“Qafqazinfo” xəbər verir ki, bu barədə facebookda məlumat paylaşılıb. Belə ki Şəkidə davam edən məhkəmədən qayıdarkən İsmayıllı ərazisində baş verən avtoqəza nəticəsində maşında olan Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu və vəkil Xaliq Bağırov yüngül xəsarət alıblar.
Tofiq Yaqublunun xanımı Maya Yaqublu və Müsavat fəalı Çingiz Əlinin xəsarətləri ciddi olduğundan xəstəxanaya yerləşdiriliblər.
***
Nərgiz Yaqublunun musavat.com-a verdiy məlumata görə, maşının sürücüsü müsavat fəalı Çingiz Əli olub.
Hadisə İsmayıllı rayonunun Xənəgə kəndinin ərazisində baş verib. Vəkil Xaliq Bağırov deyib ki, sıx duman olması səbəbindən maşın yoldan çıxıb və dərəyə yuvarlanıb.
Hadisə yerinə polis və təcili yardım maşınları gəlib.
***
Artıq Tofiq Yaqublunun böyük qızı Nigar Yaqublu Facebook hesabında anası Maya xanımın da yaxşı olduğunu qeyd edib: "Bilirəm, hamı narahatdır. Ana yaxşıdır, Çingiz bəy hələ rentgendədir, ondan xəbər gözləyirik".
***
Xəstəxanadan Musavat.com-a verilən məlumata görə, bir qədər əvvələ qədər vəziyyəti normal olan Maya Yaqublunun durumu qəfil pisləşib. Çingiz Əlinin də vəziyyətinin ciddi olduğu bildirilir. Bakıdan gedən həkim briqadası hələ rayona çatmayıb.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı artıq xəstəxanadadır. Bakıdan jurnalistlər də İsmayıllıya yollanıblar.
***
İsmayıllı rayon xəstəxanasının baş həkim müavini Lətif bəyin musavat.com-a verdiyi məlumata görə, Çingiz Əlinin vəziyyəti çox ağırdır, o, hazırda huşsuz vəziyyətdədir; lazım olan bütün yardımlar göstərilir. T. Yaqublunun xanımı Maya Yaqublunun vəziyyəti isə stabildir, ona da bütün tibbi yardımlar edilib.
***
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının Musavat.com-a verdiyi məlumata görə, Çingiz Əli hazırda reanimasıya şöbəsində, Maya Yaqublu isə palatadadır. Bakıda yollanan həkim briqadası hələ İsmayıllaya çatmayıb.