Əkrəm Əylisli Allahı tərəziyə qoyub - Cavab

ekrem-eylisli-allahi-tereziye-qoyub
Oxunma sayı: 8795

Ötən gün yazıçı Əkrəm Əylisli prezident İlham Əliyevə açıq məktubla müraciət edib. Onun bu müraciəti ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Yazıçının müraciətinin haqsız olması ilə bağlı tənqidçi Əsəd Cahangir xüsusi olaraq “Qafqazinfo” üçün cavab yazıb.

Yazıçının məktubu kimi, ona verilən cavabı da olduğu kimi təqdim edirik:

Əkrəm Əylislinin “Daş yuxular”ı yazdıqdan sonra etdiyi bütün özünəbəraət cəhdləri məndə həmişə təəccüb qarışıq ikrah hissi doğurub – doğrudanmı, bu adam bütöv bir milləti ələ salacağını zənn edir? Yəni, o özünü bu qədər ağıllı, başqalarını bu qədər ağılsız bilir? Əgər belə ağıllıdırsa, bəs, hanı o ağıl? Niyə o “ağıl” öz sahibini bu cür acınacaqlı duruma salıb?

Keçmiş xalq yazıçısının bu günlərdə respublika prezidentinə “mənə rəhm edin” janrında yazdığı utanc gətirən məktubu 80 illik Əkrəm Əylisli tragikomediyasının növbəti pərdəsidir. Sən erməninin dəyirmanına su tök, bütöv bir milləti naxçıvanlısından tutmuş şuşalısınacan təhqir elə, “danabaş”, “verzila” adlandır, Qarabağı erməni torpağı elan elə, ermənilərə dünyanın ən mədəni və humanist, azərbaycanlılara isə ən qəddar, başkəsən, mədəniyyətsiz milləti de, sonra da “mən bunu ermənilərdə Azərbaycana qarşı məhəbbət oyatmaq üçün edirəm” deyə sudan quru çıxmağa çalış?! Belə “məhəbbət” dastanını bir Azərbaycan yazıçısı yox, ancaq Sasunlu David, Xaçatur Abovyan, Sero Xanzadyan, Zori Balayan qoşa bilərdi. Yəqin ki, təəssübkeş Ermənistan dövləti və erməni ictimaiyyəti Əkrəm Əylislinin bu “məhəbbətbazlığını” cavabsız qoymayacaq, məhrum edildiyi “Xalq yazıçısı” adının müqabilində ona Ermənistanın “İki dəfə Xalq Yazıçısı” adı verəcəklər.

Qanlı aprel olayları isə göstərdi ki, əvvəla, bizə ermənilərin məhəbbəti lazım deyil, ikincisi isə bu heç mümkün də deyil.

Qarabağ probleminin həllində ancaq və ancaq bir yol var – “Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək!” Bunu dünyanın ən humanist, qarışqanı belə tapdalamğa qıymayan şairi Füzuli deyir! Çünki bütün humanizmi ilə yanaşı Füzulidə şəhadət anlayışı var idi. Çünki Füzuli qriqoryan yox, müsəlman əxlaqına sahib idi. İndi Əkrəm Əylisli özünü Füzulidən humanistmi sayır?

Özünü zorla Azərbaycan xalqının fikirlərinin ifadəçisi kimi qələmə verməyə çalışan Əkrəm Əylisli işin əslinə getmək istəyirsə, qoy “Əsli və Kərəm”i yenidən oxusun. Və unutmasın ki, bu Azərbaycan xalqının sonu faciə ilə bitən bəlkə də yeganə məhəbbət dastanıdır. Xalq erməni “məhəbbəti” barədə yekun sözünü dastanda özü deyib və neçə əsrdir ki, zaman onun bu qənaətini təsdiq edir. Xalqa zorla vəkillik etmək lazım deyil. Bir neçə illik uğursuz millət vəkilliyi göstərdi ki, bu, Əkrəm Əylislidə alınmır.

Keçmiş xalq yazıçısı həmişə olduğu kimi dövlətlə xalq arasına yenə də nifaq alması atmaq istəyir. O, bəraət qazanmaq üçün prezidentə ünvanladığı məktubda belə xalqı dövlətə qarşı qoyur və hamının bildiyi bir həqiqəti ört-basdır etməyə uğursuz cəhd göstərir. Halbuki Əkrəm Əylisli də, onun arxasında duran sərhəd dışı qüvvələr də yaxşı bilirlər ki, Qarabağ məsələsində iqtidar-müxalifət söhbəti yoxdur və ola bilməz. Qarabağ ümummilli taleyüklü problemdir, xalqın sosial, siyasi, mənəvi birlik simvoludur. Heç bir erməni-daşnak əlaltısının heç bir təxribatı bu məsələdəki birliyə xələl gətirə bilməz!

Görəsən, bağışlanmaz günahları müqabilində ölkə başçısından bağışlanmaq diləyən Əkrəm Əylisli bircə dəfə özünə sual verirmi ki, axı nə oldu, necə oldu ki, mən – ölkənin adlı-sanlı, orden-medallı, mandatlı, əziz-giramı yazıçısı bu günə qaldım? Fikirləşirmi ki, dövlət başçısından mərhəmət dilənməkdənsə, şeytani təkəbbürünü, iblisanə mənəm-mənəmliyini bir kənara qoyub, didərgin düşən, şəhidlər verən xalqdan üzr istəməlidir? Çünki Azərbaycan Prezidenti erməni-daşnak təxribatçılarının yox, Azərbaycan xalqının fikir və arzularının, Ermənistan və Qondarma Qarabağ respublikasının yox, Azərbaycan dövlətinin mənafeyinin ifadəçisidir.

Əkrəm Əylisli Prezidentə müraciətlə “oğlum mənim günahım üzündən işini itirib” deyəndə yada salırmı ki, Qarabağda canını itirən minlərlə gənc var. Görəsən, Əylislinin oğlunun o şəhid cavanlardan nəyi artıqdır? Yox, bir üstünlüyü var – o, kollaborasionizmi üzündən bütün imtiyazlarını itirmiş, xalqın nifrətini, haqqın lənətini qazanmış bir yazıçının oğludur. Görəsən, övladlarını vətənə qurban verən X.R.Uluturük, S.Əhmədli kimi mərhum və ölməz qələm sahibləri Əkrəmin “daş yuxular”ına girirlərmi? Ona deyirlərmi ki, ay Əkrəm, adam olan kəs, yazıçı olan kəs Nobel mükafatına görə vətəni, milləti, vicdanı, Allahı tərəziyə qoymaz?! Bu xalqdan əlli ildir ki, əlli dəfə Nobel almısan, bəyəm bu sənə azlıq edir? Orxan Pamuk, Salman Rüşdü yerişi yerimə, qaz yerişi yeriyən ördəyin paçası aralı qalar?

Əkrəm Əylisli öz məktubunda utanc doğuran bir fəxarətlə mən sovet dönəmi Moskvada belə dərc olunmuşam, elə şöhrət qazanmışam, deyə bəyan edir. Bir sözlə, bağ belə, bostan belə, tağı da Əkrəm Əylislinin ürəyindən Eçmiədzin kilsəsinə kimi. Öz əsərlərinin, eləcə də orta səviyyədən də aşağı bir reportaj olan “Daş yuxular”n bədii-estetik məziyyətlərindən ağız dolusu danışan Əylisli fərqində deyil ki, daha sovet vaxtı deyil. İndi bütün gizlinlər aşkar olur. Aşkar olur ki, onun “povestuşkalarının” Moskvada qazandığı şöhrət bu əsərlərin orijinalı yox, sərbəst tərcüməçi Kalyaginanın hünəriylə bağlıymış. Əkrəm Əylisli Folkner, Aytmatov statusunda böyük bir yazıçı-filan yox, lokal təfəkkürlü bir əyalət mirzəsi imiş. Sən demə, onun qəhrəmanları ən uzağı kefli iskəndərlərin nəvələri olan alkaş qədirlər imiş. Sən demə, onun nəğməkar bibisi erməni qızı Anuş imiş. Onun ağ çiçəklərdən gəlinlik libası geymiş gilənar ağacı Eçmiədzin kilsəsinin dibində bitibmiş. Sən demə, Əkrəm Əylisli cahiliyyə dövrünün inancı olan ağacpərəstlikdən axır ki, dinə-imana gəlibmiş, sadəcə olaraq qriqoryan inancına və sair və ilaxir.

Möhtərəm oxucu, bütün bunları bir kənara qoyaq. Məni müstəntiqlikdə ittiham etməsinlər deyə son sualımı Əkrəmə yox, sənə ünvanlayacağam. Səncə, martın 31-də Venesiyada keçirilən ədəbi festivalda Azərbaycan əleyhinə böyük bir məruzə hazırlayan Əylislinin bu məruzəsi ermənilərin aprelin əvvəlində başlayan hücumu arasında bir əlaqə varmı?

İkinci sual: xoşbəxtlikdən səslənə bilməyən, Azərbaycan xalqına qarşı təhqirdən ibarət olan bu nakam məruzəni Əylislinin ala bilmədiyi Nobel nitqi saymaq olarmı?

Əsəd Cahangir

Xüsusi olaraq “Qafqazinfo” üçün