Kitab oxumağın nizamnaməyə əsasən məcburi olduğu hərbi litseydə təhsil almışam. Bu cəhətdən bəxtim gətirib. Maraqlandığım, görmək, bilmək istədiyim hər şey oxuduğum litseydə məcburi idi. Zorla operaya, teatra, müxtəlif sərgilərə, müzeylərə aparılırdıq. Hər ay oxumalı olduğumuz dörd kitab haqqındakı fikirlərimizi yazılı şəkildə komandirlərimizə təhvil verməli idik. Yuxarı siniflərdə oxuyanlar üçün hər şey çox sadə idi. Alt siniflərdəki uşaqlar bu işi onlar üçün etməyə məcbur edilirdilər. Etiraz etmək mümkün deyildi. Xoşbəxtlikdən xarici ölkələrin kursantlarına dəyən, toxunan yox idi. Türk kursantlarının çəkdikləri işgəncələrə necə dözdüklərini heç vaxt anlamırdım. Təhqir olunur, döyülürdülər. Amma bir nəfər də səsini çıxartmırdı. Sonradan bu döyülən, təhqir olunan uşaqlar böyüyür və acıqlarını yeni kursantlardan çıxırdılar. Xarici kursantların isə öz yazılmamış qanunları var idi. Məktəbdəki bu vəziyyət yüz ildən çox müddətdir dövr edirdi.
Hərbi litsey kimi kollektiv həyatın hökm sürdüyü mühitlərin mənfi təsirləri çox olsa da bu mənfilikləri ört basdır edə biləcək müsbət keyfiyyətləri də var. Bəlkə də həyatın boyu tanımaq istəməyəcəyin, münasibət qurmayacağın insanlarla eyni otaqda yatıb, eyni sinif otağında, eyni süfrə arxasında oturmağa məcbur olursan. Tək qalmaq, təcrid olunmaq mümkün deyil. Sevmədiyin, xoşagəlməz xatirələr yaşadığın insanlarla eyni mühiti bölüşməyə məcbursan. Bir müddət sonra o insanların müsbət keyfiyyətləri olduğunu, problemlərini görür, əslində o qədər fərqli olmadığınızı anlayırsan.
Qazaxstanlılar məktəbin ən az sevilən xarici kursantları idilər. Daima problem yaradır, gündə biri ilə dalaşırdılar. Ən üst sinifdə ( 12-ci sinif) oxuyan kursant bütün qazaxları idarə etdiyindən alt sinifdəki yaxşı uşaqlar gözlənilməz hərəkətlər edirdilər. Misal üçün gözlənilmədən qarşısına çıxan bir türkün üstünə şığıyıb onu yumruqlayırdılar. Heç kim səbəbini anlamırdı. Mənimlə eyni sinifdə oxuyan Arman digər qazaxlardan fərqlənirdi. Rəsm çəkmək, kitab oxumaq, pianino və gitarada ifa edə bilmək kimi keyfiyyətləri var idi. Eyni zamanda ölkəsində cudo üzrə bölgə çempionu idi. Bir gün yat əmrindən sonra Arman mənim yatdığım otağa gəlib, mənimlə işi olduğunu dedi. Gizlicə yataqxananı tərk edib, İstanbulun ecazkar mənzərəsini seyr edə biləcəyimiz “Kuleli Baba” adlanan təpəyə çıxdıq.
( Kuleli Baba: Guya Kuleli hərbi litseyinin 200 il əvvəl yaşamış kursantlarından birinin ruhu həmişə bu təpədə oturub, həsrətlə şəhərin mənzərəsini seyr edir, “normal insanlar” adlanan insanların maraqlı həyatlarını düşünüb xəyallara dalırdı.)
Üst siniflərdə oxuyan qazaxlar və azərbaycanlılar arasında mübahisə düşmüş, onlar da Armana məni döyməli olduğunu demişdilər. Məni döyməsə özü döyüləcəkdi. Bunu mənə dedikdən sonra məndən ən az iki dəfə iri olan kövrək ürəkli qazax balası, ölkəsindən uzaqda, Kuleli Babada göz yaşı tökdü. Sonra isə gözlənilmədən sifətimə bir yumruq ilişdirdi. Almacıq sümüyümə dəyən zərbənin təsiri ilə yerə, palçığa yıxıldım.
Arman gözünün yaşını tökə-tökə məni yerdən qaldırdı. Rus dilində dəfələrlə üzr istədi. Səhərə qədər Bosfor Boğazını, İstanbulu seyr etdik.
Bir neçə gün əvvəl Armanın rəhmətə getdiyi xəbərini aldım...
Son xəbərlər
Son Xəbərlər