Belə yerlərdən biri də Avropa Oyunlarının açılışının keçiriləcəyi Olimpiya Stadionun ətrafındakı Böyükşor gölüdür. Qamışlıq və neft, kanalizasiya suları ilə çirklənmiş bir göl, gələn ilə artıq sahilindəki bulvarı ilə tanınacaq.
Böyükşor gölü min hektar ərazini əhatə edir. “Qafqazinfo” ANS TV-yə istinadın xəbər verir ki, hazırda bu göldə təmizləmə işləri davam etdirilir. 300 hektar qədər ərazidə təmizləmə işləri tam sürətlə gedir. Gələcəkdə, yəni birinci Avropa Oyunlarına kimi bütün bu ərazi tamimilə təmizlənəcək. Böyük bulvar çəkiləcək və ərazidən şəhərin mərkəzinə, hətta yeni yol salınması da nəzərdə tutulub.
İlk Avropa Oyunlarına aid əksər tədbirlər Böyükşor gölünün şərq sahilində, hazırda tikilməkdə olan Bakı Olimpiya Stadionu kompleksində baş tutacaq. Məhz bu ərazi çoxsaylı qonaqları, idmançıları və turistləri qəbul edəcək. Ərazidən Balaxanı ilə Dərnəgülü birləşdirəcək 1570 metrlik 6 xətli magistral şosse çəkilir.
Ən diqqət çəkən məqam gölün ekoloji təmizlənməsidir. Layihə iki mərhələdə icra ediləcək. Əvvəlcə gölün şimal hissəsi neftlə çirklənmiş hissəsi bənd vasitəsilə ayrılacaq. Bu işi yerli işçilərlə yanaşı Hollandiyadan dəvət olunmuş mütəxəssislər görür.
Hollandiyalı mütəxəssis Kris Lupper deyir ki, 35 ildir ki, bu sahədə calışıram və Böyükşor gördüyüm ən cirkli göldür: “Hazırda işlədiyimiz 3 hövzədə 2,8 milyon kubmetr çirkli su var. Çirkab o qədər çoxdur ki, qrunt suları ilə yanaşı hər cür plastik neft tullantılarına rast gəlirik. Gələcəkdə bu tullantılar da emal ediləcək. Ümid edirəm ki, bir il sonra bu gölün 80-90 faizini təmiz vəziyyətə gətirə biləcəyik”.
Böyükşorun bərpasının ikinci mərhələ isə 2015-2020-ci illəri əhatə edəcək. Bununla da göl öz təbii tarixi məcrasına qaytarılacaq, su səviyyəsi tənzimlənəcək və ekosistem bərpa olunacaq.
Layihənin icra rəhbəri Oqtay Məmmədovun sözlərinə görə, gələcəkdə burada idman turizminə aid oyunların da təşkili olunacaq.
Böyükşor gölünün bərpası Abşeron yarımadasının 9 gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər planı çərçivəsində həyata keçirilir.
Son xəbərlər
Son Xəbərlər