“Bəzən həkimlər düzgün diaqnozu təyin edə bilmir”

bezen-hekimler-duzgun-diaqnozu-teyin-ede-bilmir
Oxunma sayı: 1586

“Cari ilin fevral ayının 15-dək icbari tibbi sığortanın tətbiq edildiyi 23 regiondakı tibb müəssisələrinə 381 482 nəfər tərəfindən 607 063 müraciət edilib”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransında deyib. Sədr bildirib ki, bu müraciətlər üzrə 1 321 592 tibbi xidmət göstərilib.

Ən çox vətəndaşın müraciət etdiyi regionlar Mingəçevir (76 992), Yevlax (48 325), Xaçmaz (43 030), Şəki (42 896) və Qəbələdir (42 874). Ən çox tibbi xidmət göstərən tibb müəssisələri Mingəçevir şəhər Mərkəzi Xəstəxanası (244 747), Yevlax rayon Mərkəzi Xəstəxanası (108 376), Ağdaş rayon Mərkəzi Xəstəxanası (92 151), Xaçmaz rayon Mərkəzi Xəstəxanası (72 757) və Şəki rayon Mərkəzi Xəstəxanasıdır (84 350).

Z.Əliyevin sözlərinə görə, tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək məqsədilə respublikanın 13 inzibati ərazi vahidi üzrə tibbi ərazi bölmələri yaradılıb. Hazırda icbari tibbi sığortanın tətbiqi 5 tibbi ərazi bölməsini əhatə edir: “Həmin tibbi ərazi bölmələri üzrə müraciət sayına gəldikdə deyə bilərəm ki, fevralın 15-dək ən çox Şəki – Zaqatala tibbi ərazi bölməsinə müraciət edilib. Şəki – Zaqatala üzrə 169 204, Bərdə – Yevlax üzrə 149 683, Quba – Xaçmaz üzrə 124 350, Göyçay – Kürdəmir üzrə 83 562 və Dağlıq Şirvan üzrə 80 264 müraciət qeydə alınıb”.

Ən çox müraciət edilən xəstəliklərə gəldikdə isə müraciətlərin böyük əksəriyyəti yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası xəstəliyi ilə bağlı olub. Ən çox müraciət edilən xəstəliklər sırasında ümumi tibbi baxış, yüksək qan təzyiqi, digər ümumi baxışlar, insulindən asılı olmayan şəkərli diabet və s. xəstəliklər yer alır.

O, qeyd edib ki, yanvar ayı ərzində ümumilikdə 242 nəfər həyati vacib-dəyəri yüksək olan əməliyyatlardan yararlanıb: 

“Bir il ərzində səhiyyə sisteminin tam dəyişməsini gözləmək o qədər də məntiqi addım olmaz. Ancaq biz illər ərzində yeni bir sistemlə səhiyyə sahəsinin təkmilləşdirilməsinə çalışacağıq. Problemlərimiz var. Kəndlərdə yerləşən tibb məntəqələrinin vəziyyəti o qədər də yaxşı deyil. Həkim və avadanlıq çətinlikləri var. Bölgələrdə bəzən həkimlər düzgün diaqnozu təyin edə bilmir. Ancaq biz əlimizdən gələni edəcəyik ki, problemlər aradan qalxsın".

Günel Hacı