“İstəyim Təhsil Nazirliyinin dağıdılması yox, yenidən qurulmasıdır”

isteyim-tehsil-nazirliyinin-dagidilmasi-yox-yeniden-qurulmasidir
Oxunma sayı: 675

Az sonra isə digər saytların birində təhsil eksperti Səftər Nəhmətli həmin müsahibəyə münasibətini dərc edib. Münasibətin özəti budur: “..Ola bilər, Əlövsət Osmanlı əsəblərini cilovlaya bilməyib bu cür fikirlər işlədib. Düşünürəm ki, Təhsil Nazirliyinin ləğvinə çalışmaq yox, bu sahədə olan problemləri həll etmək lazımdır”.

Məsəlylə bağlı Ə. Osmanlı yeni açıqlama yayıb. “Qafqazinfo”nun məlumatına görə, o bildirib ki, sözügedən müsahibədə yeni hazırlanacaq “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya” sənədində bəzi məqamların nəzərə alınması barədə xeyli təkliflər verib: “Həmin təkliflərdən biri də belədir: “Təhsil Nazirliyi ləğv edilməli, əvəzində isə Elm və Təhsil Nazirliyi yaradılmalıdır”. Göründüyü kimi, “Qafqazinfo” fikrin ikinci hissəsini ataraq birinci hissəsini başlığa çıxarıb. Çox doğru da eləyib. Düşünürəm ki, Səftər müəllimin belə münasibət sərgiləməsinin təməlində mənim “əsəblərimi cilovlaya bilməməyim” yox, onun müsahibəni diqqətlə oxumaması dayanır.

Sual oluna bilər: Bəs, bu təklifin məntiqi əsası nədən ibarətdir? Əvvəla, onu deyim ki, elmi və təhsili bir-birindən ayırmaq doğru deyil. Çünki elmsiz təhsil, təhsilsizsə elm ola bilməz. İkincisi, heç olmasa, nəzərə almalıyıq ki, minbir tellərlə bağlı olduğumuz MDB məkanında Türkmənistan, Tacikistan və Moldovanı çıxmaqla, yerdə qalan ölkələrdə bu qurumun adı “Təhsil Nazirliyi” yox, “Elm və Təhsil Nazirliyi”dir. Əlbəttə, burada söhbət kimlərisə yamsılamaqdan yox, məntiqdən gedir. Bir halda ki, bizim universitetlərin əksəriyyəti Təhsil Nazirliyinin tabeçiliyindədir və onların nəzdində elmi-tədqiqat mərkəzləri (institutlar və laboratoriyalar) fəaliyyət göstərir, onda bu qurumu necə “Təhsil Nazirliyi” adlandırmaq olar?! Əgər biz, doğrudan da, qurumun adını “Təhsil Nazirliyi” kimi saxlamaq istəyiriksə, onda fəaliiyyətinin xeyli hissəsi elmı-tədqiqat işləri olan universitetləri onun tabeçiliyindən çıxarıb yaradılacaq hansısa yeni bir qurumun çatısı altına yığmalıyıq. Üçüncüsü, ola bilər, opponentlərim belə sual versinlər: Məsələn, niyə Türkiyədə bu qurumun adı bizdəki kimi “Təhsil Nazirliyi”dir? Xatırladıram ki, bizdən fərqli olaraq, Türkiyədə universitetlər Təhsil Nazirliyinin yox, Yüksək Öyrətim Kurulu (YÖK) deyilən qurumun nəzarəti altında fəaliyyət göstərir. Göründüyü kimi, mənim istəyim Təhsil Nazirliyinin dağıdılması yox, yenidən qurulmasıdır”.