Mehriban Əliyevanın amnistiya ilə bağlı müraciəti - Mətn

mehriban-eliyevanin-amnistiya-ile-bagli-muracieti
Oxunma sayı: 3837

Bu gün Milli Məclisin xüsusi iclası çağırılıb. “Qafqazinfo” xəbər verir ki, buna səbəb millət vəkili Mehriban Əliyevanın 28 May- Respublika günü ilə bağlı amninstiya aktı layihəsinin qəbulu yönündə müraciəti olub.

Müraciətdə qeyd olunur ki, 28 May 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatında mühüm və əlamətdar hadisə kimi əbədi olaraq daxil olub: “Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyəti dövründə xalqın öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə nümayiş etdirib və Azərbaycanın müstəqil dövlət kimi dünyanın siyasi xəritəsinə yazılmasında və tanınmasında müstəsna xidmətləri olub.

Azərbaycan xalqı XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini qazanmamışdan öncə Ümumilli lider Heydər Əliyev Xalq Cümhuriyyətinin ideyalarını yaşadaraq, onun varisi olduğunu təsdiq etmiş və Naxçıvana rəhbərlik etdiyi dövrdə Cümhuriyyətin üçrəngli bayrağı ilk dəfə rəsmi olaraq dalğalandırılıb.

Azərbaycan xalqının xoşbəxtliyi onda olmuşdur ki, müstəqil dövlətçiliyinin müqəddaratının həll edildiyi ağır günlərdə - 1993-cü il iyunun 15-də dünya şöhrətli siyasətçi və müdrik dövlət xadimi Ulu öndər Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıdaraq Azərbaycanı parçalanmaq və müstəqil dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edib”.

Qeyd edək ki, müraciətdə göstərilib ki, aparılan təhlillərə əsasən təqribən 10 min şəxsin amnistiya aktının təsiri altına düşməsi, onlardan 3500-ə yaxın məhkumun azadlıqdan məhrumetmə yerlərindən azad edilməsi proqnozlaşdırılır.

Belə ki, qərar layihəsinə əsasən, yalnız böyük ictimai təhlükə törətməyən cinayətlər törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər, bu şəxslərdən başqa müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər, intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayətlər törətdiklərinə görə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş şəxslər, hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza təyin edilmiş şəxslər, islah işləri növündə cəza təyin edilmiş şəxslər, ictimai işlər növündə cəza təyin edilmiş şəxslər, əsas cəza növü kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzası təyin edilmiş şəxslər, əsas cəza kimi 2 min manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və bu qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi 2 min manatdan artıq olmayan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası təyin edilmiş şəxslər, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi Cinayət Məcəlləsinin 79-cu maddəsinə müvafiq olaraq təxirə salınmış şəxslər amnistiya tətbiq edilənlərin dairəsinə düşəcək.

***

Milli Məclisin xüsusi plenar iclasında amnistiya aktı layihəsinin müzakirələrinə başlanılıb. Amnistiya aktı layihəsinin təşəbbüsçüsü, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva iclasda çıxışı zamanı bildirib ki, bu amnistiya aktına düşən məhkumlar bundan sonra öz məsuliyyətlərini dərk edəcəklər və eyni zamanda bir daha belə səhvə yol verməyəcəklər: “Onlar azadlığa çıxandan sonra hər birimizin borcudur ki, onların cəmiyyətə inteqrasiya olunmasına kömək edək. Mərhəmət təkcə çətinliyə düşmüş insana yardım etmək deyil, həm də məsuliyyətli qərar qəbul etməkdir”.

Amnistiya aktı barədə danışan birinci vitse-spiker Ziyafət Əsgərov qeyd edib ki, 1995- ci ildən bu günə kimi ölkədə 61 əfv sərəncamı, 10 amnistiya aktı qəbul olunub: “ Bu günə kimi Heydər Əliyev Fondu üç dəfə amnistiya təşəbbüsü ilə çıxış edib və bu dördüncü amnistiya aktı layihəsidir”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu sədri Əli Hüseynli isə bildirib ki, əgər sonuncu amnistiya aktına əsasən 2000-ə yaxın insan tam azadlığa buraxılırdısa, bu dəfə isə onların sayı 3000-ə çatacaq: “Bütövlükdə isə bu akt 10 min məhkuma şamil ediləcək”.