“Azərbaycanda qadının nağara çalmağına pis baxırlar”

azerbaycanda-qadinin-nagara-calmagina-pis-baxirlar
Oxunma sayı: 1697


Natiq Şirinovla görüşəndə “Yaşıl” teatrda keçiriləcək konsert proqramına hazırlaşırdılar. Məşqlər H. Z. Tağıyev adına musiqi məktəbində keçirilirdi. Əməkdar artist, mahir zərb alətləri ifaçısı söhbətə başlamazdan əvvəl bizi qrupun məşqlərini izləməyi təklif etdi. Məmnuniyyətlə qəbul etdik. Və əyləşdik.

Qrup rəhbəri son tapşırıqları verdi və budur nağaranın səsi gəlir. Öndə Natiq bəy olmaqla ritm komandası ona müşayiət edir. Barmaqları nağaranın pərdəsinə dəydikcə fərqli ritmlər bir-birini əvəz edir. Ard-ardına “Nağararitmləri”, “ Qatar”, “Sarıgəlin”, “Bayatı” kimi musiqilər səsləndi. Natiq bəy nağarasını dizindən yerə qoydu. Deyəsən saat yarımlıq məşq bitdi. Ritmin natiqi Natiq Şirinovla söhbətə başlayırıq.

- Bəlkə, bir az şablon olacaq, amma gəlin, əvvəldən başlayaq. Bu sənətə gəlişinizdən danışaq.

- Zərb alətlərinə uşaqlıqdan həvəsim vardı. Tofiq İsmayılov adına musiqi məktəbində Azər Əliyevdən dərs almışam. Mən hər şeyi ondan öyrənmişəm. Professional sənətə isə 1993-cü ildə qədəm qoydum. Alim Qasımovun ansamblında da fəaliyyət göstərmişəm. Nağara sənətini bir çox xarici dövlətlərdə təmsil etmişəm.

- Nağara sənətinin incəliklərini öyrənməyə neçə yaşdan başlamaq lazımdır?

- Bu elə sənətdir ki, hər yaşda nə isə öyrənmək olur. Nağara çalmağa 6-7 yaşından başlamaq lazımdır. Beş il Azərbaycan ritmlərini, bir o qədər də mənim qoyduğum ritmləri və sayları öyrənir. Uşağın on altı yaşı olur, on il təcrübə yığmalıdır, üç il öyrəndiklərini sorğu-sual edir. Səhnəyə isə otuz yaşdan sonra çıxa bilər.

- Elə yaranandan qrupun adı “Natiq” idi?

- Qrupu iki tələbəmlə birlikdə qurdum. O zaman adı “Ümid” iydi. Oğlumun adını qoymuşdum. Söhbət 1999-cu ildən gedir. Sonra gördüm Türkiyədə “Ümid” adlı ritm qrupu vard, darbukada ifa edirdilər, istəmədim təkrarçılıq olsun. Adını dəyişib “Natiq” qoydum. Özüm adım natiq olduğu üçün bu adı seçməmişəm. Natiq – yaxşı danışmaq qabiliyyətinə malik olan, gözəl danışmağı bacaran insanlara deyilir. İstəyirəm ki, bu qrup da nağara sənətinin mahir ifaçılarından olsun, ritmin bütün incəliklərini öyrənsinlər.

- Görürük ki, tələbələrinizin hamısı oğlandır. Qızların bu sənətə marağı yoxdur, yoxsa bu sənət kişi sənəti adlanır?

- Bizim adət-ənənəmiz var. Əslində nağara çalan qadın əməkdar artistimiz var. Mən oxuyan vaxt Samirə və Gülər adlı qızlar da nağara sənətinin incəliklərini öyrənirdi, indi toylarda nağara çalan qızlar çoxdu. Azərbaycanda qadının nağara çalmağına pis baxırlar. Mənim qızım nağara çalırdı, anası qoymadı. Bir dəfə baldızımın qızı ilə efirə də çıxıb və saçlarını tərpədə-tərpə ifa edib. Sonra anası qoymadı, mən də fikirləşdim ki, haqlıdı. Amma istəyərəm ki, qızlar da nağara çalsın.

- Oğlunuz da qrupunuzda ifa edənlərdəndi. Onun gələcəyini necə görürsüz?

- Oğlumun nağara sənətinə böyük marağı və qabiliyyəti var. İndi keçid dövrüdü, sümüklər böyüdükcə çalmaqda çətinlik çəkir, əlləri, qolları ağrıyır. Ona görə müalicə alır. Konsertimizdə o da ifa edəcəkdi, hətta bizim deyişməmiz olmalıydı. Konsertə kimi ağrıları keçsə, onu da səhnədə görəcəksiz. Ümid qabiliyyətli uşaqdı. İnanıram ki, gələcəkdə bu sənətdə öz sözünü deyə biləcək.

- Nağara sənətiylə ailə saxlamaq olur?

- Təbii ki! Hər kəs gəlir əldə etmək istəyir, dünyavi işlər üçün bu vacibdi. Ancaq mən sənəti pula satmaram. Tələbələrimə də demişəm ki, on manat da qazana bilərsiniz, yüz manat da. Amma sənətinizi hər zaman üstün tutun. Hazırda məşq etdiyimiz salon uçub dağılırdı. Mən Allahın izni və öz zəhmətimlə buranı təmir etdirdim. Heç kim bizə dəstək olmayıb. Heç vaxt varlanmaq arzusunda olmamışam. Allah zəhmətimi yerdə qoymayıb, əziyyətimin əvəzini verib.

- Toylara gedirsiz?

- Gedirəm! Yarım saata beş min alıram. Toylar müğənnisiz, eləcə də nağarasız keçmir. Bəziləri elə düşünürlər ki, nağarasız toy gedər, müğənnisiz getməz. Amma əslində müğənnisiz toy olar, amma nağarasız olmaz. Çünki nağara, qarmon, klarnet birləşəndə musiqi yaranır. Müğənni isə musiqisiz toy apara bilməz. Ömrümdə üç dəfə bütün toyu aparmışam. On beş min manat aldım və öz istədiyim proqramı ifa etdim. Bütün toy deyəndə arada başqalarının çıxışları olurdu. Yoxsa belə yüz minə də razılaşmazdım. Səbrim çatmaz! Biz ara mahnıları ifa etmirik. Adam ola deyə ki, yüz min verirəm “Sənin olsun” mahnısını çal. Onda da “çalmaram” desəm yalan olar. Səhnədə sənəti satmırıq, lakin toylara da pul qazanmaq üçün gedirik.

- Nağarada ifa edəndə nə hiss edirsiz?

- Bəziləri deyir nağarada ifa edəndə göydə uçuram, mələkləri görürəm. Mən isə elmlə ifa edirəm, canımla əlləşirəm, xırdalığı yerində vermək, ritmdən çıxmamaq haqqında düşünürəm.

- Sabah konsertiniz olacaq. Bu barədə nə deyə bilərsiz?

- Həmişə konsert verməyə hazırıq. İlk konsertim 2006-cı ildə saat yarımlıq olub. Konserti musiqi ilə doldura bilməyənlər qonaqlar dəvət edir. Bizim işimiz çətindi. Çünki saat yarım yalnız özümüz ifa edirik. Əslində konsert bir saat on dəqiqə olmalıdı. Yoxsa üç saat konsert verirlər, camaat dəng olur. Mənim ən çox qorxduğum tamaşaçını bezdirməkdir. Üç insan mənə min insana bərabərdir. Sentyabrın 6-da keçirilən konsertə gələn tamaşaçının sayından asılı olmayaraq konserti keçirəcəyik və ürəklə ifa edəcəyik. Çünki onlar pul ödəyib gəlir. Konserti insan sayına görə, təşkil etmək doğru deyil. “Muğam” mərkəzi iki yüz nəfər yer tutur. Orada möhtəşəm muğam konsertləri keçirilir. Belə çıxır muğam kiçik sənətdir az adam gəlib dinləyir? Muğam dünyada bir nömrəli sənətdir. Sənəti kütləylə ölçməzlər.

- Konsertə qədər bu əskikləri tamamlayıb tamaşaçının qarşısına çıxa biləcəksiz?

- Əskik çoxdu, çoxunu siz hiss etmədiniz. Vurulmayan udarlar, üzərindən keçdiyimiz ritmlər oldu. Lakin bu əskiklər tam düzələcək. Əslində peşəkar insan bu əskikləri hiss etdirməməlidi. Düşünürəm ki, konsert zamanı bütün bu əskiklər aradan qalxmış olacaq və tamaşaçıya musiqili xoş anlar yaşadacağıq.

Könül