“Şagirdlər bir-birinə evdəqalmış kimi baxırlar” - İşə qaloşla gedən müəllimə

“Şagirdlər bir-birinə evdəqalmış kimi baxırlar”
Oxunma sayı: 5873

Qubaya çatıb Möhüc kəndinə getmək üçün taksilərlə maraqlanırıq. Qiymət bir az baha gəlir. Ancaq yaxınlaşdığımız bütün sürücülər sanki sözləşmiş kimi eyni cümləni deyir: “Xanım, siz o kəndin yollarını bilmirsiz!”

Bilmirik, öyrənərik deyib yollanırıq gənc müəlliməmiz Gülşən Yolçubəylinin dərs dediyi kəndə. Çala-çuxur, bir qədər palçıqlı dağ yolunu qalxdıqca həm iqlim, həm də ətraf mənzərə yavaş-yavaş dəyişir. Sarı palçıq tam olaraq ağ qarla əvəzlənəndə artıq dağ başına, yəni kəndə yaxınlaşdığımızı hiss edirik. 

Reportaj üçün Gülşən müəllimə ilə çoxdan razılaşsaq da, hava şəraitinə görə gedib çıxa bilmirdik. Deyir ki, hər dəfə bizim kəndə qonaq gedəcəyimizi şagirdlərinə deyəndə uşaqlar dərsə bəzənib-düzənib gəlibmişlər. Elə bu gün olduğu kimi. Onları çox həsrətdə qoymayıb birbaşa məktəbə yollanırıq. Bizi ilk qarşılayan da elə balacalar oldu. Pəncərədən boylanıb bizə əl edirdilər. 

Girişdə xeyli ayaqqabı görürəm: “Müəllimə, təzə məktəb olduğunu bilirdim, ancaq bu qədər də gözləmirdim. Hətta ayaqqabıları da soyunub girməliyik?” - deyərək əyilirəm ayaqqabımı çıxarmağa.

- Yox, yox, yollar palçıq olduğu üçün çoxu məktəbə kimi qaloş və ya başqa ayaqqabı ilə gəlib burada dəyişir. Əvvəllər mənə də qəribə gəlmişdi. Evdən çıxanda dedilər ki, qərəbliləri geyinim. Əvvəlcə heç nə anlamadım. Sonra başa düşdüm ki, burada qaloşa qərəbli deyirlər və məni xeyli palçıqlı yol gözləyir. Xoşbəxtlikdən qaldığım ev məktəbin yanındadır. 

- Möhücə gəlmək gözlədiyimdən daha çətin imiş. Gediş-gəlişdə hər hansı problem olmur ki?

- Artıq öyrəşmişik. Düzü, atam deyir ki, mən bu kəndə çatana kimi 10-15 oğlunu əsgərliyə göndərib gətirər. Ancaq əvvəl işlədiyim kəndin daha ucqar ərazidə olduğunu nəzərə alsaq, bu yol elə də uzaq gəlmir.

Uzun zamandır, yolumuzu gözləyən Gülşən müəllimənin rəhbəri olduğu sinfə qalxırıq. Onun sözlərinə görə, bu sinfi özü seçib ki, kiçik yaşlarından şagirdlərinin düşüncəsinə yaxşı mənada təsir edə bilim:

“Dərs dediyim yuxarı siniflər də var, ancaq o yaşda hansısa fikirləri dəyişmək çətin olun. Məsələn, 9-cu sinfin qızları bir-birlərinə artıq evdəqalmış kimi baxırlar. Oğlanların psixologiyası da tam fərqlidir. Nə qədər çalışsam da, onlarda bəzi düşüncələri dəyişə bilmədim. Odur ki, aşağı sinifdən özüm yetişdirmək qərarına gəldim. Burada 17 şagird var. Yaşım az olsa da, onları balam kimi görürəm. Elə olur ki, gecə yatanda da onları fikirləşirəm. Sonra öz-özümə gülürəm ki, bu nə hisslər, sevgidir belə? 

Əvvəllər görürdüm ki, uşaqlar arasında müəyyən ayrı-seçkilik var. Bir şagirdim digərlərinə baxanda nisbətən gec qavrayır, imkanları da elə də yaxşı deyil. Onunla oynamaq istəmirdilər. Bir gün nəzakətlə dərs izah edəndə başladı ağlamağa. Pərt oldum. Sən demə, əvvəl müəllimlər həmişə onun başına vurub, qanmaz olduğunu deyirlərmiş. Mənim xoş rəftarım ona təsir edib”.  

Dərs bitsə də, uşaqların evə tələsməməsi diqqətimizi çəkir. Sən demə, müəllimə onlara söz verib ki, dərsdən sonra birlikdə qartopu oynayacaq:

“Dərsdən sonra oxu saatımız olur. Ya da qar yağanda birlikdə əylənirik. Bu gün də söz vermişəm ki, dərslərini yaxşı oxusalar, onlarla qartopu oynayacam”.

Müəllimə sözünün üstündə durub uşaqlarla qartopu oynadıqdan sonra evə yollanırıq. Dediyinə görə, çox mehriban bir ailə ilə birgə qalır. Yaxınlıqdakı gölü göstərib deyir:

“Təyinatım bu kəndə çıxanda mənə dedilər ki, mərkəzdə göl də var. Mən də ətrafında quşlar olan, yaşıllıq içində böyük bir yer təsəvvür etmişdim. Gələndə gördüm ki, sadəcə qurbağalar quruldayan balaca bir yerdir. Bir xüsusiyyəti var ki, qışda donanda uşaqlar üstündə futbol oynayırlar”.

Qapıda bizi Məlahət xanım qarşılayır. Gülşən müəlliməyə deyir ki, otağı istidir, qalxsın, yoldaşı ilə indi gələcək. Qalxırıq, kitablarla əhatələnmiş balaca bir otaq. Burada gənc müəlliməmiz özü üçün kiçik bir dünya yaradıb. Deyir ki, internet, işıq olmadığı zamanlarda onun harayına yalnız kitablar çatır:

“İnternetin sürəti yox kimidir. İşıq söndüsə, burada həyat dayanır. Özüm film izləməyi çox sevirəm. Bir-iki günlük Qubaya, Bakıya gedən kimi tez siyahısını tutduğum filmləri yükləyirəm ki, burada izləyə bilim. Yoxsa, başqa bir edəcəyim iş yoxdur. Hə, bir də su gətiririk (gülür) ”.

Kəndin hazırda içməli su problemi olduğu üçün sakinlər ayaqlarını qalın geyinib dərəyə su gətirmək üçün gedirlər. Gedib-gəlməsi heç də asan olmayan palçıqlı yol artıq sakinlərin gündəlik həyat tərzinə çevrilib.

- Çətinlikləri bir-bir özünüz sadalayırsız. Bəs necə olub ki, illərdir ucqar dağ kəndlərində yaşaya bilirsiz? 

- Universiteti bitirəndə istəyirdim ki, çox uzaq, ucqar bir kəndə düşüm. İnsanın həyatında nələrisə dəyişmək və yaxud hamıdan qaçmaq istədiyi məqamlar olur. Deyəsən məndə də elə bir situasiya idi. Uzaqlıqlara baxıb kilometri ən çox olanı seçirdim. Hələ bu nədir ki?! Əvvəl qaldığım kənd tam dağın başında idi. Odun qırırdıq, evdə təzək yandırırdıq. Aylarla şəhərə gediş-gəlişimiz olmurdu. Bəzən elə olurdu ki, ərzağımız bitirdi, alternativ yollar axtarırdıq. Ancaq çox qəribədir ki, həmin kəndin insanları, düşüncələr çox qəribə idi. Orada tez köçən, oxumayan qıza bir qədər qəribə baxırdılar. Burada isə tam əksinə. 9-cu sinfə çatan qızların çoxu nişanlanır. Nə qədər çalışsaq da, oxumağa həvəsli olanlar belə artıq dərslərdən uzaqlaşır. 

Məlahət xala içəri girəndə qeyri-ixtiyarı söhbətimizdə durğunluq yaranır. Xala Gülşəni gülərək məzəmmət edir: “Yenə qızların tez ərə getməyindən gileylənirsən, hə?”

Gülərək söhbəti dəyişirik. 

“Oğlum Bakıda yaşayır, qızım isə evlənib. Bizə qalan elə Gülşəndir”-deyə Telman dayı söhətə başlayır. Uzun illərdir, kəndə gələn gənc müəllimələrə evinin qapılarını açan bu ailə üçün Gülşən ömürboyu unudulmayacaq bir addım atıb:

“Bizdə çox müəllimə qalıb. Eləsi var heç adını xatırlamıram. Ancaq Gülşən başqa aləmdir. 14 fevralda məni zorla evdən çıxardı ki, Məlahət xanıma hədiyyə alım. Mən də burada nə alacam? Üstümdə də bir-iki manat pul. Girdim mağazadan şokolad istədim, 5 manat dedilər. Ürəyimdə dedim, ay səni Gülşən, başıma nə oyunlar açırsan?! Evə gəldim ki, bizimki (Məlahət xanımı nəzərdə tutur) də siqaret qutusunu qırmızı iplə bağladıb gətirib. Bax, bu hadisəni heç vaxt unutmayacam”.

- Gülşən müəllimə, bəs özünüz neçə ildir ucqar kəndlərdə özəl günləri necə qeyd edirsiz?

- Qısaca olaraq onu deyə bilərəm ki, həmin günləri qeyd etmirəm. Mənim qarşımda iki seçim var idi və mən bu yolu seçdim. Çalışdığım müddətdə də bilirəm ki, mən iş üçün buradayam. Düzdür, ürəyim istəyəndə bir çay, kofe içməyə dost-tanışım yoxdur burada. Filmə, teatra gedə bilmirəm. Ancaq gələcəkdə danışmağa xeyli mövzum var. Mən nəvələrimə filan kinoya belə baxdım deyə danışsam onlara maraqlı gəlməz. Ancaq onlar dağın başında təzək yandırmağımı, ya da başıma gələn onlarla hadisəni sevərək dinləyəcəklər. 

- Gələcək planlarda nələr var?

- Bu, üzərimə götürdüyüm bir missiyadır. Hazırda məqsədim uğurla tamamlamaqdır. Tamamladıqdan sonra artıq özüm üçün nələrsə edəcəm. İlk növbədə yəqin ki, xaricdə təhsil almağı seçərəm. Bir sözlə, gələcəyə ümidliyəm.

Günel Hacı

Nuran Məmmədov











Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi