Jurnalist Eynulla Fətullayev rəhbərlik etdiyi “haqqın.az” saytında sensasion məqalə ilə çıxış edib. “Qafqazinfo”nun məlumatına görə, jurnalist ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən Milli Demokratiya İnstitutunun ölkədə “facebook inqilabı”nı reallaşdırmaq üçün 2 milyon dollar maliyyə vəsaiti ayırdığını iddia edib. Məqalədə hələ 2011-ci ilin martın 7-də, “ərəb baharı”nın qızğın dövründə İnsitutun rəhbəri Aleks Qriqoryevsin Ədliyyə Nazirliyinə çağırılması və ona rəhbərlik etdiyi nümayəndəliyin bağlanmasını tələb edən məktubun verilməsindən tutmuş, ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbraytın Milli Demokratiya İnstitutunun fəaliyyətini bərpa etməsi üçün şəxsən prezident İlham Əliyevə müraciət etməsi kimi faktlar yer alıb.
Amerika xüsusi xidmət orqanları ilə sıx əlaqəsi olan İnstitutun xüsusən də bu regionda müxtəlif siyasi layihələrə fantastik maliyyə vəsaiti ayırdığı bildirilir.
Məqalədə həmçinin Azərbaycanda olduğu üç il ərzində İnstitutun rəhbəri Aleksin yerli banklardan öz hesabından təxminən 2 milyon dollara yaxın pul çıxartdığı, lakin həmin pulun hansı istiqamətdə xərclənməsi ilə bağlı İnstitutun rəsmi saytında heç bir məlumat verilmədiyi qeyd olunur:
“Aleksin milyonlarına qayıdaraq bir şeyi qeyd etmək istəyirəm ki, 2010-cu ildə A.Qriqoryevs hesabından 27 dəfə ümumi dəyəri 590, 770, 2011-ci ildə 744,556, ötən il isə 628 min 545 dollar olan pul çıxarıb. Nəzərə alsaq ki, NDİ ənənəyə uyğun olaraq, gizli şəkildə kiçik qrantlar verir, o zaman təxmin etmək olar ki, pullar qrantların verilməsi üçün çıxarılıb, elə deyil? Lakin problem ondadır ki, Azərbaycanın bütün ictimai sektoruna bəllidir ki, NDİ çox az qrantlar ayırır, təxminən 8 mindən, maksimum 15 minə qədər. Fərz edək ki, təşkilat ildə 10 gənclər təşkilatının (Azərbaycanda daha artığını tapa bilməzsən) fəaliyyətini dəstəkləyir və götürək ki, institut onlara ümumilikdə 100 min dollar ayırıb , bu zaman kifayət qədər ədalətli və məntiqli sual yaranır: yerdə qalan pullar hara xərcləndi? Xüsusən də, institut siyasi partiyalara dəstək və onlarla əməkdaşlıq proqramından imtina edib. Bəs niyə görə institut öz saytında maliyyə xərcləri ilə bağlı informasiya təqdim etmir? O zaman bu qədər böyük pullar hara xərcləndi? Bəlkə facebook inqilabına?”
Məqalənin Azərbaycan dilinə tərcümə olunan tam versiyasını sabah Qafqazinfo.az saytından oxuya bilərsiniz.
Son xəbərlər
Son Xəbərlər