Ləman ANS-dən çıxıb? - Telekanaldan qəribə açıqlama

leman-ans-den-cixib
Oxunma sayı: 9807

Ötən gecədən etibarən ANS-in tanınmış jurnalisti Ləman Ələşrəfqızının sosial şəbəkə hesabında paylaşdığı status müzakirələrə səbəb olub.

Qafqazinfo” xəbər verir ki, o, haqsızlıqdan, ədalətsizlikdən yorulduğunu vurğulayıb:

"20 ildir jurnalistikadayam. Bu sahədə fəaliyyətim şükür Allaha göz qabağındadır. Nə plagiatlığım oldu, nə adımdan sui-isifadəm. Zərdabi mükafatını da, Əməkdar jurnalist adını da utana-utana yox, alın tərimlə qazandım. Dekabrdan bu yana hazırladığım sənədli filmlər də düşünürəm ki, mənə yaradılmış imkan daxilində yetərincə maraqlı işlərdir. Artıq filmin sonuna gəldim. Sözün hər cür anlaşılan mənasında işim bitdi. Bu işi qiymətləndirənlərə sağ olun deyirəm, görməzdən gələnləri vicdanlarıyla baş-başa buraxıram. Bu müqəddəs bayramda Allah hər kəsin ürəyincə versin! Çox yoruldum. Hər şeydən, haqsızlıqdan, ədalətsizlikdən, başında üçcə dənə tükdən başqa heç nəyi olmayanların hikkəsindən, mənəm-mənəmliyindən, çığır-bağırından. Jurnalistikanı isə sevirəm və çoxlarının acığına hələ uğurlarım qabaqdadır!"

Statusa bir çox həmkarı münasibət bildirərək Ləman Ələşrəfqızının sözügedən paylaşımla ANS-dən getməyinə işarə vurduğunu qeyd ediblər. Ancaq jurnalist haqqında yazılanlara heç bir münasibət bildirməyib. Bu da müzakirələrin daha da böyüməsinə səbəb olub.

Məsələ ilə bağlı “Qafqazinfo” ANS şirkətlər qrupunun media məsələləri üzrə müşaviri Mayis Məmmədovla əlaqə saxlayıb. O, Ləman Ələşrəfqızı barəsində danışmaq istəmədəyini və sualları jurnalistin özünə ünvanlamağımızı diqqətimizə çatdırdı.

Qeyd edək ki, dünən axşamdan etibarən jurnalist mobil telefonuna edilən zəngləri cavablandırmır.

Xatırladaq ki, bir müddət öncə məşhur jurnalistlər İlhamiyyə Rza, Kəmalə Əlisgəndərqızı da ANS-dən ayrılıblar. Kanalın digər tanınmış simaları Səbinə Heydərova, Sevda Həsənova (Böyük Seva) və Natiq Nailəoğlunun da işdən çıxması haqda mediada xəbərlər yayılsa da, ANS bu xəbərləri təkzib edib.

Günel Türksoy