“Qoyun sürüsü kimi düzülən kütləni adam etmək üçün...”

qoyun-surusu-kimi-duzulen-kutleni-adam-etmek-ucun
Oxunma sayı: 3399


“Qafqazinfo”nun məlumatına görə, əsər “Qanun” nəşriyyatında çap olunub. Romandakı hadisələr Ümidqovan adlı məkanda və bütün insanların arzularını həyata keçirən Ümid Pirinin ətrafında cərəyan edir. 

Ümidqovan – körpü üstündə vətən deməkdir. Roman özlərinə körpü üzərində vətən quran insanlardan, onların keçmişləri və ümidlərindən bəhs edir.

Romandan bir hissəni “Kitab evi”nin oxucularına təqdim edirik:


“- Gəlirlər, çox dəhşətlidi, çox izdihamlıdı… Aman Allah, gəlirlər! – Ümidqovana uzanan cığırların birindən qaranəfəs qaça-qaça kəndə sarı gələn çapar nəfəsi kəsilənə, boğazının damarları gömgöy zolaq kimi partlayıb çıxana qədər tük ürpədən səslə çığırırdı – gəlirlər!!! Lap az qalıb, qulağımızın dibinə dirəniblər!!! 

İnsanlar sanki çoxdan eşitməyə hazır olduqları xəbəri duyar-duymaz Ümid Pirinə tərəf axışmağa başlamışdı. Qapıları, bacaları taybatay açıq qalan adamlar arxalarına baxmadan tozlu-torpaqlı yollarla qaranəfəs pirə tərəf qaçırdılar. Zəncirdə dartınan itlərin hürüşməsi, yamacda otlayan qoyun-quzunun mələrtisi, başlı-başına buraxılmış toyuq-cücənin qaqqıltısı bir-birinə qarışmışdı, elə bil heyvanlar da qeyri-ixtiyari sahiblərinin ardınca onların getdiyi yerə can atırdılar. Amma nə onlara, nə açıq qalmış qapı-bacaya fikir verən vardı, çoxdandı iztirabından qovurulduğu, səksəkəylə gözlədiyi xəbəri eşidər-eşitməz hamının canına vahimə düşmüşdü, hamı pirin yan-yörəsində yerini rahatlamaq, bəlkə də xilas olmaq üçün əldən-ayaqdan gedirdi. Kişilər papaqlarını, arvadlar çarşablarını unudub qaçırdılar; kimisi qundaqda körpəsini, kimisi təndirdə kündəsini qoyub qaçırdı. «Gəlirlər»in vahiməsi elə qəribə, elə dəhşətli idi ki, kənd camaatının bir göz qırpımında özü də hamını birdən dəli eləmişdi. Başlarının üstünə yaxınlaşan qara buludlardan çoxdan xəbərləri var idi, təhlükəni hələ neçə ay əvvəldən bilirdilər, həmişə də özlərinə toxtaqlıq verib dayanırdılar, bu dəfə isə təsəlliyə yer qalmamışdı, gəlirdilər, özü də yuxuda yox, reallıqda, necə düşünürdülərsə elə də gəlirdilər. 

Qışqırmaqdan nəfəsi daralmış çapar pirə çatana kimi artıq kəndin arvadlı-kişili, böyüklü-kiçikli bütün camaatı bura cəmlənmişdi. Elə ki, insanlar bir yerə yığıldı, elə ki, ağızın dedikləri qulağa çatmadı, orada çox şey ola bilərdi; məlum məsələdir, kütlənin arasında hələ bu vaxta kimi birinci sözü ağıllı adam deməyib. Qorxublarmı, abırlarına qısılıblarmı, sözlərinin yerə düşəcəyindən ehtiyatlanıblarmı? Amma yox, çox güman ki qorxublar; insanlar yalnız ehtirasın gücünə kükrəyib bir yerə toparlananda mütləq birinci sözü ağıldan kəmlər, dildən pərgarlar, daha doğrusu, qorxaqlar və əbləhlər deyiblər, sonra həmin əbləhin ardınca qoyun sürüsü kimi düzülən kütləni adamlığa qaytarmaq üçün nə qədər ağıllı başından keçib. 

Təbii ki, bütün bunları Ümidqovan camaatı bilmirdi, qara buludların başının üstünü kəsdirib sənə ən yaxşı halda köləlik verə biləcəyi məqamda belə fikirlər onların qorxudan şişmiş qafasında çətin ki, boy göstərəydi. Dərd elə batmanla gəlmişdi ki, bəlkə də dünyanın ən müdrik filosofu, ən hiyləgər siyasətçisi həmin vaxtı Ümid Pirinin yanında, o səksəkə içində ürəkləri ağzına gələn adamların arasında olsaydı, dönüb olardı onların bir tayı. İnsanlar onu da bilirdilər ki, yaxınlaşan dərd elə böyük olacaqdı ki, hər evə, hətta hər adama, adam nədi, lap elə itə, pişiyə, ağaca, kol-kosa da pay düşəcəkdi. Bəladan qaçmaq olmazdı, hamı pərişan, hamı ümidsiz idi, sanki çaparın ağzını açıb danışmasından sonra Ümidqovanda tarix qurtaracaqdı, təzə nəsə başlayacaqdısa, onun artıq buraya yığılan kütləyə dəxli olmayacaqdı. 

- İki yandan da gəlirlər – çapar nəfəsini dərib dilləndi - saylarını-hesablarını bilə bilmədim, çoxdular, lap çox, atlı qarışqa sürüsünə oxşayarlar, elə bil dağlarımıza, daşlarımıza bit-birə daraşıb. 

Çapar başını aşağı dikib qorxudanmı, xəcalətdənmi baxışlarını ona bərəlmiş gözlərdən gizlətməyə çalışırdı; amma nahaq yerə, həyəcanlı olduğunu tez-tez qalxıb enən çiyinlərindən, əllərinin, ayaqlarının titrəməsindən də görmək olardı. Açıq-aydın hiss olunurdu ki, zavallı möhkəmcə təntiyib, onun bu halı camaata da sirayət elədi, hamının canına üşütmə düşdü, kiminin əlləri, kiminin ayaqları titrəməyə başladı. Deməli, iki yandan gəlirlər, qaçmağa əl yeri qoymayıblar, hamımızı qıracaqlar, dünyanın axırı bu imiş - deyə adamların arasında  pıçhapıç başladı. Kimsə sual verməyə, nəsə ürək toxtadan bir söz deməyə cəsarət eləmirdi, hamı müdrikcəsinə susaraq kimin qabağa düşməsini gözləyirdi. Nədənsə hər şeydə özünü gözə soxan, birinci olmağa adət eləmiş adamlar yalnız ölüm gələndə yubanmaq, lap axırda, quyruqda dayanmağı özlərinə əskiklik bilməzlər. Kütlə məzmunsuz və key baxışlarını çapara zilləyib dayanmışdı, birinci ah çəkməyə, hamıdan qabaq hıçqırıb ağlamağa da cürət eləmirdilər. Sülh vaxtı Ümidqovana yol göstərən, qan-qadanı, umu-küsünü bir kəlməsiylə həll edən kəndin ağsaqqalları da burdaydı, onlar da yaşlarının gətirdiyi müdrikliyi unutmuş kimi görünürdülər, kütləvi boyunduruq altına gedən, cəllad kötüyünün bir addımlığında dayanmış adamlara nə məsləhət verəsən, nə deyəsən axı; təsəlli versən qanmazlıq çıxar, müqavimətə səsləsən gülməli görünər. Ağsaqqallar öz camaatını yaxşı tanıyırdılar, bilirdilər ki, ömürləri boyu onların məsləhətindən kənara çıxmağı ağıllarından keçirməyən, onların göstərdikləri yolla başıaşağı, səssiz-səmirsiz addımlayan adamlar dinc dövrün rahatlığına, bir də onların uydurduqları nağılların qəhrəmanlarına o qədər aludə olublar ki, dünyanı başqa cür təsəvvür eləyə bilməzdilər. Lakin indi nağıl danışmaq vaxtı deyildi…  Heç qılıncının qəbzəsindən qan daman, atın belində tarix yaradan babaların törəmələri də hələ üzünü görmədikləri düşmənin qabağında belə üyüdərdilərmi?..

  -Sən hər iki yandan gələnləri öz gözünlə gördün? – bayaqdan Ümid Pirinin yanına qısılıb olub-keçənləri seyr edən Pirdəli dilləndi, elə ağzını açmasıyla hamının nəzərləri ona yönəldi, hərə yerbəyerdən «hə də, öz gözünlə gördün», «hə də…», «hə də…» haray-həşirə başladılar.

- İkisini də gördüm, biri Şərqdən, öyrəşdiyimiz tərəfdən, o biri Qərbdən, öyrəşmədiyimiz tərəfdən yaxınlaşır. Dırnaqları yer eşən atlarının fınxırtısını da duyurdum, çox yaxınlaşmağa cürət eləmədim, qorxdum özümü duyuq salaram, arxamca düşərlər.

«Düz eləmisən. Bərəkallah!» sədaları ətrafı bürüdü.

- Mən hələ o qədər atlı görməmişəm, sayıb qurtarmaq olmaz, onların hamısını bizim kəndə salsan kənd tutmaz, elə bil adam deyillər, adam yeyəndilər… qarışqadılar, çəyirtkədilər…

Çaparın nəfəsi tıncıxırdı, heyrətini, qorxusunu ifadə eləməyə söz tapa bilmirdi, danışdıqca gözləri bərəlir, alnının qat-qat qırışları təpəsinin ortasına kimi qalxırdı.  

-Bəs neçə gündü ancaq elə gözün dörd ola-ola baxmağı bacarmısan, öyrənə bilməmisənmi kimdilər, nəçidilər, bizim dağlarda nə itləri azıb? – bu, Qırmızı Xudunun səsiydi, o, həmişə axırda, məzəmətlə, istehzayla danışardı, elə son söz də o deyən olardı. Bu dəfəysə əvvəlki kimi guruldaya bilmədi, qorxu qarışıq nigaranlıq ondan da yan keçməmişdi. 

-Şərqdən gələnləri tanıyırıq, elə həmişə üstümüzə nə bəla gəlibsə ordan gəlib də – çapar cavab verdi, – elə əvvəlki adamlara oxşayırlar, amma bu dəfə sayları çoxalıb. Həddindən çoxdular, amma dağınıq, pərakəndə haldadılar, kənardan baxanda aşıb-daşan qəzəbli çaya oxşayırlar, hara axdıqları, haranı dağıdacaqları bilinmir, atlarıysa çox güclüdü, dırnaqları torpağı yağır eləmişdi.

-Məlum məsələdi, bu, Mitridatın ordusudu – üzündə hələ də qorxunun sarımtıl rəngi oynaşan Qələm Bəkir dilləndi. O, Qırmızı Xudu kimi asıb-kəsən olmasa da, Ümidqovanın kəndindən kənara çıxaraq yazıb-oxumağı öyrənmiş, gözəl hüsn xətti və qiraəti olan hörmətli şəxslərdən idi. Onun övladları da özü kimi dərrakəli, bilikli idilər, hətta söhbət dolaşırdı ki, Qələm Bəkirin özündən əvvəl yeddi arxa dönəni də belə dünyagörmüş adamlar olublar, əli qələmli kişinin xisləti, görünür,  geninə hopubmuş, çox güman ki, özündən sonra gələnlər də özünə oxşayacaqdı. O, Pont hökmdarı Mitridatı yaxşı tanıyırdı, cavan vaxtlarında onun sarayında çox mirzəlik eləmişdi, şəninə yazılmış kitabları gözəl xəttiylə səlnamələrə köçürmüşdü. Bilirdi ki, Mitridat nə qədər tərif sevən, adını tarixə şöhrətli, ləyaqətli hökmdar kimi həkk elətdirmək üçün saray şairlərinə və onun kimi mirzələrə səxavətlə yanaşsa da, bir dırnaq ucu boyda şücaəti olmamışdı. Hökmranlığının uzun, yorucu illərində cəmi bir neçə qələbə qazınmışdısa da, bu da özündən qat-qat zəif, heydən düşmüş qonşularının üzərində olmuşdu, Mitridat döyüş adamı deyildi, onun parlaqlığı yalnız Qələm Bəkirin gözəl hüsnü xəttiylə tarixə ərməğan qoyduğu saxta kitabələrdəydi. Yəqin indi böyür-başındakı xırda-mırda, adına dövlət dediyi oyuncaq tayfaların bütün başıpapaqlılarını yığıb özünə kortəbii dəstə düzəldib. Görünür, elə buna görəydi ki, Şərqdən gələn atlılar çapara dağınıq, pərakəndə görünübdü.

-Pont hökmdarı bizim üstümüzə niyə gəlsin ki? Nə istəyib verməmişik?- ağsaqqallardan biri, nəhayət ki, dilləndi.

-Biz Şərqin bizdən istədiyinin hamısını vermişik. Bizi özlərinə oxşatmaq istəyiblər oxşamışıq, yuxularında gördükləri qoçaqlıqlarını vəsf eləyən şeirlər istəyiblər yazmışıq, saraylarını bəzəyən nəqqaşlarımızı istəyiblər vermişik, xəzinələrini doldurmaq üçün işləmişik, boğazımızdan kəsib heç nəyi əsirgəməmişik, ordan bizə qorxu ola bilməz. Bir də Şərqi razı salmağa nə var ki – Qələm Bəkir dilləndi.

-Bəs onda niyə üstümüzə gəlirlər? Bəlkə bu dəfə canımızı istəyirlər, verəkmi? – bu da ağsaqqalların yanında oturmuş Burun Qasımın sualı idi. Hamı bilirdi ki, Qələm Bəkir nə deyir desin onsuz da o, yox deyəcəkdi. Lakin bu dəfəki «yox» höcətə oxşamırdı, doğrudan da, Mitridatdan çıxmayan iş, niyə Ümidqovana ordu yeridib?

-Mitridat dava adamı deyil, onu yaxşı tanıyıram, Şərq adamıdı, qılınc ona döyüşmək üçün yox, tarixə adını yazdırmaq üçün, şairlərə qafiyə vermək üçün lazımdı. Amma qarnının dərdi nədi bilmirəm? – Qələm Bəkir də tərəddüdlər içindəydi. İndi Pont hökmdarının tərəfini saxlasaydı, elin-obanın qınağının qabağında dayana bilməyəcəkdi, hamı bir ağızdan haray-həşir salardı ki, madam ki, onun sevimli mirzəsi olmusan, onda get öyrən qarnının dərdini. 

-Bəs o biri yandan gələnlər kimlərdi, danışsana? – Qırmızı Xudu səbirsizlənmişdi, lakin qərar verməyə tələsmirdi, hər iki tərəfdən yaxınlaşan təhlükəni xırda təffərrütalarına qədər bilmək istəyirdi, onsuz da hamı danışandan sonra son söz, hamının partlamaq həddində olan ürəyinə toxtaqlıq gətirəcək qərar onun dilindən çıxacaqdı.

-Qərb tərəfdən gələnləri birinci dəfəydi görürdüm, əllərində quş başına oxşayan nizələr tutmuşdular, elə bil qıy çəkib bizim dağların şahinlərini, qartallarını didib-parçalamağa hazırlaşırdılar. Onlar da qəzəbliydilər, gözlərində qığılcım parlayırdı, çox idilər, lap çox. Mənə elə gəldi ki, Mitridatın ordusundan da çoxdular, amma onlar dağınıq deyil, o boyda çəyirtkə sürüsünün hamısı bir cərgəylə, bir ritmlə addımlayırdı, sanki hamısı da bir boydaydı. Amma atları yorğun idi, dırnaqları yer eşsə də, yorğa gedirdilər, elə bildim ki, yorulublar, bəlkə döyüşə atılsalar vəhşiyə dönəcəklər, hələ ki, yorğa gəlirdilər. 

Çapar sözünü qurtarıb nəhayət ki, dizləri üstə yerə çökdü, bayaqdan hamıdan gizlətdiyi baxışlarını indi məchul nöqtədə yox, camaatın üzündə gəzdirdi. O, bütün sözlərini deyib qurtarmışdı, canını saran qorxu çəkilməsə də, bir az yüngülləşmişdi, indi söz demək, yol göstərmək növbəsi başqalarının idi.

-Onlar bizə oxşamırlar, onlarla heç vaxt rastlaşmamışıq, bizim torpaqlara hardan gəlib çıxıblar, bizdən nə istəyə bilərlər ki? – müdrikcəsinə susan ağsaqqalardan biri də, nəhayət, dilə gəldi.

-Onların istədiyi bizdə yox, Mitridatdadı, çox istəyirdi şan-şöhrəti dünyanı dolaşsın, adı dillərə düşsün, əfsanələrdən, rəvayətlərdən keçsin. Axır ki, arzusuna çatdı, indi dünya özü durub gəlib ki, görəsən kimdi bu şairlərin dilindən düşməyən cəngavər – Qələm Bəkir dedi.

-Sənin vəsf etdiyin Mitridatla tanış olmaq üçün ayrı məkan, ayrı zaman yox idi, gərək bizim kəndimizdən, gərək bizim zamanımızdan keçəydilər? – Burun Qasım qəzəblə soruşdu. 

-Bizim torpağımız körpüdü, axsağın da, axmağın da keçdiyi körpü. Onlar bu məkanı özləri seçməyiblər, haqq-hesab çürütmək üçün burdan yaxşı yer də ola bilməzdi – Qələm Bəkir bunu çox yavaşdan, pıçıltıya oxşayan səslə dedi, həm də dediklərinin düzgün anlaşılmamasından qorxurdu. Bayaqdan dəhşətli xəbərdən sarsılan, naəlac qalıb Ümid Pirinə pənah gətirən adamlar elə qəzəbliydilər ki, hörmət-izzətinə baxmazdılar, bir anın içində onu didib-parçalayardılar.

Vəziyyətin gərginliyini Burun Qasım da başa düşürdü, ayrı vaxtı bu söhbəti höcətləşməyə qədər uzadardı, amma indi düşmən atlarının fınxırtısı az qala qulaqlarının dibində eşidilirdi, höcət yox, qərar vermək, yol göstərmək vaxtı idi.

-Sən Qərbdən gələnləri vəsf eləyə bilmərsən? O gözəl hüsnü xəttinlə Mitridata yazdıqlarının ünvanını dəyişib Roma imperatoru edə bilməzsən? Həm də sənin üçün fərqi nədi? - bu acı sual Qələm Bəkirin qulağının dibinə dəyən tərs sillədən də betər oldu, cavab qaytarmaq, qəzəblənmək istədi, amma nifrətini ürəyində gizlədib, gözlərini bərəltməklə kifayətləndi, üzünü yana çevirib başını yellədi. Sual verən Pirdəli idi. 

-Ay uşaq, nə bilirsən Qərbdən gələn, adına nə dedin, Roma qoşunudu? – Qırmızı Xudu zəndlə onun üzünə baxdı.

-Çoxdan onları izləyirəm, hələ bizim dağlara gəlməmişdən qabaq.

-Dəli köpəyin oğlu, hardan izləyirsən, sənin pirin yanından qırağa çıxan vaxtın olubmu? Bütün günün xoruz kimi müqəddəsin başına çıxıb ona-buna lağ eləməklə keçmirmi?

-Qəzəblənmə, Qırmızı, qəzəblənmə, nə dediyimi yaxşı bilirəm, üstümüzə gələn Roma ordusudu, başında da Qney Pompey adında sənin Mitridatından on qat güclü sərkərdə dayanır.

-Nə danışır ə, bu? Ə, sən pirin böyründən aralanmırsan, bu boyda ağıllı kişilərin bilmədiyini hardan bilirsən?

-Dünya elə balacadır ki, Qırmızı, pirin üstündən baxanda onun dörd-bir yanı görünür. Kimin əli kimin cibindədirsə o da görünür, hələ mən burdan baxanda sizin içalatınızı da görürəm. İstəyirsiniz deyim, ürəyinizdən nələr keçir? Qorxu, vahimə, hələ bu vaxta kimi duymadığınız dəhşətli ağrılar… 

-Ə, pir nə boydadı ki, onun başından baxanda dünya görünsün, sən nə səfehləyirsən? 

-Qırmızı, demək istəyirsən pir müqəddəs deyil? Sən buna şəkk eləyirsən, özü də hamının yanında. Camaat, siz də şəkk eləyirsiniz. Bəs onda bura niyə yığılmsınız, toparlanmağa ayrı yer tapmadınız?

Hamı duruxub qalmışdı, ayrı vaxt olsaydı uşaqlar yerdən daş götürüb dəlinin baş-gözünü yarardılar, Qırmızı Xudu onu təpiyinin altına salıb ağına-bozuna baxmadan qol-qabırğası sınana kimi təpikləyərdi, bir adam da qabağa düşüb əlindən almazdı. Ümidqovan camaatı Pirdəlinin yeddi qatlarını qılınc kimi kəsib keçən zarafatlarından cana doymuşdu, onu adam yerinə qoyan tapılmazdı, nə salamını alar, nə o dayanan tərəfə baxardılar. İndisə bu qədər ağsaqqalın, müdrikin içində yalnız dəlinin hamıdan ağıllı və heç kimin bu vaxta kimi eşitmədiyi sözlər danışmasına heyrətlə qulaq kəsilmişdilər. Təbii ki, pirin müqəddəsliyinə şəkk eləməyə kimsənin cürəti çatmazdı, ürəklərdəki qorxunun üstünə şübhə toxumu da səpilmişdi, dünya yəni bu qədərmi balacaymış, pirin üstündən dörd-bir yanı görünsün.

-A bala, madam ki, müqəddəsin başından baxanda Qərbdən gələnlər görünür, hansı imperiyadı adı da dilimə yatmır, onda de görək, niyə gəlirlər, nə istəyirlər, biz qarabaxtlılar başımıza haranın külünü töksək yaxşı olar? – Burun Qasım bu vaxta kimi belə nəvazişlə, belə ümidsizcəsinə kimsədən imdad diləməmişdi.

-Gələnlər Roma qoşunudu, başında qüdrəti dünya durduqca qalacaq Qney Pompey adlı Mitridatın kürəyini yerə vuracaq sərkərdə dayanır, Ümid Pirinə dua eləyin ki, Şərqlə Qərbin toqquşması bizim torpaqlarda olmasın. Yoxsa, yoxsa hamımızı…

-Öldürəcəklər! – camaat yerbəyerdən qışqırışırdı.

-Öldürmək asan yoldu, çoxumuzu qul edəcəklər. Öz torpağında qul kimi yaşamaq bilirsiniz nə deməkdi? Sizə bu, ölməkdən yaxşıdı?

-A bala, döyüşməyə başqa yer tapmadılar, gərək bizim başıdaşlı yurdumuzu seçəydilər – kişilərdən xeyli aralıda dayanmış Yoğun Minə dilləndi. Qərar vermək məqamında qadınların sözünə fikir verən olmazdı, indi vəziyyət ayrı cürdü, seçim eləmək üçün nəinki qadın, elə uşağın da, hətta dəlinin də sözünə ehtiyac yaranmışdı.

-Eh, Yoğun Minə, nə çox dünyada qan tökülən, göz yaşı ilə suvarılan torpaqlar. Biz onlardan əskiyik niyə? Gərək elə dünyanın səfasından dadaq, bəs cəfasını kimə saxlayırısınız? – Pirdəli dilləndi.

-Söz danışdın ay bala, ürəyimizi üzmə. De görək bu romalılar hardan çıxdı? Nə istəyirlər e, nə?

-Başa düşün, gözünü qan örtmüş qatilləri siz maraqlandırmırsınız, heç sizin kimliyiniz, adam ya başqa zad olmağınız da eynlərində deyil. Mən Şərqdən gələnlərin də, qərblilərin də xəritələrini görmüşəm, bizim kəndin əvəzinə balaca bir körpü şəkli çəkiblər, hərəsi də öz bayrağını həmən körpünün üstünə sancıb, bizə də öz aralarında körpü xalqı deyirlər. İndi hansı qəzəbli sərkərdə bu körpünün üstünə bayrağını sanca bilsə, Şərqə də, Qərbə də, bütün külli-aləmə də o hökm edəsidi. İndi qandınız dava nəyin davasıdı, ay körpü xalqı? Bəs körpünün üstündə yurd-yuva qaralayanda ağlınız kəsmədimi bura tamah salanlar da olacaq.

-Deməli, torpağımız ayaqaltı olacaq – Qırmızı Xudu hamının eşidəcəyi bir ah çəkdi, dəlinin sözləri, deyəsən, həqiqətə oxşayırdı. Lap yalan danışsaydı belə, artıq hamı ona inanmışdı, iki od arasında əlləşən adamlar üçün bundan yaxşı yozum ola bilməzdi. Elə müdrik ağsaqqallar da saqqallarını sığallaya-sığallaya fikrə getmişdilər. 

Bu vaxta qədər kimsənin ağlından belə keçməmişdi ki, körpünün üstündə dayanıblar, həmişə ağır yüklü tacir karvanları yollarını kəsə eləmək üçün onların kəndindən keçəndə sevinclərinin həddi-hüdudu olmazdı, elə yolun üstündə dayanıb alverlərini edər, güzəranlarını sürərdilər. Ağzı yelli ordular da həmişə Qərbə tərəf yan alanda onların kəndinin içindən adlayar, kəhrizlərinin bal kimi suyundan içib təpərlənər, kimsənin burnunu da qanatmadan öz yollarına davam edərdilər. Bəzən karvanların, yorğun köçlərin şikəsti, əsgərlərin çəlimsizi düşüb burda qalar, heç öz yurdlarına geri dönməzdilər; bəxt üzünə gülənlər elə buradaca evlənib, kök salıb qaynayıb qarışardılar. Belə hadisələr o qədər tez-tez baş verirdi ki, axtarsan bəlkə də Ümidqovan camaatının iki nəfərindən biri körpüdən keçməyə heyi çatmayıb bu yerlərdə ilişib qalanların törəmələri idi. Adamlar da buna alışmışdılar, heç vaxt özləri ilə, torpaqlarında ilişib qalanlara fərq qoymazdılar. Ümidqovan yüz illərdi körpüdə vətən olmağın səfasını çəkirdi, amma indi… Körpüyə həris gözlər dikilmişdi: ya onu qorumalı, ya da köksünə sancılacaq yad bayrağın kölgəsində qul kimi yaşamalıydın. Pirdəlinin sözləri artıq müdrikləri qərar verməyə yönləndirirdi.

-Kimə təslim olaq? – kütlənin içindən gələn səs Qırmızı Xudunu da, ağsaqqalları da silkələdi. Kütlə pıçhapıça başladı: «kimə təslim olaq», «hansı tərəf yaxşıdı», «Şərqəmi», «Qərbəmi»? Pıçhapıç uğultuya çevriləndə Burun Qasım dilləndi:

-Elə xilasımız da bundadı, müəyyənləşdirməliyik kimə təslim olsaq yaxşı düşər? Elə qərar verək ki, sonradan bədəlini ödəməyək.

-Hələ dəqiq bilmirik, məgər təslimçilik bizi xilas edəcəkmi? – Qələm Bəkir soruşdu.

-Başqa yol varsa sən de. Elə xilas olmağın yolu təslimçilikdən keçir, amma bunu səlnamələrinə salmayarsan, bizdən sonra gələnlərin qabağında gözükölgəli olmayaq – Burun Qasım cavab verdi.

-Nə düşmüsünüz mənim səlnamələrimin üstünə, mən mirzəyəm, necə deyiblər elə də yazmışam, tarixin qabağında mənim xəcalətim mirzəlikdən o yana keçməz. Bir də hər şey mənim yazdığım kimi olsaydı, romalıların bizim dağlarda nə iti azmışdı.

-Vay o gündən ki, gələcək nəsillər sənin yazdıqlarını oxuyub bizim bu günümüzə qiymət verəcəklər. Onda hər şey kəlləmayallaq olacaq. Yazıq xələflərimiz həmişə düşünəcəklər, madam ki, bizim əcdadlarımız belə asıb-kəsən imiş, bəs biz niyə maymaq olduq? Harda qalıb bizim dəliqanlılığımız, hanı qəbzəsindən qan tökülən qılıncımız, niyə kişnəmir dırnağıyla yer eşən kəhər atlarımız? Gələcəyi sənin cızma-qaraların kor edəcək, kor!

-Sənin ağzını köpürdüb üstümə düşməkdə haqqın var! Bəs hər şeyi olduğu kimi yazsam, səndən törəyənlər nə günə qalar? Kimdi karvandan yıxılıb qalan axsaq babası ilə öyünən!

-Mənə axsaq deyirsən, yaltaq mirzə, bəs sən özün kimsən? Bəlkə səninkilər göydən zənbillə düşüb?! Sənin baban ağır batman orduda axsaq eşşəyin üstündə özünü zorla çatdırmışdı Ümidqovana, acından ağzından qara su gəlirdi, eşşək eşşəkliyi ilə öldü, amma baban qaldı…

Burun Qasımla Qələm Bəkirin mübahisəsi qızışdı, ilk dəfəydi ki, öz kimliklərini başlarına qaxınc edirdilər. Hamının yanında  hamının əlinin içi kimi bildiyi, ancaq heç vaxt dillərinə gətirib danışmadıqları sözləri ucu itilənmiş ox kimi bir-birlərinə tuşlamışdılar, bir az da belə getsəydi düşmən yaddan çıxacaqdı, kütlənin gözü qabağında qan davası başlayacaqdı. Pirin üstündən bu məzəli qocaların palan içi tökmələrini xüsusi ləzzətlə izləyən Pirdəli ürəkdən qəhqəhə çəkdi. Hamı bir anlığa dönüb ona tərəf baxdı, Pirdəli əhvalını pozmadan gülə-gülə dilləndi «düşmən yaxınlaşır». Kütlənin içinə yenidən vəlvələ düşdü, yenidən pıçhapıç başladı: «kimə təslim olaq», «Şərqəmi», «Qərbəmi»…

-Şərqdən gələnləri tanıyırıq, ulularımızdan bu yana həmişə bizim kənddən keçib gediblər. Bəziləri geri qayıdıb, bəziləri yolda qalıb, qalanlarından hələ bir soraq yoxdu. Üzümüz-gözümüz şərqlilərə öyrəşib, xasiyyətlərini, nə istədiklərini, zəif yerlərini də bilirik. Amma… amma qorxuram ki, bu seçimimiz xatalı ola, – Qırmızı Xudu dilləndi. Başa düşürdü ki, tarixin təftişinə yönəlmiş bu mənasız mübahisəni nə qədər desən uzatmaq olardı. 

-Hə, Şəqri tanıyırıq, elə Mitridat da bizi tanıyır. Bilir ki, dönük adamlar deyilik, nə buyurubsa həmişə «baş üstə» demişik. İndi durub üstümüzə qoşun göndərməkdənsə, gərək əvvəlcə xəbər göndərərdi – ağsaqqallardan biri dedi.

-Mitridatın qoşunu bizim üstümüzə gəlmir, ay müdrik, Pompeyin qabağını kəsməyə gedir – Qələm Bəkir dilləndi.

-Ay Qələm, nə dəxli var, qırğın ki, bizim torpaqda olacaq – Burun Qasım yenidən mübahisəni uzatmağa həvəsli görünsə də, çox inad eləmədi və tez də söhbətin məğzinə qayıtdı – Pompeyə də təslim ola bilərik. Madam ki, Şərqi tanıyırıq, bəlkə indi də Qərblə sövdələşək, nə fikirləşirsiniz, ay camaat? Çapar deyir Mitridadın qoşunları dağınıqdı, səpələnmiş qarışqa sürüsü kimidi, amma Romanın ordusu qəzəblidi, özü də hamısı ayaqlarını yerə bir vururlar. Deməli, Qərb adamları artıq birgə addımlamağın sirrini öyrəniblər, o boyda insan selini birgə təpik döyməyə məcbur edən qüvvə nədirsə, çox böyük və əzəmətli olmalıdı. Amma demirəm ha, Qərbə əyilək, Qırmızının sözü olmasın, bu çox xatalı məsələdi. 

Ümidqovan camaatı ilk dəfəydi körpünün üstündə durmağın çətinliyini anlayırdı. Bütün ömürləri boyu hər gələnə xoş üz göstərən, körpünü qorumaq üçün balans yaradan adamlar öz torpaqlarında girov kimiydilər. 

-Pompeyin yanına elçi göndərsək, sovqat yollasaq, qabağına duz-çörəklə çıxsaq necə olar? – ağsaqqallardan biri dedi.

-Bu, riyakarlıq olar – o biri ağsaqqal cavab verdi – həm də nə bilirsən Qərb adamı bizi anlayacaqmı, duz-çörəyi görəndə bəlkə elə başa düşəcək onları ələ salırıq. Həssas məqamdayıq, gərək qəzəbə tuş gəlməyək.

-Qəzəbə tuş gəlmək, hə, dəhşətli olar, – o biri cavab verdi – onda Mitridatın yanına elçi göndərək.

-Bəs bundan romalılar xəbər tutsa necə?

-Gəlin belə edək, hər iki tərəfə elçi yollayaq, hamısının da əlində duz-çörək, ləl-cəvahir, qır-qızıl… ikisinin də ağzını arayaq.

-Çox xatalı təklifdi. Birdən ikisi də xəbər tutsa, ya bir-brilərinə bizim hərəkətimizdən danışsalar, necə?

-Hələ eşitməmişik ki, qəzəblə kükrəyən, bir-birinin qanını tökməyə, canını almağa hazırlaşan ağır batman qoşunlar soyuq başla nəsə danışsınlar. Onlar ağız-ağıza yox, döyüş meydanında qabaq-qabağa gələcəklər. Onda da dil yox, qılınclar danışacaq. Hər halda razılaşmaq istəyirəm - Burun Qasım ağsaqqalların mühakimələrini dinləyərək dedi.

-Qeyri-müəyyən gələcək haqqında belə əminliklə danışmaq olmaz, Burun, hamımızı odun içinə atarsan, – Qələm Bəkir dedi – qərar verək ya Mitridatın, ya Pompeyin qarşısında baş əyməliyik, üz-üzə gələn iki qəzəbin qabağında eyni vaxta təzim eləmək çətin olacaq. Məndən olsa Şərqə tərəf elçi göndərək, hər nə olsa üzümüz-gözümüz öyrəşib, əyrilərini də bilirik, düzlərini də.

-Seçim edək deyirsən, lap yaxşı, onda elçiləri Qərbə yollayaq – Burun Qasım inad elədi – Şərq bizim kürəyimizin arxasındadı, amma hamınız əlinizin içi kimi bilirsiniz ki, onlara söykənmək olmaz. Biz də heç vaxt söykənməmişik, elə-belə xala xətrin qalmasın tərəflərini tutmuşuq, amma heç vaxt şərqli ola bilməmişik. Bizim aramızda dərin bir uçurum var, onlar heç vaxt bizi başa düşməyib, nə istədiyimizi anlamayıb, heç biz də onları başa düşməmişik. İndi dar ayaqda niyə Pont hökmdarına sığınmalıyıq? Sən onun mirzəsi olmusan deyə üzgörənlik eləyirsən. Bizdən şərqli çıxmaz. Birdən sənin Mitridatın Pompeyin qabağında duruş gətirmədi, üz qoydu qaçmağa, bəs onda bizim aqibətimiz necə olasıdı? Biz ki, onun dalına düşüb Şərqin dərinliklərinə gedəsi deyilik. Madam ki, seçim edirik onda romalıların yanında dursaq yaxşıdı.

-Niyə Qərbə üz tutmalıyıq? Dillərini bilirsənmi? Ürəklərinə yol tapa biləcəksənmi? Lap Romanın qılıncının altından keçdik, Qərb bizə nə verəcək, nə?

-Nə verəcəklərini bilmirəm, onu bilirəm ki, Şərqə sığınıb yerimizdə saymaqdansa, heç olmasa romalılar kimi bir yerdə addımlamağı öyrənə bilərik. Minlərlə, on minlərlə insanın eyni vaxta yerə təpik vurması sənə zarafat gəlməsin. 

Qələm Bəkirlə Burun Qasımın mübahisəsi uzandıqca uzandı, ağsaqqallar müdaxilə eləməyə tələsmirdilər, yenə də əvvəlki kimi müdrikcəsinə susurdular. Artıq məlum məsələydi, kənd təslim olmağa hazırlaşırdı, yaxınlaşan təhlükənin qabağında duruş gətirmək üçün yeganə ümid baş əymək, çox güman ki, alçalaraq, şərəfi ayaqlar altına atılaraq baş əymək idi. Ümidqovan can hayındaydı, belə məqamda şərəf axırda gələrdi, onun haqqında heç kim düşünməz, düşünmək istəməz, sanki yaddan çıxarardı. Canını xilas eləmək üçün kütlənin ürəyindən xəbər verən çıxış yolu kütləvi şəkildə təslim olmaq idi, amma kimə? Mübahisə qızışır, nəticəysə görünmürdü…

-Ay camaat, siz nə səfeh adamlarsınız. Niyə təslim olursunuz? Bəlkə gedib körpünü qoruyaq. Əlimizə silah götürüb kəsək yadellilərin qabağını, öləsi olsaq bir yerdə ölək, qalası olsaq bir yerdə qalaq. Eşidirsinizmi, deyirəm bəlkə, əlimizə silah alıb… 

Kütlənin içindən kiminsə atdığı daş Pirdəlinin başına dəyən kimi sifəti qana bələndi, sözləri ağzında ilişib qaldı, yenə nəsə demək istədi, amma gücü yalnız kəkələməyə çatdı. «Əlinə silah alana bax!», «Kəs səsini, küçük!», «Şərqin, Qərbin qabağına, özü də eyni vaxtda silahla çıxmaq ancaq sənin kimi axmağın başına gələ bilər» - kütlənin qara-qışqırığı ağacların budağında cərgəylə marıtlamış qarğaları da diksindirdi. Dəli pirin başında oturmasaydı, gözü qızmış adamların hərəsi ona bir daş atardı, indi hamı ona Mitridatın, Pomeyin əsgərilərinə baxırmış kimi nifrətlə baxırdı, bu dəqiqə sinəsini didib-dağıtmağa, cəsədini qarğa-quzğuna yem eləməyə hazır idilər. Pirdəli köynəyinin yaxalığı ilə üz-gözünü nə qədər silməyə çalışsa da, çənəsindən süzülən damcılar pirin kərpiclərinə hopub, onları qırmızı rəngə boyayırdı. Ümid Pirində ilk dəfəydi qan tökülürdü, bu, heç şübhəsiz Ümidqovan camaatının günahına yazılacaqdı. Yaxşı ki, həmin anda Pirdəlinin ürəyindən yamanlıq, onların soykökünü lənətləmək yox, başqa şeylər keçirdi, başı kimi ürəyi də qan ağlayırdı. Ağlaya-ağlaya körlü-köməcli boyunduruğa girməyə tələsən, əyilməkdən ötrü bir-birini qırıb-çatan icmanın quracağı gələcəyi düşünürdü. 

-Madam ki, hər iki tərəfə elçi göndərməyə etiraz eləmirsiniz, onda belə edək –Qırmızı Xudu alovun üstünə su çilədi, hamı səsini içinə çəkib, ona qulaq kəsildi, onsuz da sonuncu sözü məhz onun dilindən eşitməyə öyrənmişdilər – Şərqə tərəf Qələm Bəkir, Qərbə isə Burun Qasım getsin, danışsınlar, dost olduğumuzu, bayraqlarının altından keçməyə hazır olduğumuzu desinlər, qoy hər ikisi bizi özünə dost bilsin. Nə zamankı döyüş başa çatdı, kim güclü olsa o tərəfə də keçərik. Baş əymək üçün səmtin nə fərqi var, təki başımız salamat olsun.

Onun sözləri hamının ürəyindən xəbər verdi, sanki bütün Ümidqovan camaatının bayaqdan bəri demək istədiyini, amma münasib sözləri tapıb ifadə edə bilmədiyi fikri Qırmızı Xudu, nəhayət, dilə gətirə bilmişdi. «Hə də, baş əyən üçün səmtin nə fərqi var, təki başımız salamat olsun» - kütlə uğuldamağa başladı, çapar gələndən bəri üzlərinə çökən iztirabdan əsər-əlamət qalmadı; hamı toxtamışdı, hamı rahatlaşmışdı, hətta elə sevinirdilər ki, sanki artıq baş əyib qurtarmışdılar.

Pirdəli kütləyə baxa-baxa ağlından keçdi ki, həmkəndlilərini balacalı-böyüklü, arvadlı-uşaqlı bir yerdə ilk dəfəydi görürdü. Bu qədər cahil adamı eyni vaxtda bir yerdə görmək nə qədər dəhşətli idi! İnsanlar yavaş-yavaş seyrəlməyə başlayırdı, hərə öz evinə tərəf gedirdi, onlar bir də elçilərin qayıdacağı gün yığışacaqdılar, bəlkə də buna ehtiyac olmayacaq, artıq fikir toqquşdurmaq, zəhrimara qalmış seçim eləmək üçün baş sındırmağa həcət yoxuydu, kimi deyirlər, hansı tərəfə deyirlər o yana da əyiləcəkdilər. Düşünürdülər ki, çiyinlərinin üstündə Ümid Piri ağırlığındakı yük artıq götürülüb, dəli isə hələ də pirin üstündə dayanmışdı, hələ də gözlərindən qan-yaş axırdı.

Düş aşağı, bütün gecəni ordamı oturacaqsan? – pirdən aralıda sıx-sıx bitmiş iydə ağaclarının arxasından kimsə onu səslədi. Səs qulaqlarına toxunar-toxunmaz gözlərinə işıq gəldi, yəni doğrudanmı, Ümidqovanda boyunduruğa getməyən, şərəfin nə demək olduğunu başa düşən kimsə qalıbdı? Yəni doğrudanmı Ümidqovanda hələ də insanı xatırladan insan yaşayır? Şübhə və tərəddüd içində qovrula-qovrula aşağı düşüb ağacların arxasına keçdi və alatoranın zəif qaraltısında onun göyçək sifətini gördü, Qız Telli çiynindəki səhəngi yerə qoyub yan-yörəsinə baxa-baxa onu gözləyirdi. 

-Sən niyə getməmisən?

-Səni gözləyirdim üzr istəmək üçün.

-Nəyə görə üzr istəməlisən, adına söz çıxardığıma, başqaxıcı elədiyimə görəmi? Səni sən arzuladığın kimi, adam balası kimi sevə bilmədiyimə görəmi? Yarımçıq qalmış sevdamıza…

-Dayan, dəlisən ki, dəli, bu iki daşın arasında bunun ağlından keçənlərə bax. Sənin başını yardığıma görə…

-Daşı sənmi atmışdın… inanmaram…

-Bağışla, səni istədiyimdən elədim. Birinci daşı mən atmasaydım, başqası atacaqdı, Qırmızı Xudu camaatın yanında səni şillə-təpiyin altına salacaqdı. Bizimkilərə bələdsən axı, romalıların heyfini səndən çıxacaqdılar. Qıymadım, Ümidqovan camaatının ayaqları altında inləyəsən. Buna ürəyim dözməzdi. Daş atdım ki, səsini kəsəsən… istədiyimdən atdım. Bağışlaya biləcəksənmi məni?..

-Sən məni bağışla, səni bu torpaqda, bu zamanda sevdiyimə görə bağışla. Mənə vurulmaq el töhmətidi, sən də adam tapdın sevməyə. Ona görə də adının qabağına qız ayaması qoşublar, yəni dəlinin sevgilisi ömür boyu qız qalasıdı.

Qız Tellinin səhəngini əyib sifətinndə yayılıb qara ləkəyə çevrilmiş qanı yudu, islaq əlini başının yarası üstündə saxladı, daş dəyən yer himə bəndmiş kimi sap-sağlam oldu, heç elə bil bayaqdan fışqırıqla axan qan oradan qaynamırdı. Qız onun belə qəribə hərəkətlərinə alışdığından təəccüblənmədi, dərindən köks ötürüb gözlərini aşağı dikdi. Dodaqaltı nəsə pıçıldayıb üzünə baxdı.

-Belə yaralar tez sağalar, məni xilas eləmək üçün atdığın daşın yerini sənin saflığının nişanəsi kimi saxlayacam. Amma bir səhəng yox, lap dirilik bulağının bütün suyunu gecə-gündüz daşıyıb gətirsən qəlbimin yarası sağalmaz, sağalmayacaq da. 

-Qınama bizim camaatı, itirəcək çox şeyləri var, ona görə qorxurlar, tir-tir əsirlər. Sən bizdən qəhrəmanlıq gözləmə, Ümidqovan camaatı iki tərəfini saran yağıların qabağına silahla yox, ümidlə çıxacaq. Başımızı kəsən qara buludlar ötüb keçsə, hər şey yoluna düşəcək.

-Bu torpağın qaramatı sənidəmi basdı? Heyf! Heç nə yaxşı olmayacaq, Qız Telli, heç nə! Bizim körpüdən keçiblər, indən belə də keçəcəklər. Çətini Ümidqovan camaatının başının əyilməyə öyrəşməsidi, sabah Qərbə, sonra Şərqə, sonra bir başqasının qabağında əyiləcəklər. Ümidqovan öz tarixini əyilə-əyilə yazacaq; öz törəmələrinin, yeddi arxa dönəcəklərinin yaddaşına əyilməyin min cür yollarını aşılayan toxumlar səpəcək. O toxumlar cücərəcək, hər əsirdə bir rəngdə, bir adda, bir dildə boy göstərəcəklər. Ümidqovan körpünün üstə vətən olduqca əyildikcə əyiləcək. Əgər xilas budursa, mən onu istəmirəm. Bu adamların qurduğu dünyada mənə həmişə dəli deyəcəklər, sənsə, qız qalacaqsan. Biz bu kəndin damazlıq, lakin qısır qəhrəmanlarıyıq. Get, get hava qaralmamış qoşul kəndlilərinə… Onlardan geri qalma…

Qız Telli onsuz da uzaqlaşmışdı, Pirdəli sözə başlayanda dayanmaq bilmirdi, bəlkə də Telli bu kəndin yeganə adamı idi ki, onu başqalarından bir qədər çox dinləməyə həvəs göstərirdi. İndiyəcən kimsə onun əsib-coşan vaxtlarında dediyi sözlərə məhəl qoymazdı. 

Hamı çoxdan öz evinə çəkilmişdi, həmişəki kimi parça buludların arasından görünən paralanmış ay işığını pirə tərəf yönləndirmişdi. Kimsənin yuxusuna belə girmirdi ki, gecələrin qaranlığında Ümid Pirinin ətrafı süd gölünə bənzəyir, insanların əvəzinə hesabat verirmiş kimi tək-tənha dayanmış pir sakitliyi içinə çəkə-çəkə düşünür, ona sığınanlara ümidləri paylamaq üçün çeşidləyirdi. Pirdəli pirin böyrünə qısılıb, eynən onun kimi sükutun dərinliyində boğula-boğula düşüncələrə dalmışdı. Nə fikirləşdisə ayağa durdu, əllərini pirin divarlarına sürtə-sürtə onun başına dolanmağa başladı; «görəsən neçə dəfə başına dolansam, hamının günahını yuyarsan», «görəsən nə deyib yalvarım ki, sabah hamı başını əymək yox, dik tutmaq istəsin», «görəsən…» 

Pir susurdu, sükutun içində ümidlərini çeşidləyirdi…”.