Koronavirusa inanmayanların yaratdığı mənzərə... - Video

koronavirusa-inanmayanlarin-yaratdigi-menzere
Oxunma sayı: 6609

Karantin qaydaları ilə bağlı qadağalarının bir qisminin aradan qaldırılması paytaxtda ənənəvi sıxlığı geri qaytarıb. 

“Qafqazinfo” xəbər verir ki, dövlət qurumlarında işçilərin tam heyətlə işə çağırılması paytaxt ərzisində pik saatlarda tıxacların yaranmasına səbəb olub.

Bundan başqa, yeraltı və yerüstü nəqliyyatdan istifadə edən sərnişin sayında artım müşahidə olunur. Baş nazir Əli Əsədovun qərarına əsasən metro, avtobus və dayanacaqlarda maskadan istifadə şərt olsa da, əksər sərnişinlər qaydalara əməl etmir.

İnsan sıxlığı ən çox “Tarqovı”da müşahidə olunur. Artıq Azərbaycanda bu virusdan ölənlərin sayı 68-ə çatsa da şəhər mərkəzində maska istifadə edilmir, sosial məsafə qorunmur.

Bəzi mağaza və obyektlərin qarşısında növbələr yaranıb. Restoran, kafe, çay evlərində qaydalara əsasən masalararası 1,5-2 metrlik məsafə saxlanmalı olsa da, əksər hallarda bu, nəzərə alınmır.

Park və istirahət məkanlarında vətəndaşlar 10 nəfərdən artıq qruplarla dolaşır, məsafə gözlənilmir.

Attraksionlar qadağan edilsə də, uşaqları oyun meydançalarında görmək mümkündür.

Qeyd edək ki, Milli Məclisdə qəbul edilən qanun layihəsinə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.

Xatırladaq ki, hazırkı dövrədək Azərbaycanda 5662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3508 nəfər müalicə olunaraq sağalıb, 68 nəfər vəfat edib, 2086 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Video: Nuran Məmmədov