Azərbaycan jurnalisti “ölülər şəhərində” - Reportaj + Fotolar

azerbaycan-jurnalisti-oluler-seherinde
Oxunma sayı: 6179

Biləndə ki bu dünyada həqiqi dəyərini alanlar var, biləndə ki qadirlər kürsülərinin ağasıdır, biləndə ki İlahi ədalətin təntənəsi qaçılmazdır, onda yaşamaq feyzi bir an da tərk etmir adamı...

İnternetdə Dostoyevskinin məzarı haqda informasiyalara baxarkən bir mənbədə 350 min axtarışı görəndə anladım ki, sən demə, dövrün ehtiyacından doğulduğunu düşündüyümüz dahilər, bu dünyadan köçəndən sonra özlərinə daha böyük ehtiyac yaradırlar.

Əbəs deyilmir ki, Dostoyevski sevgisi dünyaya xəstəlik kimi yayılıb. Bir saytda 350 min axtarış ancaq Dostoyevskinin məzarıyla bağlıdırsa, onun dünya dillərinə çevrilmiş əsərlərinin və oxucularının sayını təsəvvür eləməyə əql acizdir. Görünür, hər bir dahi xalqının istedadını bəşəriyyətə etiraf etdirir.

Kimlər...

Sankt-Peterburqda üz-üzə yerləşən iki qədim Nekropol - açıq səma altında muzey var. XVIII əsrə aid bu nekropolda dövrünün və zamanının seçkinləri, bilginləri, dahiləri uyuyur. Bura bizim Fəxri Xiyabanla müqayisə oluna bilər. Nekropola daxil olmaq biletlədir. Burda kimlərin məzarı yoxdur: Dostoyevski, Lomonosov, Fonvizin, Karamzin, Jukovski, Çaykovski...

Nekropol

Bu yerin Nekropol adlandırılması dürüst qərardır. Nekropol sözünün hərfi mənası “Ölülər şəhəri” deməkdir. Qədim yunan dilindən götürülmüş bu söz bir qədər rəmzi məna daşısa da, ifadə etdiyi bütünlük baxımından qəbiristanlıq, fəxri xiyaban sözlərinə babdır. Ancaq mahiyyətcə biz buranı “Ölülər şəhəri” adlandırmalıyıq, o sarıdan ki, bu yer, həqiqətən də, böyük bir şəhərdir və bu şəhərin əksər sakini dünənin, günümüzün və sabahların yaşarı, ölməz şəxsiyyətləridir. Dirilərin şəhərləri tez-tez təzələnsə də, ölülərin şəhəri yüz illər öncəki görkəmindədir. Bu şəhəri isə nə qılınc, nə qalxan, nə ordu, nə şah, nə də siyasət qoruyur... Bu şəhəri qoruyan istedad, ölməz sənət, yaradıcılıq gücüdür...

Nə dostun var, nə düşmənin...

Nekropola daxil olarkən mənə yoldaşlıq edən qohumum məzarıstanın fanilik təlqin edən, ağrı-acılı günlərin yaddaşa yoldaşlıq edən günlərinin abu-havasından ürəyini xiffət sıyırır və xarakterinin paklığındandır ki, keçirdiyi hissləri gizlətmir və üzündən “Belə yerlərlə yoxam da” ifadəsi oxunur. Əl-qərəz, mənə görə bura gəldiyini etiraf edəndə qapının ağzında biletləri yoxlayıb ziyarətçiləri içəri buraxan “babuşka” o saat dillənir: “Niyə bəyənmirsiniz ki, buranı, bura çox gözəldir. Sakitdir, rahatdır, təmizdir. Burda insan aram olur. Mən çox xoşlayıram buranı. Sonra da Vısotskidən bir şeir oxuyur:

Məzarlıqda isə elə rahatdır...
Nə düşmənlər yoxdu, nə də ki, dostlar.
Hər şey mədənidir, hər şey qaydada,
Burada misilsiz firavanlıq var.

“Babuşka”nın səsindən də fanilik duyulur. Ömrünün qurtaracağında (Allah ömrünə ömür calasın) aqibətinə “yaxın əyləşməsi”, düzü, məni təsirləndirir. Gözlərində hər nə qədər “işıqlı dünyadan necə əl çəkim” ifadəsi oxunsa da, bir gün onun da hansısa hüzurlu bir qəbiristanlıqda əbədi susacağı, rahatlıq tapacağı günün dərki hakim kəsilib...

Hamı sağa!

Nekropola daxil olan kimi hamı birinci sağa yönəlir, Dostoyevskinin məzarının yanına gəlir. Şəkil çəkdirən kim, baxıb köks ötürən kim, dahinin məzarı qarşısında heyrətdən gözləri irilənən kim...

Qəribədir ki, bu məzarlıqda dəfn olunmaq üçün dahilik, böyük şəxsiyyət olmaq bəs eləmirmiş, çünki qəbir yerləri pulludur. Dostoyevski imkansız olduğuna görə ona “güzəşt edilib” – qəbir yeri üçün pul alınmayıb ailəsindən. Rusiyanın imkanları məhdud yazıçısına əsrlər əvvəl etdiyi güzəşt, indi bu Nekropola hər gün minlərlə ziyarətçi gətirir. Biletin qiymətinin elə də ucuz olmadığını nəzərə alsaq, dövlətin burdan əldə etdiyi gəlirin miqyası elə bilirəm çoxlarına qaranlıq qalmaz.

Qeyd edək ki, Dostoyevskinin həyat yoldaşı (Anna Qriqorevna Dostoyevski) və nəvələrindən biri (Andrey Mixoyloviç Dostoyevski) də burada basdırılıb. 1918-ci ildə Yaltada vəfat edən Anna Qriqoryevna Dostoyevskinin külünü, 1968-ci ildə həyat yoldaşının məzarının yanında torpağa gömüblər.

Üz-üzə

Dostoyevskinin Rusiyada bir neçə mənzil-muzeyi var. Bu mənzil-muzeylərdə yazıçı kirayə yaşayıb, bir ev abad edə, rahat güzəran əncama yetirə bilməyib. Məzarına baxa-baxa onun istedadına olunan “sitayiş” məni valeh edir. Adamlar... Sanasız ziyarətçilər...

Peyğəmbərlə bağlı belə deyirlər ki, o, peyğəmbər olana qədər çox sakit adam kimi tanınıb. Ancaq elə ki, peyğəmbər oldu, mövqe qazandı, cəmiyyətdə söz sahibinə çevrildi o saat düşmənləri, pisləyənləri, ayağının altını qazanlar çoxaldı, saysızlaşdı... Bəzi böyük söz adamlarının da bəxtinə belə tale sınaqları, keçilməzliklər yazılıb.

Məzarların arasında “başmaqseyri”nə başlamamışdan kitablardan bizə məlum olan, Dostoyevskinin keçdiyi ömür yolunu xatırlayıram: İnqilaba təşnə ürəyi, mübarizəsi, sürgün, senzura, hər yerdə onu addım-addım izləyən tale tufanı... Məzarın yanında olandasa peyğəmbər kimi mövqe qazanandan, tanınandan sonra Dostoyevskinin çəkdiyi əziyyətləri, düyünlü taleyini düşünürəm və elə bil yaddaşım təzələnir: Çoxdan oxuyub unutduğum, Dostoyevskinin sevdiyi, aludəsi olduğu, tez-tez təkrarladığı Oqaryovun bu misraları yaddaşımda yenidən dirilir:

Mən qədim "Tövrat"a baxıb fal açdım,
Ağlayıb dərindən çəkdim içimi.
Dedim: fələk məni dərdlərə salsın –
yaşatsın, öldürsün peyğəmbər kimi.

Nekropol

Aleksandra Nevski Meydanı 1-də yerləşən bu Nekropol – Dövlət Şəhər Heykəltəraşlığı Muzeyi, Sankt-Peterburqun ən qədim qəbiristanlıqlarından biridir və açıq səma altında yeganə muzeydir. XVIII əsrin əvvəllərində burda monastır olub. Burda üç əsr bir-birinə qovuşub: XVIII, XIX və XX əsrlər. Girişdə ziyarətçilərə Nekropolun xəritəsi təqdim edilir. Nömrələrlə istiqamətləri təyin etmək və məzarları tapmaq olur. Muzeyin əsası 1932-сi ildə qoyulub. Burada memorial abidələr düzəldilir, bərpa edilir və qəbirüstü abidələr müxtəlif ölkələrdən olan heykəltəraşların əl işləridir.

Dostoyevskidən başqa məzarı daha çox ziyarət edilənlərdən biri də Çaykovskidir. Burda da şəkil çəkdirmək, məzara tamaşa etmək üstündə növbədir.

Seçilmək

Həyatın hər məqamında seçilən olmaq öz işini görür, hətta qəbir evində də. Elə məzarlar var ki, onların üzərindəki adı, yalnız axtardığın məzarı tapmaq üçün istəmədən oxuyursan, görəndə ki, sən axtardığın məzar deyil dərhal yanından uzaqlaşırsan... Ancaq elə məzarlar da var ki, onu tapmaq üçün hər zəhmətə qatlaşırsan. Hər sırada, hər cərgədə, hər qrupda, layiqsiz, istedadının gücü ilə ucalmayanlar olduğu kimi, burda da uyumağa layiq olmayanlar yəqin var. Ancaq istedad, ölməz sənət çatılmaz olduğundandır ki, belələri burda sadəcə “kölgələr” kimi görünür...

Gözəl

Ölüm gözəldir, budur pərdə arxasından xəbər...
Əgər gözəl olmasaydı ölərdimi Peyğəmbər?

Nəcib Fazil Qısakürəkin ölümü sevdirən bu misraları da haqqa qovuşmaqla bağlı izahıçətin sualları ikinci plana keçirir. Bu cür bəşəri simaların vəfatından sonra ölüm, doğurdan da, toy-bayramdır. Məzarların arasıyla gəzə-gəzə düşünürəm: Deməli, insanı nə qədər xatırlayırlarsa, sevirlərsə, o qədər yaşayır. Adi insanların yaddaşlarda ömrü uzağı nəvəsinin, nəticəsinin ömrü qədər olur, dahilərsə hər doğulan körpəylə, hər oxumağa, yazmağa başlayan uşaqla birgə bir də doğulurlar, yenidən həyat qazanır, alın yazıları elə bil bir daha təzələnir.

Kimlər...

Nekropolda aktyor, rəssam, şair, yazıçı, tərcüməçi, arxitektor, kitabxanaçı, alim, bəstəkar və rəssamların məzarları var. Cəmi 183 məzar var burda. Təbii ki, bütün məzarların qarşısında bir-bir dayanmaq, hamısına baxmaq çətin məsələ – səbri sınağa çəkən işdir. Ancaq demək olar əksər məzarlara bir-bir baxdım... Burda Kenafatlar da yerləşir. Vəfat edən bəzən uzaqda olanda doğmaları onun xatirəsi üçün abidə hazırlatdırırlar, istəyirlər ki, ondan xatirə qalsın. Bu cür kenefatlar bu məzarlıqda az deyil.

Bundan savayı, Rusiyada inqilaba qədər baş daşlarına xristian simvolları həkk olunduğuna görə koministlər onları dağıdıblar, muzey yaradılandan sonra muzeyin fondu tərəfindən yenidən həmin məzarlar bərpa edilib.

Krılov

Olur ki, tale bəzən adamı tülkü kimi hiyləgər, canavar təkin yırtıcı, aslan kimi acgöz, ayı sayaq kobud bəzi adamlara rast salır. Belədə adam özünü bu gözəl dünyanın yox, Krılovun təmsillərinin “sakini” kimi hiss edir. Nəhayət, Krılovun məzarının yanına gəlirəm və ürəyimdən ilk keçən bunlar olur: “Mən tanıyan heyvanxislətliləri sən də tanısaydın, bəlkə yazdıqlarından min qat artığını yazardın...”

Hazır

“Özünə qəbir yeri yox, özünü qəbrə hazırla” – bu sözlər Xəlifə Əbubəkirə aiddir. Burdakı məzarlarda uyuyanların çoxu özünü qəbirə hazırlayanlardır. Hərəsi öz sahəsində, sənətində... Onlardan biri də Lomonosovdur...

Lomonosovun 3 rəngdən digər rənglər almaq, Venerada atmosferin mövcudluğu və s. kimi kəşfləri, Moskva Universitetinin yaradılmasındakı təşəbbüsü haqda çox eşitmişik. Şair kimi də qələmini sınayıb. Çox yox, amma bəzi seçilən, fərqli, adilikdən çıxmış misraları var.

Ədəbiyyatın amantanımazlığı ondadır ki, dahiylə eyni dövrdə doğulmaq başqa şairlərin şöhrətinin üstünə kölgə salır, qoymur həmin şöhrət min budaq olsun, şaxələnsin. Lomonosovun da şair taleyi – yaradıcılıq illəri dahi Puşkinlə eyni əsrə düşmüşdü. “Puşkinin ölümünə Şərq poemasında” Mirzə Fətəli Axundzadə Puşkin dövrünün mənzərəsini, onun çatılmaz zirvə olduğunu belə yaratmışdı:

Ah, o dəmlər, a dostum, Lomonosov, deyirlər,
Ülvi bir gözəlliklə yazıb inci şerlər.
Şeyriyyət dünyasını bəzəmişsə də, lakin
Puşkinin quş xəyalı olmuş o yerdə sakin

Bu nekropolda Lomonosovun nəvəsi olan Marina Nikoloyevna da öz körpəsiylə dəfn olunub. Onun həyat yoldaşı dekabrist olub, dövrəzidd, əsrəxilaf əməllərinə görə sürgün edilib. Bir gün Marina Nikoloyevna körpəsiylə ərinin yanına Sibirə gedəndə həmin körpə yolda soyuqdan ölüb və yoldaca dəfn olunub. Marina öləndə vəsiyyət edib ki, məzarımın üstünə körpəsinin də adı yazılsın. Beləliklə, bu məzarda 2 nəfər uyusa da, 3 nəfərin adı həkk olunub...

Bunlar da...

Yuxarıda bu nekropolda uyuyan şair və yazıçıların adını çəkdim, ancaq burda başqa dahilər də uyuyur. Onlardan ən tanınmışları bunlardır: L.Eyler, E.S.Karneva, S.Y.Vitte, İ.P.Matros, N.N.Lanskaya, K.İ.Rossi, O.S.Pavlişeva, İ.T.Lisenkov, A.P.Boradin, M.İ.Qlinika, İ.İ.Şişkin, A.İ.Kuindji, N.K.Çerkova...

Karamzin

Karamzinin məzarı Dostoyevskidən bir qədər arxada yerləşir. Məzarın üstündəki yazı elə yerləşdirilib ki, qəbri tapmaq bir az çətindir. Ancaq nekropolun xəritəsinə baxa-baxa gəlib tapıram.

Karamzinin tez-tez işlətdiyi sözlərdən biri isə bu olub: “Mən ancaq tarixlə xoşbəxtəm”. Artıq 3 əsrdir ki, Karamzin də dünya üçün tarixi şəxsiyyətdir və onu xoşbəxt edən tarixin bir hissəsidir. Burada Karamzinin ikinci həyat yoldaşı, qızları və kürəkəni də dəfn olunub. Dostoyevski vəfat edəndə keşiş dahi yazıçının pravoslavlığı ləyaqətlə qoruduğu üçün bu məzarlıqda uyumağa layiq olduğunu ailəsinə bildirir və ədibin həyat yoldaşına qəbiristanlıqda istənilən yerdə yer seçmək şansı verir. Həyat yoldaşı Dostoyevskinin Karamzin və Jukovskiyə hörmət və ehtiramını nəzərə alaraq, ərinin onlara yaxın dəfn olunmasını istəyir. Dəfn olunandan 2 il sonra X.K.Vasiliyev və N.A.Lavereskay tərəfindən Dostoyevskiyə qəbirüstü abidə ucaldılır. Karamazinin qəbrinə yaxın bir başqa məar yazar Jukovsknindir. Onun qəbirüstü abidəsi 1857-ci ildə heykəltəraş P.Klodot tərəfindən hazırlanıb.

Fonvizin

Fonvizin üslubu rus ədəbiyyatının formalaşmasına, sonrakı inkişafına zənnimcə dövründə ciddi təsir edib. Ədibin məzarı üstəsə bu sözlər yazılıb: “Bu daşın altında mülki müşavir, satirik yazıçı, tərcüməçi və məqalələr müəllifi Fonvizin uyuyur. O, 1745-ci ilin aprelin 3-cü günündə doğulub və Allah qarşısına 1792-ci ilin dekabrında çıxıb. Yaşadığı ömür 48 il, 7 ay, 28 gün olub”. Onu da deyim ki, bəzi mənbələrdə onun doğum tarixi 14 aprel kimi göstərilir.

Bəla

Bu məzarıstanın, nekropolun “başı” qeyr-qalda olub, zaman-zaman dağıdılıb, sonralar yenidən bərpa edilib. Ötən əsr buradakı kommunist məzarları dağıdılıb. Müharibə vaxtı alman işğalının xofundan bəzi məzarlar gizlədilib. 1942-ci ildə hava hücumları vaxtı atılan bombalardan biri aktrisa Aksinkovanın məzarına düşüb, zərbədən kənardakı bir neçə məzara də ciddi ziyan dəyib. 1947-ci ildə yenidən nekropol – muzey kimi fəaliyyətə başlayıb. 1960-70-ci illər ərzində yenidən bərpa edilib, məzarların yanındakı daş piltələr, çaxçaxlar düzəldilib... nekropola atılan bombalardan, burada gizlədilən, dağıdılan, çıxarılan məzarlardan görünən odur ki, yaşadığı müddətdə dahilərə, seçkinlərə dinclik, can rahatlığı olmadığı kimi, öləndən sonra da onlara “dinclik” yoxdur...

Fərid Hüseyn
Xüsusi olaraq “Qafqazinfo” üçün