Ermənistan tərəfə keçən qadının fotosu yayılıb

ermenistan-terefe-kecen-qadinin-fotosu-yayilib
Oxunma sayı: 5267

İki gün əvvəl Ermənistan tərəfə keçən Qətibə Ələkbərovanın fotoları yayılıb.

Qafqazinfo”nun Ans press-ə istinadən məlumatına görə, onun anası Kübra Ələkbərova açıqlamasında bildirib ki, qızı bundan əvvəl də bir neçə dəfə evdən qaçıb:

“Onun dəfələrlə ruhi xəstəliyinə görə müayinə etdirmişdik və daima nəzarətdə saxlayırdıq. Sonuncu dəfə ayın 5-də gecə saatlarında evdən qaçıb və geri qayıtmayıb. Qətibə hər gün dərman atmasa yaşaya bilməz. Qızım Qazax Rayonlararası Ruhi Əsəb Xəstəxanasında müayinə edilirdi. Elə həmin gün də evdən Qazaxa-xəstəxanaya getmək adı ilə çıxıb və ondan sonra isə yox olub. Hələ də Ermənistana keçən şəxsin mənim qızım olduğunu dəqiq bilmirik. Sadəcə mətbuatın açıqladığı parametrlər həmin şəxsin Qətibə olması şübhəsini yaradır. İndi hər kəsi düşündürən onun sərhədi necə keçməsidir”.

Kübra Ələkbərova deyir ki, qızına görə çox narahatdır: “Qətibə xəstədir. Xahiş edirəm, dövlət qurumları qızımın qaytarılması üçün bizə kömək etsin”.

1977-ci il təvəllüdlü Qətibə İbrahim qızı Ələkbərovanın yaşadığı Gədəbəy rayonu, Arabacı kəndinin icra nümayəndəsi Habil Qasımov da bildirib ki, ruhi xəstə olan qadın kənddə ailəsi ilə birgə yaşayıb:

“Onlar ailədə 4 nəfərdir: Qətibə, onun anası, qardaşı və qardaşının həyat yoldaşı. Qadının bir qardaşının da psixoloji problemləri var idi. Bir müddət əvvəl o, dünyasını dəyişib. Qətibə özü isə ruhi xəstə olduğu üçün 2013-cü ildən 2015-ci ilə qədər ruhi əsəb dispanserində müalicə olunub. Bir ildir ki, xəstəxandan çıxmışdı. Həmin xəstəxanadan ruhi xəstə olmasına dair sənədi də var. Evdə dərmanlar qəbul edirdi. İyunun 5-də ailə üzvləri 39 yaşlı qadının yoxa çıxması barədə məlumat verdilər. O gündən hər kəs onu axtarırdı”.

İcra nümayəndəsi onu da bildirib ki, Qətibə Ələkbərova bir dəfə ailəli olub, ancaq övladı yoxdur. Qadın boşanaraq ata evinə qayıtıb.

Xatırladaq ki, erməni mediası daha öncə sərhədi keçən qadının adının Vəliyeva Zöhrə Vardzor qızı olduğu iddia edirdi.