları ilə açıq şəkildə etiraf edir ki, öz təhlükəsizliyini öz gücünə təmin edə bilmir. Biz bunu çoxdan bilirdik. Hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olan bütün tərəflər bunu bilir. Ancaq bu gün Ermənistan məcburdur ki, özü bunu etiraf etsin. Bizim qarşımızda nə qədər aciz, nə qədər gücsüz olduğunu, qorxu içində yaşadığını etiraf etsin. Mən bir dəfə demişəm ki, erməni xalqı bizdən qorxmamalıdır, öz rəhbərliyindən qorxmalıdır. Qaniçən, yırtıcı, quldur, cəllad rəhbərliyindən qorxmalıdır ki, bu gün onlar öz xalqına divan tuturlar, öz xalqını gülləbaran edirlər. İndiki Ermənistan rəhbərliyi nə qədər çox hakimiyyətdə qalsa, Ermənistan bir o qədər də tez tamamilə çökəcək və tarixi ədalət bərpa ediləcəkdir. Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bütün amillər – güclərin nisbəti, beynəlxalq, iqtisadi-hərbi amillər bunu göstərir. Sadəcə olaraq, vaxt gedir. Sadəcə olaraq biz istəyirik ki, bu, tezliklə olsun. Ancaq bu, hərtərəfli və tam şəkildə olmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir, Şuşada, Xankəndidə Azərbaycanın dövlət bayrağı qaldırılmalıdır və gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlarında yaşamalıdırlar. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq.
Son xəbərlər
Son Xəbərlər