“Şəxsi məlumatları oğurlanır, sonradan şantaj olunurlar” - Yenilənib

sexsi-melumatlari-ogurlanir-sonradan-santaj-olunurlar
Oxunma sayı: 737

“Bir çox şəxslərin şəxsi məlumatları onların kompüterlərindən oğurlanır. Əksər hallarda onlar sonradan şantaj olunur. Ona görə də normaların sanksiyası sərtləşdirilməlidir. Cəzalara yenidən baxmaq lazımdır”. 

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsi və Cinayət-Prosessual Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.

Millət vəkili qeyd edib ki, bizdə ağır cinayətlərə görə 7-12 il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin olunur: “Beynəlxalq müqavilələr bizim qanunlardan daha yüksək hüquqi qüvvəyə malikdir. Beynəlxalq müqavilələrdə ağır cinayətlərə görə 4 il və daha artıq azadlıqdan məhrumetmə cəza növü təyin olunur. Əgər qanunlar arasında ziddiyyət yaranırsa, o zaman beynəlxalq müqavilələrə üstünlük verilir. Ona görə bizim Cinayət Məcəlləsinə, qanuna uyğunlaşdırmaq lazımdır”.

Hüquq siyasət və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deputatın fikirlərinə münasibət bildirib: “Qüdrət müəllim maraqlı məsələlər qaldırdı. Kibercinayətlərlə bağlı cəzaların sərtləşdirilməsi mövqeyi indi hüquq ictimaiyyətində mövcuddur. Zamanında bizim Cinayət Məcəlləsində sanksiyalar elə də sərt deyildi. Çünki o dövrdə vəziyyət belə idi. Amma indi hamımız razıyıq ki, kibercinayətlər artıb və çox böyük narahatlıq yaradır. Yəni bu fikri prinsipcə, bölüşürük. Amma onun tətbiqi forması üzərində düşünmək lazımdır”. 

***

Deputat Erkin Qədirli də müzakirələrə qoşularaq əlavə edib ki, birinci oxunuşda sözügedən qanun layihəsinin əleyhinə səs verib: “İkinci oxunuşda da əleyhinə səs verəcəyəm. Qüdrət müəllim həqiqətən çox ciddi məsələyə toxundu. Konstitusiyada qeyd olunub ki, beynəlxalq hüquqla bizim qanunvericilik uyğunlaşmayanda beynəlxalq müqavilələrə üstünlük verilməlidir. Yalnız cinayət qanunvericiliyinin öz xüsusiyyətləri var. Dövlətlərin suveren hüquqları bu qanunvericilik üzərində müstəsna rol daşıyır. Çünki beynəlxalq hüquqda “qanunsuz cəza, qanunsuz cinayət yoxdur” ifadəsi var. Hansı əməli cinayət sayıb-saymamaq, yaxud hansı təsnifata görə cəzalandırmaq dövlətlərin suveren hüququdur. Beynəlxalq müqavilədə ağır cinayətin isə cəzasının 4 ildən başladığını müəyyən edən müddəa Azərbaycanın üzərinə bu baxımdan heç bir öhdəlik qoymur. Azərbaycan dövləti cinayətlərin təsnifatını hüququn təməl prinsiplərinə uyğun qurub. O baxımdan bizim cinayət qanunvericiliyimizdə heç bir problem yoxdur. Bu qanun layihəsinin əleyhinə səs verməyim isə tamam başqa məsələ ilə bağlıdır, indi burada izah edib vaxtınızı almaq istəmirəm”. 

Nuranə Daxilqızı