“Qafqazinfo” xəbər verir ki, bu gün Krım Ali Radasının spikeri Vladimir Konstantinov Krımın Ukraynadan ayrılması məsələsinin gündəliyə çıxarıldığı haqda yayılan xəbərləri təkzib edib. V.Konstantinov bu xəbərləri yayanların yarımadada qarışıqlıq və hakimiyyətsizlik yaratmaq istəyən qüvvələr olduğunu deyib. Krım parlamentinin qarşısına toplanan 10 minə yaxın vətəndaşa müraciət edən Konstantinov onları Ukraynanın ərazi bütövlüyü naminə bütün təxribatların qarşısını almağa çağırıb.
Krım parlament binasının daxilində ciddi gərginlik yaşanıb. Krımın Ukraynada qalmasının tərəfdarlar olan Krım tatar məclisinin üzvləri ilə Rusiyayanlı “Rus birliyi” Partiyasının üzvləri qarşı-qarşıya gəliblər. Toqquşmalar nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. Bu barədə TRT –nin Krımda olan müxbiri məlumat yayıb. Krım tatarları “Rus birliyi” təmsilçilərinin əlindəki Rusiya bayraqlarını alaraq yandırıb. Parlament binasına daxil olan tatarlar Krımın Rusiyaya birləşdirilməsi təşəbbüsünü qaldıran deputatlara hücum edib. Onların qarşısını Krım Tatar Məclisinin sədri Refat Çubarov alıb. Mitinqçiləri sakitliyə dəvət edən Çubarov yenidən parlament önündəki etirazçıların qarşısına çıxaraq Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı heç bir qərar olmayacağını və yarımadanın Ukraynanın tərkibində qalacağını deyib.
“Rus birliyi” Partiyasının liderləri də öz tərəfdarlarına səslənərək gec-tez Rusiyanın Krımı xilas edəcəyini bildirib.
Ria Novosti isə yazır ki, Rusiya Silahlı Qüvvələrinin Baş Komandanı prezident Vladimir Putin Ukrayna sərhədində olan qoşunların yüksək hazırlıq vəziyyətinə gətirilməsi əmri verib.
Rusiya müdafiə naziri Sergey Şoyqu bu haqda açıqlamasında deyib ki, məqsəd qərb və mərkəz bölgələrdəki ordunun hazırlıq vəziyyətinin yoxlanmasıdır. Müdafiə nazirinin sözlərinə görə, Rusiya ərazidəki hava, quru və dəniz qüvvələrində eyni zamanlı yoxlamalar aparacaq. Proses martın 3-dək davam edəcək.
Yayılan xəbərlər onu göstərir ki, Krımdakı gərginlik hr an kütləvi qırğınlara çevrilə bilər. Mütləq qeyd olunmalıdır ki, Krım əhalisinin 58 faizi ruslardır. Onlar Krımın Ukraynadan ayrılaraq, Rusiyaya birləşdirilməsi tərəfdarı kimi çıxış edirlər. Əhalinin 20 faizini təşkil edən Krım tatarları – türklər isə Ukraynanın bütövlüyündən yanadırlar.
Kiyevdə isə müvəqqəti hökumətin formalaşdırılması prosesi davam edir. Ali Radanın sədri, prezident səlahiyyətlərinin icraçısı Turçinovun qərarı ilə Avromaydan mühafizə qrupunun fəallarından biri daxili işlər nazirinin müavini postuna təyin edilib.
Fevralın 21-də Kiyevi tərk edib qeybə çəkilən Yanukoviçin izinə düşmək isə hələlik mümkün olmayıb. Hüquq-mühafizə orqanlarının və təhlükəsizlik xidmətinin birgə əməliyyatları heç bir nəticə verməyib. Ehtimal edilir ki, Yanukoviç Qara Dəniz Donanmasının gəmilərindən biri ilə Rusiya ərazisinə keçib. Bir sıra media quruluşları isə xəbər yayıb ki, Yanukoviç iki oğlu ilə birlikdə artıq Rusiyaya qaçıb və orada yerləşib.
Krımda baş verən hadisələr və rus ordusunun Ukraynaya müdaxilə edə bilmə ehtimalı haqda xəbərlər Rusiyanın iqtisadiyyatına çökdürücü təsir göstərib. Rubl son illərdə görünməyən bir sürətlə dollar qarşısında dəyərini itirib. Musavat.com
Son xəbərlər
Son Xəbərlər