Bu kadrlara, bəlkə, hər birimiz dəfələrlə baxmışıq, amma heç birimiz o qarlı gündə meyitləri daşıyan adamın kimliyi ilə maraqlanmamışıq. Heç birimiz o cəsarətli qəhrəmanın kim olduğunu öyrənməmişik. Gördüyünüz kimi o Oruc Məmmədovdur-Xocalı faciəsinin canlı şahidi. Hazırda isə həbsxanadadır.
Biz də döyüşçünün evində olduq. Balaca və isti bir ev... Oruc Məmmədovun iki qızı var. Böyük qızı ailə qursa da, himayəsində azyaşlı bir qızı var. Aytaca atası barəsində danışmaq çətin olduğu üçün evin xanımı, Oruc Məmmədovun həyat yoldaşı Mahiyyə Məmmədova həm özünün, həm də qızının yerinə danışdı.
Haradan söhbətə başlayacağımızı bilmirdik. Bir qəhrəmandan danışacaqdıq, yanımızda olmayan, həm də yaşayan...
“Xocalıda meyitləri çiynində daşıyıb”
“O, cinayət törətsəydi, bu gün onun haqqında danışmağa utanardım” deyir Mahiyyə xanım.
“1991-ci ildə könüllü olaraq Qarabağda döyüşüb. Oruc hərbi məktəbi bitirərkən Qarabağ müharibəsi gedirdi. Gələn kimi Qarabağa yollandı. Dedi ki, döyüşə gedəcəyəm. O, ömrünün ən yaxşı günlərini cavan vaxtını səngərdə keçirib. Xocalı faciəsinin canlı şahidi olub. Yəqin, Çingiz Mustafayevin çəkdiyi o kadrlara baxmısız. Meyitləri daşıyan adam Orucdur. O, meyitləri öz çiynində daşıyıb”.
“Düşmənin 8 qəlpəsi ilə həbsdədir”
Oruc Məmmədovun qəhrəmanlığı bununla bitmir. O hələ də 4 divar arxasında ermənilərin 8 qəlpəsini bədənində daşıyır.
Mahiyyə xanım onun sanki döyüşçü kimi anadan olduğunu deyir:
“Düşmənin 8 qəlpəsi ilə yaşayır. Həkimlər dedilər ki, qəlpələri çıxarsalar damarı zədələnər. Bədənindəki yaralar sızıldayanda deyirdi ki, erməninin gülləsi mənim canımı ağrıtdığı kimi, minlərlə insanı da incidir”.
“Torpaq uğrunda vuruşan adam torpaq alqı-satqısında ittiham olunur”
Torpaq demişkən Oruc Məmmədov saxta torpaq alqı-satqısında ittiham olunuraq 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Mahiyyə xanmı ən çox üzən də budur:
“Torpaq uğrunda vuruşan, canını qoyan adam bu gün torpaq alqı-satqısında saxta sənədlə ittiham olunur. Bu absurd və gülməlidir. Əgər Oruc başqa yolla pul qazanmaq istəsəydi, gedərdi elə yaxşı vaxtlarında nəsə edərdi. Sizə deyim ki, hakim qərarı verəndə utanırdı, onun üzünə baxıb qərarı oxumadı. Bizim bu iki otaqdan başqa heç nəyimiz yoxdur. Həmişə ona deyəndə ki, sən bu illər ərzində uşaqlar üçün heç nə etməmisən. Deyirdi ki, ən böyük qələbəm səngərdə 10 il vuruşmağımdır. Deyirdim ki, bəs uşaq cehiz nə aparacaq? Deyirdi ki, uşaq cehiz yox, ad aparacaq”.
“Ramil Səfərovu vətənə qaytaran prezident Orucun həbsxanada məhv olmasına imkan verməz”
Həyat yoldaşının şər-böhtan qurbanı olduğunu deyən Mahiyyə Məmmədova prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevadan kömək istəyir: “Əminəm ki, İlham Əliyev Ramil Səfərovu elə çətin vəziyyətdə ölkəyə qaytardısa, Orucun da həbsxanada məhv olmasına imkan verməyəcək, prezidentin Orucu həbsxanada saxlamasına inanmıram. Axı Oruc da yüzlərlə, bəlkə də minlərlə ermənini öldürüb. Oruc bu gün də müharibəni gözləyir. Ali Baş Komandan bu gün müharibə əmrini versə, Oruc yenidən səngərə dönəcək. Oruc kimi qəhrəmanların varlığı cəmiyyətdə vətənpərvərlik ruhu yaradacaq. Onu azadlığa buraxılması üçün cənab prezidentdən yardımçı olmasını xahiş edirəm”.
“Sənin atan yoxdur, niyə səni məktəbə heç aparmır?”
Döyüşçünün ailəsi olmaq da bir döyüşdür. Onlar da ataları olmadan həyat üçün döyüşüblər. Mahiyyə xanımın sözlərinə görə, dəfələrlə böyük qızı Sevdaya məktəbdə “Sənin atan yoxdur, niyə səni məktəbə heç aparmır?” sualını veriblər. Mən uşaqları Orucsuz böyütmüşəm. O, bir dəfə övladlarının yanında olub başını sığallamayıb. Həmişə Oruc deyərdi ki, balalarım başa düşsün ki, niyə görə mən onların yanında ola bilməmişəm. Onlar vaxt gələcək biləcəklər ki, vətən üçün getmişəm”.
Oruc Məmmədovun həbsindən sonra bu ailədə çox şey dəyişib. Xocalıda tanımadığı insanların meyitini qucağında daşıyan Oruc Məmmədova doğma ata və anasının cəsədini çiynində daşımaq qismət olmayıb. O, bu illər ərzində təkcə azadlığını deyil, valideynlərini də itirdi. Kiçik qızı 11 yaşlı Aytac isə 3 ildir atasının yolunu gözləyir. Onun yolunu gözləyən daha bir nəfər var. Bu da üzünü görmədiyi nəvəsidir.
Əslində Oruc Məmmədovun keçirdiyi illər, aylar, günlər, bəlkə, hər saniyəsi barəsində saatlarla danışmaq olar. Amma mən istəyirəm ki, bunu ikinci bir adam deyil, o, özü danışssın. Və tezliklə onu danışdıracağıq...
Çox sınadı bizi zaman
Neçə şəhid getdi qurban
Sinəsiylə sipər olan
İgid əsgər möhkəm dayan!
Günel Əbilova

