“Bacım görüb ki, atamı anam öldürüb” - Məmurun qətli

bacim-gorub-ki-atami-anam-oldurub
Oxunma sayı: 16169

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əri-Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olmuş Füzuli Haqverdi oğlu İsgəndərovu öldürməkdə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində tanınan, təqsirləndirilən X.İsgəndərovanın qızı Əmanə proses iştirakçılarının suallarına cavab verib.

O, prokuror Fərid Nağıyevin suallarına cavab verərkən deyib ki, Nizami rayon polis idarəsində Firdovsi adlı şəxs onu təpiklə vurub: "Mənə dedi hadisəni danış, mən danışanda ona zəng gəldi, telefonla danışanda hörmətsizlik olmasın deyə dayandım, "odboy" verib məni vurdu. İfadə verərkən orada 220 nömrəli məktəbin müəllimi Kamran Qurbanov iştirak etməyib. Hadisə olan vaxt atam məndən maşının açarını və mobil telefonunu istədi. Açarımı tapa bilmədim, telefonu bir az axtardım, gördüm "zaryatka"dadı. Telefonu çıxaranda qarajdan atamın səsi gəldi, "köpəkoğlu" deyib qışqırdı. Telefonu orda qoyub, götürməyib qaraja getdim. Oğlan gedəndən sonra, 09:25-də bacım Bülbülə zəng etdim. Həmin oğlan anamdan qızılları istədi, anam gətirib qabda verdi, o da qızılları yaralı əlinə boşaldıb götürdü. Mən sürahinin üstündən "rajok"u götürmək istəyəndə oğlan bıçağı qarnıma dirədi. Atam toydan gələndə içkili deyildi".

Bundan sonra zərərçəkmişin hüquqi varisinin vəkili suallar verib. Əmanə İsgəndərova suallara cavab verərək müstəntiq Orxan Əhmədov tərəfindən də təzyiqə məruz qaldlğını deyib: "Üstümə qışqırıb dedi ki, yalan danışırsan. Sonda ifadəni gətirib dedilər ki, sən nə demisənsə, onu yazmışıq. Mən də oxumadan qol çəkdim. Atamla anamın münasibətləri yaxşı idi, bircə bibimə görə bəzən mübahisə edirdilər. Bibim gəlib atamın qulağını doldururdu ki, qızların bahalı geyimlər geyinir, pulunu hamara tökürsən".

Ə.İsgəndərova əvvəllər anası Xalidənin bacısına ehtiyatsızlıqdan xəsarət yetirdiyini deyib: "O vaxt evimizdə təmir gedirdi, Bülbül ağlayıb dedi ki, gəzməyə gedək. Anam da ustalar üçün yemək bişirirdi. Əsəbləşib əlindəki bıçağı mərmərə çırpdı, bıçaq Bülbülə dəydi".

Əmanə Isgəndərova bildirib ki, atasını öldürən oğlan onlarda pul olduğunu bilərək gəlib: " Anam Xırdalana nənəmin yanına getmək istəyirdi, atama dedi ki, onu aparsın. Atam dedi toyda yorulmuşam, sabah apararam. Sabah niyə aparmadığını bilmirəm. Atam da qaraja anam üçün xırda pul və sənəd gətirmək üçün getmişdi. Anam "sumka"sında xırda pul olduğunu bilmirdi. 50 manat olduğunu bilirdi, 5 və 1 manatlıq təsadüfən tapıldı. Onları da oğlana verdi. Oğlan bıçağı mənim boğazıma söykəyib hamımızı hamama saldı. Oğlan gedəndən sonra Bülbülə zəng edib dedim ki, atamı bıçaqlayıblar. Anam atamı yerdə qucaqlayıb dedi ki, niyə bunu bu günə qoydun? Oğlan dedi ki, pul və maşının açarını istədim, vermədi, vurdum. Oğlanın əlindəki bıçaq mal başı kəsilən bıçağa oxşuyurdu.

Babam mənim müstəntiqə atamı anamı öldürməyim barədə ifadə verdiyimi biləndə qarğış elədi. Mən babama dedim ki, 8 aydı bizlə maraqlanmırsan, bilmirsən niyə elə ifadə vermişəm".

Əmanə Isgəndərova müstəntiqin təklifi ilə elə ifadə verdiyini bildirib: "Müstəntiq Müşviq Abbasov mənə kişi kimi söz verdi ki, anamı buraxacaq. O mənə dedi ki, ananı ömürlük həbs etmişəm. Əgər biz deyəni deməsən bacını da, dayını da, səni də tutduracağam. Dedi əgər biz istəyən kimi ifadə versən ananı ağır xəstəlik adı ilə həbsdən çıxaracağam. Mən də buna görə inanıb ifadə verdim. 14 yaşım var idi, çox qorxmuşdum, indi lap çox qorxuram.

Atamı öldürə biləcək şəxslər arasında fəhlələrindən, ustalarından şübhələnirəm, amma dəqiq bilmirəm. Həmin oğlana oxşayan bir nəfəri də bacımın nişanında görmüşəm, amma bilmirəm odu, ya yox. Polisdə olanda İzzət adlı şəxs məni dubinka və sillə ilə vurmuşdu, anam gedib niyəsini soruşmuşdu, o da demişdi "mən də Əmanənin bir dayısı".

O deyib ki, Bakı şəhər prokurorunun müavini Azər Əsgərova yenidən ifadə vermək istəməsi barədə ərizəni müstəntiq Müşviq Abbasovun təzyiqi ilə yazıb: "Nümayəndəm Elmira xanım da mənə dedi ki, əgər ananın həbsdən çıxmasını istəyirsənsə, müstəntiqin dediklərini elə, o yaxşı adamdır. Elmira xanım da neçə aydı gəlib gedirdi, ona görə də inandım".

Əmanə İsgəndərovanın ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. Onun məhkəmədə verdiyi ifadə ilə ziddiyyət təşkil edən hissələr olduğundan dəqiqləşdirmə aparılıb. Ə.İsgəndərova məhkəməyə verdiyi ifadəni təsdiq edib. İstintaqa verdiyi ifadə zamanı hadisə yeni baş verdiyindən onun təsiri altında olub və həyəcandan bəzi hissələrdə yanlış ifadə verib, bəzi hissələr isə müstəntiq tərəfindən təhrif olunub.

İstintaq materiallarında Əmanənin bir yerdə şahid, digər hissədə zərərçəkmiş kimi təqdim olunması mübahisəyə səbəb olub. Hakim bildirib ki, ehtiyac olarsa, müstəntiq çağırılıb dindiriləcək.

Xalidə İsgəndərovanın vəkili deyib ki, Əmanə saat 14:30-da dindirilib, Xalidə isə 12:55-də saxlanılıb:

"Amma sübutlarda qeyd olunub ki, Xalidə Əmanənin ifadəsi əsasında saxlanılıb. Halbuki, Əmanə ifadə verməyə başlayanda artıq Xalidə həbs olunmuşdu".

Bundan sonra Xalidə İsgəndərovanın böyük qızı Bülbül İsgəndərova ifadə verib.

O deyib ki, hadisə barədə bacısı Əmanə ona məlumat verib: "Zəng edib dedi ki, "Bülbül, atamla anam", sonra dayandı, dedi ki, "atamı bıçaqlayıblar". Mən evə getdim, Əmanə dedi xəstəxanaya aparıblar. Orda da əvvəl əməliyyatda idi deyə əvvəl bizi yanına buraxmadılar. Öləndən somra atamın yanına Əmanə ilə girib, üzünü açıb baxdıq. Sahə rəisi bizə dedi ki, evə gedin. Sonra polislər də gəldi. Qonşu qadın yerdəki qanı silirdi, səbəbini soruşdum, dedi anan tapşırıb.

Əmanə hadisədən sonra mənlə qalırdı. Övlad üçün bunları danışmaq çox çətindir. Mən Əmanədən soruşdum ki, hadisə necə olub? Dedi bunu desəm, anamı da, məni fə tutacaqlar. Sonra etiraf etdi. Dedi ki, anamla atam axşam mübahisə ediblər. Anam nənəmgilə getmək istəyib, atam deyib taksiylə get. Anam da deyib ki, sənin 2 maşının ola-ola mən niyə camaatın taksisinə minməliyəm? Əmanə deyir ki, sabah yuxudan duranda anamla atamla yenə mübahisə etdiklərini, anamın atamı bıçaqla vurduğunu görüb. Əmanə bunları etiraf edəndən sonra dayım İlyas onu məndən ayırıb başqa qohumumuzgilə apardı. Bizi bir yerdə tək qalmağa qoymurdular.

Hadisədən əvvəl ailəmizdə mübahisələr çox olurdu. Anam bıçaqla məni ayağımdan vurub, atanı vurub, bibimi boğub. Davaların da səbəbi atamın əmlakı idi. Dövlət işində işlədiyi üçün obyektlərini güvəndiyi adamların adına keçirmişdi. Bunların da davası o idi ki, niyə ailə üzvlərinin adına deyil. Atam öləndən sonra mən xalamgildə qalırdım. Orda görürdüm ki, artıq atamın obyektlərini öz aralarında bölüşdürürlər. O obyektlərdən gələn puldan biz 1 qəpik də görmürdük, hamısını xalam yeyirdi.

Atamla anamın arasında boşanma söhbətləri də olub. Hadisədən sonra anam Əmanə ilə danışanda məni otaqdan çıxarırdı. Mən atamın ölümündə onlardan şübhələnmişdim. Anam bu hadisəni törədibsə, cəzasını çəkəcək, etməyibsə, azadlığa çıxacaq".

B.İsgəndərova deyib ki, Nizami RPI-də Firdovsi adlı polis Əmanəni döyməyib: " Əmanə heç nəyi düz danışmırdı. Dedikləri bir-biri ilə düz gəlmirdi".

Əmanə Isgəndərova isə bacısının ifadəsinə münasibət bildirərək onun yalan danışdığını deyib: "Mən ona anamın atamı öldürməsi barədə heç nə deməmişəm".

Ə.Isgəndəroba bacısını polislə əməkdaşlıq etməkdə günahlandırıb.

Məhkəmə prosesi iyunun 9-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə baş verərkən Əmanə Isgəndərovanın 14 yaşı olub və buna görə ona qanuni nümayəndə təyin olunub. Bu ilin mayın 9-da Əmanənin 16 yaşı tamam olduğu üçün onun qanuni nümayəndəsinin fəaliyyətinə xitam verilib.

Xatırladaq ki, qətl hadisəsi 2014-cü ilin sentyabr ayında baş verib. 1964-cü il təvəllüdlü Füzuli Haqverdi oğlu İsgəndərov yaşadığı evin yaxınlığında amansızlıqla öldürülüb. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova tərəfindən törədildiyi məlum olub. X.İsgəndərova şübhəli şəxs qismində saxlanılıb. Qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

2015-ci il noyabr ayının 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda X.İsgəndərovanın vəkili vəsatətlə çıxış edib. O, cinayət işinin materialları ilə tanış olduqlarını, cinayəti zərərçəkənin həyat yoldaşı X.İsgəndərova tərəfindən törədilmədiyini və istintaq zamanı cinayət işinin sübutlarının saxtalaşdırıldığını, kobud səhvə yol verildiyini bildirib. Dövlət ittihamçısı çıxış edərək bildirib ki, qaldırılan vəsatət əsassızdır. Daha sonra hakimlər kollegiyası qərar verib. Qərara əsasən, vəsatət təmin edilib. Kobud qayda pozuntularının qeydə alınmasına görə iş istintaqa qaytarılıb. Həbs qətimkan tədbiri isə dəyişdirilmədən saxlanılıb.

Murad Əhməd