Narkozdan ölüm ola bilərmi?- - Araşdırma

narkozdan-olum-ola-bilermi-
Oxunma sayı: 9313


Günümüzün sağlamlıq problemləri içərisində cərahiyyə əməliyyatları xüsusi yer tutur. Bəzən həkimlərin müalicədən qabaq tələsik əməliyyat qərarı verməsi isə adi hala çevrilib. İndi xəstə əməliyyatın vacibliyi barədə fikirləşsin, yoxsa əməliyyat xofu ilə “savaşsın”? Əlbəttə ki, bu vəziyyətdə xəstənin psixoloji durumunu fikirləşən çox az adam tapılacaq.

“Qafqazinfo” olaraq narkoz barəsində mövcud miflərə aydınlıq gətirmək istəyərdim.

Narkoz olmasaydı...

İnsan sağlığının qiymətini bilməyəndə, bu biganəlik onu əməliyyat stoluna qədər apara bilir. Qaçılmaz olan cərrahiyyə əməliyyatına girən hər kəsi yalnız bir məsələ narahat edir. Görəsən, ağrım olacaqmı? Narkozdan ayılacağammı? “Birdən əməliyyat zamanı ayılaram”. Normal hesab olunan narahatçılığın isə əslində heç bir əsası yoxdur. Çünki bu məsələ həkim komandasını da bir o qədər narahat edir. Həkimlər arasında narkoz haqqında maraqlı fikir də gəzir. “Nə yaxşı ki, narkoz var, xəstə danışmaqla bizə mane olardı.”

Narkozun və ya tibbi dillə desək, anesteziyanın tarixi XIII əsrə gedib çıxır. İlk dəfə ispan təbib R. Lilliy efiri icad edib. 1846-cı ildə isə ABŞ-ın Boston klinikasında Ulyam Tomas Morton narkoz verərək xəstənin əməliyyatını keçirib. Elə narkozun da tarixi bu zamandan hesablanır. Bir an narkozsuz əməliyyat barədə fikirləşmək belə dəhşətli olardı.

Müasir anesteziologiya xeyli inkişaf edib, hətta istifadə olunan dərman preparatları daha da təkminləşdirilmiş, demək olar ki, insan orqanizminə zərərli deyil. Hər halda mütəxəsislər belə deyir.

Narkozdan ölmək mümkündürmü?

Narkoz barədə yayılmış doğru və ya yalnış məlumatlar var. Misal üçün, narkoz verilən insan sonrakı həyatında əsəbi olur, narkoz çox veriləndə beyin “quruyur”, narkoz veriləndə adam o biri dünyana gedir, sonra qayıdır, narkozdan sonra qusma xeyirlidir və s. Narkozun kimə və hansı dozada verilməsini, bu işi görən anestezioloqlar bilir. Elə hamını narahat edən suallara da şəhər xəstəxanalardan birinin təcrübəli anestezioloqu Eldar həkim cavab verir. Mütəxəsis həkim əvvəlcə bizi el arasında daha çox “narkoz” kimi istifadə olunan anesteziya haqqında məlumatlandırır. “ Cərahiyyə əməliyyatı yüngül və ağır ola bilər. Elə buna görə də xəstəni ağrılardan azad etmək üçün anesteziyadan istifadə olunur. Bu isə müxtəlif formada baş verir. Narkoz “dərin yuxu” deməkdir. Ansteziya bir neçə formada olunur. Kiçik əməliyyatlarda yerli( lokal) anesteziyadan istifadə olunur ki, bu da yalnız cərrahi müdaxilə olunan hissənin keyidilməsidir. Bu zaman xəstə ayıq olur, sadəcə ağrını hiss etmir. Diş çəkilməsi də buna misal ola bilər. Biri də var, ümumi anesteziya və ya ümumi narkoz. Bu isə mərkəzi sinir siteminin “söndürülməsidir”, dərman preparatlarının vena daxilinə yeridilməsi və inqalyasiya vasitəsiylə xəstənin süni yatızdırılmasıdır. Bu zaman xəstə istənilən həmlədə belə oyana bilməz. Onun əzələləri boşalır, hissiyat ölür. Bu vəziyyətdə saxlanılma əməliyyatın vaxtına və cərrahların tapşırığına əsasən davam edir. Peşəkar anestezioloq xəstənin sağlamlığı haqqında məlumat toplamalıdır. Hansısa xəstəliyi keçiribmi, hansısa orqanında problem varmı, hər hansı dərman preparatına allergik reaksiyası olubmu və.s. Bu məlumatlar həkim anestezioloq üçün çox vacibdir. Çünki çıxarılan nəticəyə uygun olaraq xəstəyə narkoz məsləhət görülür. Hər kəsin fərdi orqanizminə, yaşına, çəkisinə, sağlamlıq durumuna görə narkoz verilir.

Anestezioloq narkoz verən kimi cərahiyyə otağını tərk etmir, yaxın iki saat ərzində, hətta əməliyyat başa çatdıqdan sonra xəstəni müşahidə etməlidir. Bu mütləqdir. Xəstənin cərahiyyə stolunda narkozdan ölməsi çox nadir hadisə ola bilər. Müasir tibbi texnikanın imkanları ölüm riskini 0-a endirir. Çünki həmin avadanlıq sayəsində narkoz verilmiş xəstənin beyinin vəziyyəti, qanda oksigenin miqdarı, ağciyərlərin fəaliyyəti və s. kimi qeydləri bilmək mümkündür. Cərahiyyə əməliyytının uğurlu olmasının əsas şərtləri bunlardır: əməliyyatda iştirak edən həkim komandasının peşəkarlığı, müasir tibbi texnikayla təhcizat, ən əsas isə əməliyyata götürülən xəstənin sağlamlığı haqqında dəqiq və düzgün məlumat və müayinə qeydləri. Sonuncu ən əsas sayılır. Bəsən xəstə öz sağlamlığı barədə həqiqətləri gizlədir. Bu da onun həyatını təhlükədə qoya bilər. Yaxud, təcrübəmdə bir çox problemlər meydana çıxıb. Bu əməliyyatdan qabaq qidalanmayla əlaqədardır. Xəstə var ki, öskürəklə və ya yaxşıca yeyib gəlir. Bu doğru deyil. Əməliyyata gələn iki saat qabaq yüngül, duru nə isə qəbul edə bilər. Əks halda narkoz verilən zaman və ya sonra onun üçün narahatçılıq-qusma, öyümə olar.

Nəticə olaraq, xəstələrin əməliyyata ehtiyac yarananda qorxmamalarını məsləhət görərdim. Yalnız mütəxəsis və peşəkar, təcrübəli həkimlərə həvalə olunmasını arzulayardım. Narkoz barədə deyilən bir çox məlumatlar-“əsəbilik yaradır”, “yaddaş itir”, “beyin fəaliyyəti zəifləyir” kimi söhbətlər isə doğru olmayan məlumatlardır”.

Bir sözlə, ekspertin dediklərindən belə çıxır ki, narkozdan ölüm mümkün deyil. Yalnız xəstənin müayinəsi təcrübəli və bilikli həkimlər tərəfindən aparılmalı, diaqnoz doğru qoyulmalıdır, vəssalam.

Bəs spinal anesteziya nədir?

Anesteziyanın bir forması da var. Buna epidural və ya spinal anesteziya da deyilir. Yəqin ki, qeysəriyyə(kesar kəsiyi) yolu ilə ana olan xanımlar bunu daha yaxşı bilir. Əməliyyat yolu ilə uşağın dünyaya gətirilməsi zamanı hamilə qadının bel hissəsindən onurga kanalına iynə vurulur. Bu zaman onun qurşaqdan aşağı hissəsi keyidilir. Spinal anesteziya zamanı xəstə yatmır, sadəcə ağrı hissiyyatı olmur. Cərrahın, otaqda olanların, alətlərin səsini eşidir, amma “başı dumanlı olur”. Təəssüf ki, bu gün analığa namizədlər qeyzəriyyə yolu ilə ana olmağı seçirlər. Bu da ağrı hissindən azad olmaq üçündür. Amma normal doğuş olduğu halda, əməliyyata göstəriş olmadığı təqdirdə, bu yolu seçmək özü də sağlamlığa biganəlikdir. Bu arada qeyd edim ki, spinal anesteziyanın tarixi 1898-ci ildən başlanılır. Avqust Bir adlı həkim ilk dəfə onurğa kanalına kokain məhlulu yeridib. Uğurlu ekspriment sonralar ölüm hallarsız ötüşməyib. Bu səbəbdən bu üsulla keyitmə qadağan edilib. XX əsrin əvvəllərindən isə inkişaf etdirilən spinal anesteziya 50-ci illərdən daha sıx –sıx istifadə olunub. Spinal anesteziya haqqında da camaat arasında müxtəlif narahatçılıq var. Çoxu onurga kanalına vurulan iynədən sonra saatlarla özünə gəlmədiyini, küt baş ağrıları, baş gicəllənmələri olduğunu deyir. Amma mütəxəsislər bu şikayətlərin dərmanlara olan reaksiyadan irəli gəldiyini bildirir. Zamanla keçən ağrılar olduğunu qeyd edirlər.

Sonda tək onu vurğulamaq istəyərdim, nə sağlamlığınızı əldən verin, nə də narkozun “dadı”nı bilin.

Raminə Eyvazqızı