Ötən ilin sonlarına yaxın ölkə prezidentinin sərəncamına əsasən uşaq bağçaları Təhsil Nazirliyinin balansından alınaraq icra hakimiyyətlərinin tabeliyinə verilib. Həmin sənəddə uşaq bağçalarının, körpələr evinin və.s fəaliyyətlərinin müasir tələblər səviyyəsində qurulması ilə bağlı tapşırıqlar qeyd olunub.
Məlumat üçün deyək ki, Bakıda 300-dən çox bağça fəaliyyət göstərir. Bu da məktəbəqədər təhsil alacaq yaşda olan uşaqların yalnız 50%-nin təlim-tərbiyə almasına imkan verir. Məhz kifayət qədər bağça olmaması səbəbindən də bağçalarda normadan artıq uşaq qəbulu halları baş verir.
Qeyd edək ki, 2004-cü ildən bu günə kimi paytaxtda 11 məktəbəqədər təhsil müəssisəsi tikilib. Həmin tarixə kimi isə ümumiyyətlə, bağça tikilib istifadəyə verilməyib. Hazırda isə bir neçə bağçada təmir işləri davam edir.
Nəzərə almaq lazımdır ki, paytaxtda fəaliyyət göstərən bütün bağçaların çoxunun müasir tələblərə cavab vermir. Özəl bağçalarda isə ödəniş haqqı yüksək olduğundan, bu əksər valideynlərin büdcəsinə uyğun gəlmir. Bu yaxınlarda aparılan bir araşdırmaya əsasən özəlləşdirilməyə çıxarılan 100 bağçanın yalnız 7-si profili üzrə fəaliyyət göstərir.
Həmçinin vurğulayaq ki, “Təhsil haqqında” qanuna əsasən məktəbə gedəcək uşaqlar 5 yaşından bağçalara göndərilməlidir. Belə olan təqdirdə də uşaq bağçalarında sıxlıq yaranacağı heç kimdə şübhə doğurmur.
Belə ki, Təhsil naziri Misir Mərdanov da jurnalistlərə etiraf- açıqlamasında qeyd edib ki, qanunda yazılmasına baxmayaraq, onlar həmin məsələni nə bir, nə də beş ilə həyata keçirmək iqtidarında deyillər: “Bunun üçün çoxlu uşaq bağçaları tikilməli, məcburi köçkünlər uşaq bağçalarından köçürülməli və əsaslı təmir işləri aparılmaldır”.
Elə yeni mövsümün başlaması ilə əlaqədar olaraq valideynlər də bağçalarda boş yerlərin qalmamasından narahatdırlar.
“Qafqazinfo” olaraq məsələni yerindəcə öyrənmək məqsədilə paytaxtın Nərimanov rayonu ərazisindəki bir neçə bağçaya yollandıq.
Bağça müəllimləri gün ərzində uşaqlarını yerləşdirmək məqsədilə onlarla valideynin onlara müraciət etdiyini bildirib. Amma boş yerlərinin qalmadığını müraciət edənlərə deyirlər. Bir bağça müəllimi isə bizimlə söhbət zaman qeyd edib ki, 20-dən artıq uşağın qruplara götürülməsinə icazə verilmir: ”Amma bu il bu rəqəm bizdə 25 olub. 5 nəfər artıq uşaq isə icra hakimiyyətinin tanışlığı əsasında qəbul edilənlərdir. Sizin də icra hakimiyyətinizdə tanışınız varsa, problem deyil”- deyə bağça müəlliməsi əlavə edib.
Xatırladaq ki, sentyabr ayının 5-də Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının bağça müdirlərinin iştirakı ilə iclas keçirilib. Mer Hacıbala Abutalıbovun iştirakı ilə keçirilən iclasda 10-a yaxın bağça müdiri işdən azad edilib. Bir neçə müəssisə rəhbərinə isə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunub. Müdirlərin işdən azad olunmasına səbəb uşaqlara verilməsi nəzərdə tutulan ərzaq məhsullarının mənimsənilməsi və nəzərdə tutulandan artıq uşağın qəbulu olub. Mer hər qrupa 20-dən artıq uşağın qəbul edilməməsi barədə ciddi tapşırıq verib.
“Qafqazinfo” bağçalarda boş yerlərin qalmamasına münasibət öyrənmək üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladı. İcra hakimiyyətindən bildiriblər ki, yerin olmaması normaldır: “Əvvəl elə idi ki, tutaq ki, bir yerə 3 nəfər yerləşdirilirdi. Amma indi bir tərəfədn həm yeməyə, həm də uşaqların sayına görə bu işə nəzarət olunur. Biz də çalışırıq ki, bağçaları təmir edək, uşaqlar üçün şərait yaradaq. Amma öyrənmək lazımdır, hansı bağçada yer boşdursa, ora uşaqları yerləşdirmək mümkündür”.
“21-ci Əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyevin sözlərinə görə, bütün dünyada məktəbəqədər təhsilə ibtidai təhsildən də çox böyük önəm verilir: “Burada uşaq təfəkkürünün formalaşma prosesi, onların rasional oyunlara cəlb edilməsi, gigineya qaydalarına əməl etməsi, uşaqların müəyyən mərhələdə tərbiyə alması üçün çox mühüm pillə təşkil edir. Sovetlər dönəmində bu rəqəm bizdə 40-50 faiz təşkil edirdi. Amma birlik dağılandan sonra Təhsil Nazirliyinin tabeliyində olan vaxt bu rəqəm 13-15 faizə düşüb. Bu göstərici Finlandiyada 99 faiz, Hollandiyada 85 faiz təşkil edir”.
Ekspert bildirib ki, normal strategiya olmadığına və islahatlar ciddi nəticə vermədiyinə görə bizdə bu göstərici dəyişməyib: “Vəziyyətdən çıxış yolu kimi isə bağçaların Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsi çox ciddi səhv idi. Məlum qərar məktəbəqədər təhsilin keyfiyyətinin artırılmasına yönəlməyib. Bağçalarda kurrikulum prosesinin həyata keçirilməsi üçün icra hakimiyyətlərində struktur yoxdur. Özəlləşdirilməyə çıxarılan bağçaların öz profili üzrə fəaliyyət göstərməməsi valideynlərin istəklərinin yerinə yetməməsinə gətirib çıxarır”.
Uşaqların bağçaya getməməsinin birbaşa orta təhsilə təsir göstərən ciddi amil olduğunu qeyd edən ekspert bildirib ki, bağçalar nazirliyin balansında qalmaqla, islahatlar aparılmalı idi: “2009- cu ildə “Təhsil haqqında” qanuna dəyişiklikdə göstərilir ki, 5 yaşından uşaqların bağçaya getməsi zəruridir. Qanun bu sahədə əsas işlərin aparılmasına çağırış idi. Amma bu vaxta heç bir addım atılmayıb”.
Göründüyü kimi, paytaxt ərazisində əhalinin çoxluğu ilə əlaqədar kifayət qədər bağçaların fəaliyyət göstərməməsi uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbul olunmaları üçün ciddi problem yaradır. Hər il bu cür problemlə qarşılaşan valideynlər isə tezliklə əlavə uşaq bağçalarının tikilib istifadəyə verilməsini ümid edirlər. Əks halda təhsilimizin keyfiyyəti elə bu tempdə də qalmaqda davam edəcək.
Günel Türksoy