Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, komitə tərəfindən 2025-2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayının artırılması ilə əlaqədar Premyer Liqaya yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət verilib. Bu xüsusi qayda yalnız bu il Premyer Liqaya yüksələcək komandalara şamil ediləcək.
Daha sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev aşağı yaş qrupları üzrə Azərbaycan milli komandalarının baş məşqçi postuna namizədlərlə bağlı məlumat verib.
Adları aşağıda göstərilmiş məşqçilər isə müvafiq yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri təyin olunublar:
Elxan Abdullayev – Azərbaycan U-19
İlham Yadullayev – Azərbaycan U-18 (2008-ci il təvəllüd)
Aqil Nəbiyev – Azərbaycan U-17 (2009-cu il təvəllüd)
Onların hər biri ilə 2025-ci ilin sonuna kimi müqavilə imzalanıb.
İcraiyyə Komitəsi AFFA-nın növbəti Hesabat Konfransının tarixini də müəyyənləşdirib. AFFA-nın növbəti Hesabat Konfransı 11 aprel 2025-ci il tarixində keçiriləcək.
Bundan başqa, iclasda Elçin Məmmədovun öz istəyi ilə AFFA İntizam Komitəsindən ayrılması təsdiqlənib.
Son xəbərlər
Son Xəbərlər