Əsgər İmran Şavəddinovun yas mərasimindən reportaj
“…6 aydır ki, qardaşımı da görmürəm. İndi o necə də dəyişibdir. 3 aydır ki sizi də görmürəm. Sizi də başa düşürəm. İmkanınız yoxdur. Ayda o evə 200 manat pul gəlir. Siz onunla tələbə də oxutdurmalısız. Hər ayda atam 50-60 manat mənə göndərir. Ona görə də, heç sizə deyə bilmərəm də ki, mənim yanıma gəlin. Bircə yerimi dəyişsəydilər, canım rahatlaşardı...”
Bu sətirlər əsgər İmran Şavəddinovun ailəsinə yazdığı son məktubdandı. Ölümündən bəri məktubu sosial şəbəkələri dolaşır.
Bu məktubun izilə üz tutduq Ağdaşa, əsgərin yas mərasiminə.
“Ailəsini düşünən adam idi”
Məktubu ailəsinə çatan günün səhəri nəşi gəlib evlərinə. Həsrətini çəkdiyi qardaşı Fəqanın ali məktəbə girməsinin sevincini belə yaşatmadı ailəsinə. Elə Fəqan da qardaşının intihar etdiyinə, onun sevincli gününü qaraya boyadığına inanmır: “Ailədə iki uşaq idik. Apreldən bəri görmürdüm onu. Andiçmə mərasiminə valideynlərim getmişdi, o vaxtdan heç kim görməyib. Amma hər gün zəng edirdi. Ən çox atamla danışırdı. Saxlanma şəraitindən gileylənirdi, onu incitdiklərini deyirdi. İmran xasiyyətcə çox mülayim, danışıb-gülən, ailəcanlı idi. Ailəmizi çox düşünərdi, valideynlərimizin istəyinə uyğun hərəkət edərdi. Ona görə də əminəm ki, o, intihar etməz”.
Son məktubu ilə bağlı müxtəlif söz-söhbətlər gəzir, özünün yazmadığını düşünənlər də var. Amma Fəqan qardaşının xətti olduğuna əmindir: “Qardaşımın öz xəttidir, hamısını özü yazıb. Sadəcə yazmağa başlayanda bir az səliqəli yazıb, sonra tələsib deyə hərflər iriləşib. Məktəb illərində yazdığı dəftərləri də prokurorluğa vermişik”.
Bibisi də İmranın sakit, həyatsevər biri olduğunu deyir: “Ən çox maşınlara marağı vardı. Onun anası tərəf ağır övliyadır, içki içən, pis əmələ qurşanan olmaz”. Bibisi bir də İmranı son dəfə görə bilməməsindən gileylənir: “İmkan vermədilər meyidə baxaq. Ancaq üz hissəsi görünürdü. Anası uzun illərdi xəstəxananın reanimasiya şöbəsində çalışır. Baxan kimi bilərdi ki, nə baş verib. Yaxına buraxmadılar”.
“Mən oğlumu dövlətdən istəyirəm”
Bu sözləri isə atası Şöhrət Şavəddinov deyir: “Mənə müxalifət lazım deyil, istəmirəm kimsə öz mənafeyini güdüb bizim adımızdan istifadə etsin. Mən oğlumu dövlətdən istəyirəm. Niyə aparmışdı, niyə öldü?”
Dərdli ata deyir ki, oğlunu cəsədini görəndə elə vəziyyətə düşüb ki, ona heç baxa da bilməyib: “Dedilər ki, guya mən gedənə qədər əl vurulmayıb. Özünü asdığını söylədilər. Məni hərbi hissənin komandiri, prokurorluq orqanının və MTN-in nümayəndəsi qarşıladı. Prokurorluqda olarkən Ağdaşdan olan bir əsgəri çağırdılar, 15 ayın əsgəridir, İmran onunla yaxınlıq edirmiş. Bir də çevik taborun komandiri gətirildi. Kim tapıb, harda tapıb, bilmirəm. Mən o adamlarla görüşməmişəm. Dedilər ki, istəyirsən özünü asdığı yerə bax. Gedib baxmadım. Guya baxıb nə anlayacaqdım ki? Deyilənə görə, avtoparkda “Kamaz” markalı maşının arxasından asıb. Son zamanlar demək olar ki, hər gün zəng edirdi. Deyirdi ki, imkan varsa, yerimi dəyişin. Biz də tanış-bilişə üz tuturduq ki, görək kim kömək edə bilər”.
Ş.Şavəddinovun sözlərinə görə, İmran evlərinə zəng edəndə vəziyyətindən gileylənirmiş: “Açıq danışa bilmirdi, çünki telefon sahibi dayanırdı yanında. Heç səsini güclə eşidirdim, elə deyirdim: “İmran, bərk danış”. Elə onu deyirdi ki, hər şeyi məktubda yazmışam. Hansı məktubda? Bizə onun açıq nəsə yazdığı məktub gəlməyib. Ölümündən əvvəl bir məktubu gəlib, onda da ümumi sözlərdir, konkret heç nə yazmayıb. Qardaşı ona 2 məktub yazıb, onlar da çatmayıb. Poçt sistemi necə işləyir, başa düşə bilmirəm. Hətta prokurorluq poçtdan ona göndərdiyim pullarla bağlı sənədi alıb, içərisində ilk dəfə göndərdiyim 50 manatlıq qəbz yoxdur. Hərbi hissənin həyətində poçt vardı, oradan da zəng edirdi. Ancaq heç nə deyə bilmirdi. Bircə onu deyirdi ki, çevik tabor çox pis yerdir, heç kiminlə ünsiyyət qura bilmirəm. Mənə prokuror da deyir ki, o, heç ünsiyyətcil deyilmiş. Dedim, ay kişi, sən nə danışırsan? Necə olur ki, o avtoparkda Xubiyarovla ünsiyyət qura bilir, amma öz kazarmasında yox? Andicmə mərasiminə getmişdim. Onda kefi kök idi, komandiri mayor Baxşəliyevdən də çox razılıq edirdi. Sonradan onları paylaşdırdılar. Ondan sonra vəziyyəti pisləşdi”.
İmran xüsusi xidmət orqanı nümayəndəsinin (osobist) sürücüsü olub. Son günlər hər gün atasına eyni sualı verirmiş: “Yerimi dəyişdirə bilmədin?” Nəhayət, əlacsız qalan ata Sərhəd Qoşunlarında çalışan bir həmyerlisinə ağız açıb: “O da zəng edib qərargah rəisinə deyib ki, uşağı çağır danışdır, gör problemi nədir. Rəis də söz verib ki, onun yerini dəyişəcəm. Hətta sərhəd söhbəti də oldu, dedim, hara istəyirlər dəyişsinlər, təki ordan getsin. Göndərmədilər, nə də bir dəfə çağırıb söhbət etmədilər. Hətta orda qərargah rəisindən soruşdum, dedi, hə, Kamil məllim zəng edib xahiş etmişdi. Dedim, nə olardı, bir çağırıb dərdini soruşsaydız? Onlarda vicdan deyilən heç nə yoxdu. Sağ-salamat uşaq göndərmişəm əsgərə. Kim qaytaracaq mənim oğlumu? Mənim uşağım dəli deyildi özünü assın. İntihar etməsinə inanmıram. Heç məktubunda da depressiya hiss olunmur. Uşağı öldürüb, sonra izi azdırmaq üçün asıblar. Mən ancaq belə düşünürəm. Sırağagün müstəntiq gəlmişdi bura, yazıb ki, özünü asıb. Deyirəm, sən bilirsən özünü asıb? Deyir, ilkin rəydi. Deyirəm, sənin fikrin əsas olmamalıdır e, sən yazmalısan ki, “asılmış vəziyyətdə tapılıb”, “özünü asıb” yox. Qəbələdə Turizm-Otelçilik Məktəbini bitirib, Bakıda yaşayıb, işləyib. Çöl-bayır görmüş uşaqdı, niyə əziyyətə qatlaşmasın?”
“Hərbi hissənin maşınını biz təmir etdirirdik”
Övladının sirr yeri olduğunu deyir anası Əzimə: “Nə sözü olsaydı mənə deyərdi, sirrini bölüşərdi. Hər gün danışardıq. Yalnız son üç gündə zəng etmədi. Bölük komandirlərindən çox narazılıq edirdi. Deyirdi: “Gecələr kazarmada elə hadisələr olur ki, dözə bilmirəm. Ağzımı açan kimi mənə deyirlər: “sən kəs, danışma””. Bir dəfə qolu yaralanmışdı, dava-dərman üçün pul göndərdik. Qalan bütün pulları maşın təmiri üçün göndərirdik. Qazancımız sürdüyü maşının təmirinə gedirdi. Hərbi hissənin maşınını biz təmir etdirirdik. Uşaq hərbi hissəyə çatana qədər bütün xərcləri də biz çəkmişik. Həkim nəzarətindən keçir, ona da pul istəyirlər. Bütün əsgər ölümlərində də eyni sözü deyirlər: “sevdiyi qız vardı” Hətta müstəntiq də bizdən bunu soruşdu. Dedim, mənim oğlumun 18 yaşı vardı, nə nişanlı idi, nə də hansısa qızdan ötrü dəli-divanə. Oğlumun ölümünə bu donu geyindirməyin. Ölümün səbəbini hərbi hissədə axtarın”.
Atası qarışır söhbətə: “Nə vaxt zəng edirdi, deyirdi: “naryaddaydım”. Başa düşə bilmirdik ki, gündə xidmət olar? Axı sürücülük etməyin özü də xidmətdi. Görünür uşağı başqasının yerinə işlədirmişlər. Çünki müstəntiq sənədləri yoxladı, bir ayda cəmi 3 dəfə xidmətdə olduğu qeyd olunmuşdu. Həmin günü də xidmətdən çıxıb, ondan sonra yox olub. 4 saatdan sonra tapılıb meyidi. O vaxta qədər heç kim maraqlanmayıb ki, bu əsgər hardadı. Hadisə hərbi hissənin avtoparkında olub. Harda imiş gözətçi? Necə olub ki, heç kim görməyib onun içəri keçdiyini?”
İmran Şavəddinovun ölümü ilə bağlı hələ tibbi-ekspertizanın rəyi açıqlanmayıb. Hərbi Prokurorluqdan ailəsinə bildirilib ki, rəy bir ay müddətinə veriləcək. Ailəsinə heç istintaqın gedişi ilə də bağlı məlumat verilmir.
Yeni dərs ili başladığından ailənin ikinci oğlu (artıq yeganə) Fəqan BDU-ya gəlməlidir. Övladı ilə birgə Bakıya gələcəyini deyən Ş.Şavəddinov Dövlət Sərhəd Xidmətinin rəhbərliyi ilə görüşməyi planlaşdırır.
Yas mərasimində
İmranın yas mərasiminə toplaşanlar başqa bir əsgərin – avqustun 31-də Ağcabədidəki hərbi hissədə dünyasını dəyişmiş, Ağdaş rayonunun Ləki kənd sakini Tural Zamanovla bağlı da məlumat verdilər. Deyilənə görə, T.Zamanov komandir tərəfindən cəzalandırılıb, çox qaçıb, sonra başı soyuq suya soxulub. Nəticədə leykoz xəstəliyindən əziyyət çəkən əsgər dünyasını dəyişib.
P.S. Leykoz kimi ağır xəstəliyin daşıyıcısı əsgərliyə aparıla bilərmi? Ümumiyyətlə, hansı xəstəliklərə görə hərbi xidmətdən azad olunursan? Bu sualların cavabını növbəti araşdırmamızda cavablandıracağıq
Aynur Elgünəş, xüsusi olaraq “Qafqazinfo” üçün
Fotolar Famil Mahmudbəylinindir