Prezidentin məmurlara çağırışını zəruri edən nədir?

prezidentin-memurlara-cagirisini-zeruri-eden-nedir
Oxunma sayı: 3184


Prezidentin belə bir çağırışını zəruri edən nədir?

“Qafqazinfo” nun məlumatına görə, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov “Media forum” saytının sualına cavabında deyib ki, Azərbaycan böyük dövlətlərin əhatəsində yerləşir, bır sıra təşkilatların Azərbaycanda maraqları və müxtəlif məsələlər üçün çalışan qurumları var: “Onlar insanları müxtəlif formada yoldan çıxarmağa, təsir dairəsinə salmağa cəhd göstərə bilərlər. Yaxud da onların düşdüyü vəziyyətdən istifadə edib təsir göstərə bilərlər. Prezident İlham Əliyev bu məsələlərə toxunaraq qeyd edib ki, məmur xarici dairələrin təsiri altında düşməməlidir. Əgər dövlət məmuruna belə bir təsir göstərilirsə, o mütləq aidiyyəti orqanlara məlumat verməlidir. Təsirin qarşısının vaxtında alınması üçün məlumat vermək vacibdir”.

Siyavuş Novruzov qeyd edib ki, bir neçə il əvvəl xarici ölkələrdən birinin Azərbaycandakı səfiri bir neçə naziri yanına çağıraraq partiya yaratmağı, ictimai-siyasi işlərlə məşğul olmağı təklif edib: “Onların bir neçəsi səfirin dediyini elədi, o yola yuvarlandılar. Sonra da aydın oldu ki, bütün bu işlər səfirin təhriki ilə edilib. Həmin nazirlər haradasa qəbahətə yol vermişdilər və səfir də bundan istifadə edib nazirlərə təsir göstərmişdi. Biz belə məsələlərin şahidi olmuşuq. Cənab prezidentin məsələni gündəmə gətirməsi təsadüfi deyil. Çünki Azərbaycan kiçik dövlətdir və böyük iqtisadi inkişafı var. Bizi gözü götürməyən dövlətlər var. Onlar müxtəlif yollarla Azərbaycandakı ictimai-siyasi sabitliyi pozmağa, xoşagəlməyən müxtəlif halların ortaya çıxmasına cəhd göstərirlər. Onların bu sahədə geniş imkanları var. Bəzi siyasi partiyaları, QHT-ləri müxtəlif vasitələrlə təsir altına salıb anti-dövlət, anti-xalq istiqamətinə yönəltdikləri kimi məmurlara da elə təsir göstərə bilərlər. Ona görə də prezident İlham Əliyev hamını xəbərdar etdi”.

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, prezident İlham Əliyevin məmurlardan xarici dairələrin təsirinə düşməmək tələbi ümumi fikir kontekstində deyilməyib: “Bu, ünvanlı mesajlardan biridir. Əslində, konfransda səslənən fikirlərin bir xeyli hissəsini prezidentin ənənəvi çıxışı kimi qəbul etmək olar. Amma məmurların xarici dairələrin təsirinə düşməməsi haqda dedikləri vacib elementlərdən biridir. Deməli, İlham Əliyev bilir ki, onun komandasında xarici təsirlərə məruz qalan nazirlər, məmurlar var”.

Ərəstun Oruclu qeyd edib ki, vəziyyətin necə olduğunu bilmək üçün son beş-altı ayın proseslərinə baxmaq, xüsusən də seçki ərəfəsində və sonra Azərbaycan məmurlarının açıqlamalarına, onların nəzarətində olan saytlarda, qəzetlərdə aparılan kampaniyaya diqqət yetirmək kifayətdir: “Onların ABŞ-Azərbaycan münasibətlərinə vurduqları zərbənin miqyası çox böyükdür. Şübhəsiz ki, ABŞ-Azərbaycan münasibətlərini pozmağa yönəlmiş addımlar lokal fəaliyyət deyil. Bunun arxasında ABŞ-ın rəqibi olan Rusiyanın marağı dayanır. Həmin açıqlamaları verən məmurların və onlara yaxın olan insanların Rusiyaya loyallığını da nəzərə alsaq, artıq səhnə tamamlanmış olur. Hesab edirəm ki, prezidentin mesajı da elə bu istiqamətdə idi.

Azərbaycanın hazırkı hakimiyyətinin yüksək pillələrində ABŞ-a və ya Avropaya xüsusi rəğbəti olan nazirlərin, məmurların olduğuna inanmıram. Söhbət əsasən Rusiyadan gedir. Burada disbalans yaranıb. Mərhum dövlət başçısı Heydər Əliyev dönəmində Rusiyapərəstlərlə Qərbpərəstlərin balansı vardı. Amma 2003-cü ildən sonra həmin balans Rusiyanın xeyrinə pozuldu, pozulmaqda da davam edir. Son illərdə bu daha da güclənib. O həddə güclənib ki, dünyanın yeganə superdövləti olan ABŞ-ın Riçard Morninqstar səviyyəsində səfiri Azərbaycan mətbuatında yolverilməz üsullarla ittiham olunur. Bu, məmurlar arasında balansın Rusiyanın xeyrinə pozulmasının fəsadıdır. Ona görə də prezidentin mesajının konkret ünvanı var”.

Ərəstun Oruclunun fikrincə, prezidentin mesajının obyekti olan məmurların cəzalandırılacağı ehtimalı var.