Samir Şərifov da Dubayda bahalı oteldə dincəlir

samir-serifov-da-dubayda-bahali-otelde-dincelir
Oxunma sayı: 7965


“Qafqazinfo” xəbər verir ki, Virtualaz.org saytı bir neçə gün öncə xəbər vermişdi ki, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov Dubaydakı dəbdəbəli “Atlantis” otelində ailə üzvləri ilə birgə bahalı bir Novruz tətili keçirir. Bu yazı saytımızda işıq üzü görəndən sonra T.Əhmədov faktı təsdiqləyib bildirdi ki, o və ailə üzvləri doğrudan da beşulduzlu “Atlantis”də istirahət edirlər.

Sayt bu dəfə daha bir məmurun orada dincəlməsi haqda məlumat əldə edib. Xəbərə görə, Azərbaycanın maliyyə naziri Samir Şərifov da hazırda Dubayda Novruz tətilindədir. Tağı Əhmədov kimi cənab Şərifov da “Atlantis” otelinin ən bahalı nömrələrinin birində yaşayır.

Otelin adının çəkilməsini istəməyən əməkdaşlarından birinin virtualaz.org saytına verdiyi xəbərə görə, S.Şərifov ailə üzvləri ilə birlikdə 7 min dollarlıq apartamentdə qalır.

Ümumiyyətlə, bu oteldə nömrələrin qiymətləri 700 dollardan başlayaraq 10 min dollara qədər dəyişir. Yada salaq ki, Azərbaycanın maliyyə nazirinin aylıq maaşı 1500 manatdır.

Maliyyə naziri Bakıya qayıdandan sonra virtualaz.org saytı cənab Şərifova Dubayın ən bahalı otelində ona bayram tətili keçirməyə imkan verən əlavə gəlir mənbələri barədə sorğu ilə müraciət etmək niyyətindədir. Və bildirirk ki, cənab nazirin sorğumuza rəsmi cavabını saytımızda dərc etməyi özümüzə vəzifə bilirik.