İran və ABŞ arasındakı gərginlik enerji infrastrukturuna qarşı qarşılıqlı təhdidlərlə yeni müstəviyə keçib.
“Qafqazinfo” xəbər verir ki, İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ölkəsinin enerji infrastrukturuna hər hansı hücum ediləcəyi təqdirdə Yaxın Şərqdəki bütün enerji obyektlərini hədəf alacaqları ilə bağlı xəbərdarlıq edib.
Siyasətçi “X” sosial şəbəkəsində paylaşdığı bəyanatda vurğulayıb ki, İranın elektrik stansiyaları və infrastrukturu zərər görərsə, regiondakı bütün həyati əhəmiyyətli obyektlər qanuni hədəf hesab olunacaq. Qalibaf bu obyektlərin məhv ediləcəyini və neftin qiymətinin qlobal bazarlarda uzunmüddətli və kəskin artacağını bildirib.
Qeyd edək ki, sözügedən bəyanat ABŞ Prezidentinin İrana ünvanladığı ultimatumdan sonra gəlib. Belə ki, Vaşinqton Hörmüz boğazının 48 saat ərzində açılmayacağı təqdirdə İslam Respublikasının elektrik stansiyalarını məhv edəcəyi ilə hədələyib.
Xatırladaq ki, fevralın 28-dən başlayan hərbi əməliyyatlar fonunda İranın Hörmüz boğazını bağlaması və regiondakı neft infrastrukturuna zərbələr endirməsi ehtimalı artıq neft qiymətlərini son dörd ilin ən yüksək səviyyəsinə qaldırıb.
Son xəbərlər
Son Xəbərlər