Müxalifət üçün vahid namizəd tapıldı – Müsahibə

muxalifet-ucun-vahid-namized-tapildi-musahibe
Oxunma sayı: 788


Bütöv Azərbaycan Gənclər Təşkilatının sədri, Ümid Partiyasının sədr müavini Ruslan İzzətlinin “Qafqazinfo”ya müsahibəsi:


- Rəhbərlik etdiyiniz BAGT Əbülfəz Elçibəyin vaxtında daha aktiv fəaliyyət göstərirdi. Amma indi elə deyil. Səbəb?

- Elçibəyin vaxtında güclü ola bilər. Çünki onun kimi böyük şəxsiyyətin vaxtında bizim təşkilatın əsas ideyası bütöv Azərbaycan idi. Bu günsə Azərbaycanda müxtəlif ideya və ideologiyalar var. Onlara daha çox dəstək var nəinki milli təfəkkür daşıyıcılarına. Təbii ki, bu da passiv olmağa əsas vermir. Güc qoysaq, daha güclü olarıq. Təşkilatımızı 2009-cu ildə yaratmışıq, lakin artıq 12 rayon şöbəmiz var.

- Axı BAGT Elçibəyin dönəmindən mövcud idi?

- Bəli o dönəmdən mövcud idi, lakin bir sıra partiyalar bizə belə bir təşkilatın olmasından xəbərsiz olduqlarını dedilər. Əvvəllər Bütöv Azərbaycan Tələbə Hərəkatı fəaliyyət göstərirdi, daha sonra onu Gənclər Hərəkatı ilə əvəzlədik və nəhayət Hərəkatı Təşkilat etdik. BAGT Elçibəyin yaratdığı bir qurum olduğu üçün onu yenidən bərpa etmək qərarına gəldik. BAGT bu gün müstəqil bir qurumdur.

- Elçibəyin zəhərlənməsi ilə bağlı xəbərlər son vaxtlar mətbuatın gündəmini tutur. Sizin təşkilat bu iddialar barədə nə düşünür?

- Azərbaycan hakimiyyətinin yaxud kimlərinsə Hafiz Hacıyev kimi tiplər vasitəsilə bir iddia qaldırması gülüncdür. Burada Elçibəysevərlik yoxdur. Əgər bu insanlar Elçibəyi sevsəydilər, zamanında ona eks-prezident statusu verərdilər, müayinə olunması üçün xaricə getməsinə şərait yaradardılar. Əsassız iddialardır. Qarşıdan böyük bir siyasi proses, 2013 prezident seçkiləri gəlir. Diqqəti hədəfdən yayındırmaq üçün bu məsələni ortaya atıblar. Təəssüf ki, bəzi media orqanları, dostlarımız Hafiz Hacıyev və digərlərini ciddi qəbul edərək bunu bir qədər də qabartdılar. Bu Elçibəy və Elçibəysevərlərə ziddir. Əgər belə bir ciddi bir məsələ varsa bunu Azərbaycanda yox, yatdığı xəstəxanada araşdırılmalı və qərar verilməli idi. Lakin Elçibəyin yanında olmayan insanların bunu qaldırması gülüncdür. Məsələn Hafiz Hacıyev əvvəl deyirdi ki Elçibəy mənə deyib, daha sonra dedi ki, Sülhəddin Əkbərə deyib. Bu göstərir ki onun iddiaları əsassızdır. Məqsəd gündəmdə qalmaq və insanları əsas hədəfdən yayındırmaqdır.

- Elçibəyin vaxtında təşkilat İran məsələsində çox aktiv idi. Demək olar ki, hər həftə tədbirlər, aksiyalar olurdu. Başa düşürük, Elçibəy yoxdur, lakin ideologiya ki qalıb. İranla bağlı ciddi problemlərimiz var, niyə fəal deyilsiniz?

- Elçibəyin dövründə siyasi proses, hədəf başqa cür qoyulmuşdu. Onun üçün demokratiya bir proses, seçki bir prosedur idi. Ola bilər ki, seçkidə uduzardı və o biri seçkiyə gedərdi. Hədəf o deyildi, buna görə Elçibəy böyük idi. O öldükdən sonra bu gün Azərbaycanda siyasi meydan cılızlaşıb. Əsas hədəf seçkilər və ideologiyasız bir cəmiyyət oldu. Məsələn, soruşsaq ki, sizin özünüz niyə qoşulmazsınız bizim partiyaya, deyəcəksiniz ki, biz hakimiyyətə gələ biləcəyikmi? Amma partiyada ideologiya olmalıdır, mən cəmiyyətə nə verəcəyəm demək lazımdır. Elçibəy öldükdən sonra Bütöv Azərbaycanla elə insanlar məşğul oldular ki, daha doğrusu qəsdən ortaya atdılar ki, onlar siyasi arenada sözünü deyə bilməyən, ancaq gündəmdə qalmaq istəyən insanlardır. Ona görə çalışırıq ki, biz onlara bənzəməyək. Bu səbəbdən də Quzey Azərbaycan məsələsini ortaya atırıq. Quzey Azərbaycanda demokratik dövlət qurulmalıdır. Model ortaya qoymaq lazımdır. Məsələn, Cənubi və Şimali Koreya modeli var. Bəs biz nəyi nümunə göstərəcəyik. Korrupsioner, rüşvətxor bir rejimimi Güney Azərbaycana nümunə göstərəcəyik? Deməzdim ki, Güney Azərbaycanla bağlı işlər zəif gedir. Məsələn, bizim Türkiyə səfərimiz oldu, mənimlə İsveçrədə fəaliyyət göstərən Güney Azərbaycan Demokratik Partiyasının rəhbəri getmişdi. Orada Dəniz Baykal, AK partinin millət vəkilləri, MHP-dən olan millətvəkilləri ilə görüşdük. Bu məsələnin Türkiyə parlamentində qaldırılmasını istədik. Daha sonra Türkiyə mətbuatında bununla bağlı müsahibələrimiz oldu, güneylilərlə görüşlərimiz keçirildi. Fəaliyyət proqramımızı ortaya qoysaq böyük bir hissəsi Güney Azərbaycana həsr olunub. İmza kampaniyasına başladıq. Elçibəyin belə bir arzusu vardı ki, 1 milyon imzanın toplanıb BMT-yə təqdim etmək. Biz 7-8 min imza topladıq, lakin təəssüf ki, bir neçə quruma müraciət etsək də dəstək görə bilmədik və kampaniyanı dayandırdıq. Ancaq Elçibəyin bu arzusunu yerinə yetirəcəyik.

- Bəs indi nə işlə məğulsunuz?

- Bir aydır ki, Ümid Partiyası sədrinin Gənclər üzrə müavini təyin olunmuşam. Regionda təşkilatlanma ilə bağlı işlər görürük. Bildiyiniz kimi Azərbaycanda prezident seçkiləri başlayır. Bu yöndə əsasən fəaliyyət göstəririk. Gənclər istəyirlər ki, Azərbaycanda siyasi qüvvələr bir arada olsun. Mən digər partiyaların komitə rəhbərləri ilə görüşümdə də deyirəm ki, kimin olması önəmli deyil, önəmli olan vahid namizəd olmasıdır. Vahid namizəd alınmır, çünki hər bir partiya rəhbəri özü namizəd olmaq istəyir. Müəyyən konfliktlərin olması vahid namizədə gətirib çıxarmır. Bir ara mətbuatda da səsləndi ki, bir ziyalının vahid namizəd olması və Azərbaycanda keçid hakimiyyətin yaradılması... Biz bunu daha çox dəstəklədik və üç ziyalı göstərilirdi: Mehman Əliyev, Rafiq Əliyev və Firudun Cəlilov. Biz Firudun Cəlilovun vahid namizəd olması fikrini daha çox dəstəklədik. Birincisi, Firudun Cəlilovun keçmişi var. Siyasi proseslərdə, Azadlıq hərəkatında olmuş insandır. İkincisi bu insan tanınır. Üçüncüsü stabil həyatı var, yəni dəyişkən deyil. Lakin digər ziyalılara baxsaq görərik ki, əvvəllər siyasi proseslərdə olmayan insanlardır. Nəzərə alsaq ki, region o qədər də tanınmır və müxalif insanlar iqtisadi cəhətdən zəif olduqları üçün bir namizədi tanıtmaq onlar üçün çətin olacaq. Ancaq Firudun Cəlilov bir vaxtlar Azadlıq hərəkatının öndəri olub, baş nazir müavini olub, təhsil nazirimiz olub və deyərdim ki, Elçibəyin ən uğurlu kadrı olub. Əsas odur ki, digər nazirlər kimi nazir olan kimi partiya yaratmadı. Dövlətin və hakimiyyətin qorunmasına çalışdı. Media və gənclərin dəstəyi ilə biz bunu qabartsaq 2013-də böyük bir nailiyyət əldə edə bilərik. Lakin partiyalar fərdi şəkildə qatılarsa 2013-də nə isə dəyişikliyin olacağına inanmıram.

- İqbal Ağazadənin müavinisiniz. Firudun Cəlilovun namizədliyi məsələsini partiya sədri ilə müzakirə etmisiniz? Çünki bir partiyada olub digər bir şəxsin namizədliyini dəstəkləyirsiniz.

- Biz bunu təşkilat olaraq qaldırırıq. Lakin bizim partiya da vahid namizəd üzərində dayanır. Əlbəttə vahid namizəd olmasa ən uğurlu namizəd elə İqbal Ağazadədir. Firudun Cəlilovu isə vahid namizəd kimi görürük. Çünki hər kəs seçkiyə fərdi şəkildə qatılsa bu müəyyən elektoratın səsini parçalayacaq.

- Hansısa təşkilatlarla bu mövzuda müəyyən müzakirələr aparılıbmı?

- Müzakirələr aparılır və təşəbbüs qrupu yaradılır. Bu yaxınlarda təşəbbüs qrupunun adı və orada olan simalar ictimaiyyətə açıqlanacaq.

- Bununla bağlı Firudun Cəlilovun özü ilə danışmısınız?

- Danışmışıq, lakin hələ ki qəti qərarı yoxdur. Əgər gənclər, ictimaiyyət istəsə, təbii ki Firudun bəy onların önündə olacaq.

- İddialı partiyaların hansı ilə görüşmüsünüz?

- Bir çoxları ilə görüşmüşük, lakin təşəbbüs qrupunun mətbuat konfransında bu barədə məlumat veriləcək.

- Vahid namizəd məsələsində bir araya gələ bilməyən əsas aparıcı partiyalar AXCP və Müsavatdır. Elə birinci onlardan başlamaq lazımdır, belə bir addım atmısınız?

- Birinci gəlin onların yaratdığı İctimai Palataya baxaq. Əgər bu qurumda səmimiyyət yoxdursa, vahid namizəd verə bilmirlərsə... Məsələn, Qarabağ Bloku var, vahid namizədini ortaya qoyub. Əgər iki partiyanın yaratdığı İctimai Palata səmimiyyət nümayiş etdirib vahid namizəd ortaya qoya bilmirlərsə onların Firudun Cəlilovu dəstəkləyib-dəstəkləməyəcəkləri nə qədər doğru yaxud yanlışdır özləri qərar verəcəklər. Azərbaycan ictimaiyyəti təkcə Müsavat və AXCP-dən ibarət deyil. Bizim siyasi proseslərdə iştirak edən 3-4 min aktivistimiz var. Hər zaman siyasi çıxışlarımızı, hədəflərimizi o 3-4 minin üzərində formalaşdırırıq. Mitinqlərə baxın, hər zaman eyni insanlardır. Bir də böyük bir kəsim var ki, 4 minə yaxın seçicisi var. Onlar heç bir partiya, qurumlara qoşulmurlar. Biz daha çox onların üstündə dayanmaq istəyirik ki, onlar səs, elektorat versinlər. Nəinki 3-4 min hansısa müsavatçı, cəbhəçi yaxud digər partiyanın üzvləri.

- Siz deyirsiniz ki, keçid bir mərhələ üçün vahid namizəd olsun, belə bir təcrübə varmı dünyada?

- Məsələn, Qırğızıstan modeli var. Roza Otumbayeva gəldi, o da neytral insan idi. Keçid dövrü yarandı və bu gün Qırğızıstan orta demokratik ölkələr sırasındadır. Mənim fikrimcə, demokratiya inkişaf etmək istəyir. Azərbaycan da bu modeli ortaya qoya bilər. Bütün partiyalar birləşib vahid namizədi seçər və seçkilərdə qalib gəldikdən sonra yenidən özümüz seçki keçirə bilərik. Bir il altı aydan sonra demokratik seçki keçiriləcək və istənilən şəxs namizədliyini verib qalib gələ bilər. Bu gün təklikdə seçkiyə qatılmaqla isə, seçki məcəlləsi, əlimizdə güclü media, regionlarda görüş imkanlarımız zəif olduğu üçün seçkilərdə hər hansı qalibiyyətdən söhbət gedə bilməz.

- Partiyaların adlarını açıqlamadınız, bəs gənclər təşkilatları ilə danışıqlarınız olub?

- Müstəqil gənclərlə görüşmüşük və görüşlər davam edir. Lakin qərar belədir ki, hələ heç kimin adını açıqlamayaq. Firudun Cəlilov problemli bir insan deyil. Ola bilsin ki, Rüstəm İbrahimbəyovu bir kəsim qəbul etsin, bir kəsim etməsin. Hər bir ziyalıya hörmətim var. Ancaq Rüstəm İbrahimbəyovun keçmişi var. Keçmişinə görə biz ona səs verə bilmərik. Gənclər də Firudun Cəlilovun ətrafında daha çox birləşir. Çünki bu insan Azərbaycana inqilabi dəyişiklik olan test üsulunu gətirib. Bu gün sizlərin, mənim, digər dostlarımızın universitetlərdə təhsil almamıza səbəbkar Firudun Cəlilovdur. Ən azı bu fakt ona belə bir haqq verir. Bu gün bu insanın əməkhaqqına baxın və siyasi mövqeyini qoruyub saxlamasına baxın. Hansı ziyalılarımızın dəyişdiyini gördünüz?

- Ümumiyyətlə sizinlə görüşdən, bu məsələni müzakirə etməkdən imtina edənlər olub?

- İmtina edəcək şəxslərin kim olduqlarını bildiyimiz üçün onlarla görüşmürük. Adətən hansısa partiyaların komitələridir ki, radikal mövqe nümayiş etdirərək bizim partiya rəhbəri qalib gələcək deyirlər və reallıqları görmürlər. O insanlarla görüşməyin belə mənası yoxdur. Hər halda biz görüşüb bu kampaniyaya qoşulmağı təklif edəcəyik. Fikir verin Azərbaycan ictimaiyyətinə və mediaya, bir ildən sonra seçkidir və ölkədə çox passiv siyasi arena var. Medianın gündəmində nədir, kiminsə zəhərlənməsi və kiminsə iddia qaldırması. Bəs 2013 necə olacaq? Əgər müxalifət vahid namizəd irəli sürmürsə sabah hansı qalibiyyətdən söhbət gedə bilər. İqbal bəy də müsahibələrinin birində bildirib ki, əgər sentyabra qədər vahid namizəd olmayacaqsa ondan sonra danışmağa da ehtiyac yoxdur.

- Müzakirələr nə vaxt başa çatacaq? Görüşlərdən necə nəticə çıxarmaq olar, vahid namizəd məsələsində ortaq məxrəcə gəlinəcək? Mənə elə gəldi ki, siz İqbal Ağazadənin namizədliyi üzərində daha çox dayanırsınız...

- Təbii ki, bizim partiya marağımız partiya rəhbərində olduğu üçün onun üçün çalışırıq. Lakin İqbal bəyi bir çox partiyalar dəstəkləmir. Lakin siyasi proseslərdən kənar bir ziyalının namizədliyi irəli sürülsə mən inanıram ki, Ümid də, AXCP və Müsavat da onu dəstəkləyə bilər.

- İsa Qəmbərlə görüşmüsünüz?

- Xeyr.

- Bu məsələdə ən iddialı şəxs odur axı?

- Biz təşəbbüs qrupu yaradıldıqdan sonra bütün partiya rəhbərləri ilə görüşəcəyik .Əli bəylə, İsa və Sərdar bəylə də.

- Partiyaların gəncləri ilə də görüşməmisiniz?

- Xeyr onlarla görüşməmişik. Qərar vermə mexanizmi var. Əgər Müsavat partiyası başqanı qərar verməyəcəksə, onun gənclər komitəsi ilə görüşməyə ehtiyac yoxdur. Eləcə də Əli Kərimlinin partiyasının gənclər komitəsi. Lakin bizim partiyada gənclər komitəsi müstəqil qərar verir. Təbii ki, partiyanın ana xəttinə zidd olmaması şərtiylə.

- Bəs sizin partiya sədrinin qərarı necədir? Firudun Cəlilova görə geri çəkilər?

- İqbal bəy neçə illərdir ki siyasi meydandadır. Əgər Firudun bəyin doğru qərar olduğunu düşünsə geri çəkiləcək. Yenə də bu İqbal bəyin qərarıdır, o cavablandırsa bu sualı daha münasib olar.

- Təşəbbüs qrupu nə vaxt elan olunacaq?

- Çox güman ki bir həftəyə elan edəcəyik.