Yanacaqdaşıyan maşın aşdı, 40 ton benzin yola dağıldı - Foto-Yenilənib

yanacaqdasiyan-masin-asdi-40-ton-benzin-yola-dagildi
Oxunma sayı: 3788

Samuxda yanacaqdaşıyan avtomobil aşıb, tonlarla benzin yola dağılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Gəncə-Samux avtomobil yolunun 2-ci kilometrliyində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı ağırtonnajlı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı yük çənində olan 40 tona yaxın benzin yol kənarına axıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Baş verə biləcək yanğının qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilib.

Hadisədən sonra Gəncə-Samux yolu bir neçə saat bağlı qalıb. Əraziyə polis əməkdaşları cəlb edilib, sürücülər alternativ yollarla hərəkət etməyə yönləndirilib. Daha sonra DYP əməkdaşları yolda hərəkəti bərpa ediblər. Faktla bağlı araşdırma aparılır.

***

FHN-dən bildirilib ki, “112” qaynar telefon xəttinə Samux-Gəncə avtomobil yolunun 2-ci km-liyində - Samux rayonu ərazisində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Samux Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.

Baş vermiş yol-nəqliyyat qəzası zamanı yanacaqdaşıyan avtomobilin aşması nəticəsində ətrafa dağılan yanacaq təhlükəsizlik tədbirləri çərçivəsində yuyularaq mümkün yanğın təhlükəsi aradan qaldırılıb.