Dünyanın yarısı seçkiyə gedir - Çox şey dəyişə bilər

dunyanin-yarisi-seckiye-gedir
Oxunma sayı: 5317

“2024-cü ildə bir çox ölkələrdə keçiriləcək seçkilər dünyanın artıq vərdiş etdiyimiz simasını dəyişə bilər”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “CNN”in analitiki Devid Andelman yazıb. Onun məqaləsində qaldırılan məsələlər bir çox aparıcı media orqanlarının, eyni zamanda televiziya kanalının əsas mövzusuna çevrilib. 

Müəllifin sözlərinə görə, gələn il dünya əhalisinin yarıdan çoxunun yaşadığı ölkələrdə seçkilər baş tutacaq. Həmin ölkələrdə 4 milyarddan çox əhalinin yaşadığını nəzərə alsaq, sözügedən seçkilər dünyada bir sıra yeniliklərə yol aça bilər. 

Seçkilərin keçiriləcəyi ölkələr sırasında isə müəllif Banqladeş, Hindistan, Rusiya, Avropa İttifaqı, ABŞ, CAR, İndoneziya, Pakistan, Meksika, Tayvan və digərlərini qeyd edib. Müəllif bu ölkələrdəki seçicilərin öz qərarları ilə dünyanın simasını dəyişə biləcəkləri ehtimalının olduğunu vurğulayıb.

Andelman qeyd edir ki, məsələn, İndoneziyada dünyada ən böyük birgünlük seçki keçiriləcək ki, burada da 200 milyondan çox seçicinin iştirakı gözlənilir. 

Bildirilir ki, yanvarın 13-ü Tayvanda baş tutacaq seçkilər Pekin və Taypey, daha sonra isə Çin və ABŞ arasında gərginliyin artmasına səbəb ola bilər. Seçkiqabağı kampaniyaya qələbə qazanacağı təqdirdə hazırkı prezidentin Amerikayönümlü siyasətini davam etdirməyi planlaşdıran Lay Çinq-te liderlik edir. Digər namizədlər isə əksinə Çinlə danışıqların tərəfdarıdırlar. 

Rusiyaya gəldikdə isə, Andelman Vladimir Putinin gələn ilin martında keçiriləcək seçkilərdə əsas favorit olduğunu qeyd edib. Onun mümkün rəqibinin olaraq isə Aleksey Neçayevin ola biləcəyi qeyd olunub. Putinin yenidən prezident seçilməsinin isə növbəti illərdə dünyada qüvvələr balansına əhəmiyyətli dərəcədə təsir edə biləcəyi bildirilib. 

Hindistanda isə seçkilər aprel və may ayında baş tutacaq. Müəllif Baş nazir Narendra Modinin yenidən seçiləcəyi ehtimalının yüksək olduğunu vurğulayıb. Müəllifin fikrincə, bu seçkilərdə Hindistanın qarşısında duran əsas məsələ, dünyanın ən çox məskunlaşan ölkəsinin dinamik demokratiyadan hindu millətçi dövlətinə çevrilməsidir. 

Andelmanın iyunda Avropa parlamentində keçiriləcək seçkilərlə bağlı proqnozlarına görə isə, sağçı Avropada Mühafizəkarlar və İslahatçılar yeni Avropa parlamentində üçüncü ən böyük qrup ola bilər: “Bu qrup isə Ukraynaya yardımların davam etdirilməsi, Rusiyaya qarşı sanksiyalar, miqrasiyanın məhdudlaşdırılması, iqlimə nəzarət tədbirlərinin ləğvi, eləcə də Avropanın Çinə yanaşmasında dəyişikliklərlə bağlı məsələləri qaldıracaq. 

Noyabrın 5-i ABŞ-də keçiriləcək seçkilərdə Donald Trampın qələbə qazanması ABŞ-də və bütün dünyada demokratiyanın əsaslarına zərbə endirə bilər. Müəllif hesab edir ki, Trampın qələbəsi NATO və ABŞ-nin ümumi ritorikasına güclü təsir edəcək: “Belə ki, keçmiş prezident öz seçkiqabağı kampaniyası zamanı çıxışında Putindən sitat gətirib, Şimali Koreya lideri Kim Çen Inı və Macarıstanın Baş naziri Viktor Orbanı tərifləyib”.

Müəllif bütün bunların nəzərə alaraq 2024-cü ildə baş tutacaq seçkilərin dünyada bir sıra dəyişikliklərə yol aça biləcəyini vurğulayıb.

Xatırladaq ki, gələn il – fevralın 7-si Azərbaycanda da növbədənkənar prezident seçkiləri keçiriləcək.