Yanımızdan ötüb keçən Əhmədlər...

yanimizdan-otub-kecen-ehmedler
Oxunma sayı: 4271

Hər gecə yuxuma iki gənc oğlan gəlir, ciblərində narıncı toz Bayıl təpələrində gəzişirlər, nə onlar deyir, nə mən soruşuram, ancaq nədənsə bilirəm ki, onlar hər axşam Bayıl təpələrindən Bakıya xoşbəxtlik səpirlər. Bir gün gəlməsələr, şəhər qaramata qərq olar. Gün batana yaxın əllərini ciblərinə salır, narıncı tozu Bakının üzərinə səpirlər... Bəzən döyülürlər, bəzən həbs olunurlar, ancaq sonda yenə də çıxıb bir-birilərinə təbəssümlə baxırlar, heç nə demədən Günəşin batmağını gözləyirlər. Günəş batanda yenidən hər tərəf narıncıya boyanır.

Bir də atam... Hər gecə... Əvvəlcə əlinə tüpürüb baltanı götürür, bir zərbə ilə yoğun-yoğun odunları kəsir. Sonra baltanı mənə uzadır. Bəzən götürürəm, bəzən götürmürəm. Baltanı qaldırıram... Ancaq nə qədər zərblə vursam da, ağzı oduna çatmır, saatlarla yol gedir.

Atam həm də usta idi. Hər şeyini paylaşmağa razı idi, bircə alətlərindən başqa. Atam təbiətin maestrosu idi. Hamının on zərbəyə kəsdiyi odunu o, iki zərbəyə kəsirdi – hamıdan güclü olduğu üçün yox, baltanı necə tutmağı hamıdan yaxşı bildiyi üçün.

O, evdə olmayanda qonşular gizlincə gəlib anamdan onun alətlərini istəyərdi. Elə bilirdilər ki, kəramət alətdədir, ancaq bilmirdilər ki, əl həmin əl deyil...

Qonşularımızdan biri həmişə atamın alətlərini qırıb qaytarardı. Bilərəkdən yox, naşılıqdan. İşləyə bilməzdi. Həmişə də sınıq aləti qaytaranda sözü belə olardı:
“Vallah, özü belə idi, mən nəsə eləmədim”.

İllər keçəndən sonra bir avqust günü həmin qonşumuz həyətin ortasında durduğu yerdə torpağa çırpılanda, onun cansız bədənini xəstəxanalarda gəzdirib sabahı gün qaynar torpağa uzatdığımızda o, sanki həmin sözü təkrarlayırdı: “Bu ömür özü belə idi, mən heç nə eləmədim”.

İnsan var, bu həyatı test kimi yaşayır, doğulur, bədənini skafandr kimi ruhuna taxıb ona veriləcək komandaları gözləyir. Sınaq kimi göndərildiyi kosmosdan da salamat qayıdır, ancaq heç vaxt yuxuda kosmosda ola bilmir.

Hər gün ətrafımızdan yüzlərlə cinayətkar keçir; bəziləri az sonra tutulacaq, bəziləri illər sonra özləri dözməyib cinayətlərini etiraf edəcək, bəziləri də etdiyini qubara çevirib qəbrə aparacaq. Ancaq ən təhlükəliləri potensial cinayətkarlardır; yanınızdan ötüb keçir, ağlında məşum bir cinayət planı...

Bəlkə də Əhməd həmin gün Bakıda iyirmi nəfərlə görüşüb, yüz adamın yanından keçib... Olmasın Əhməd, olsun Məmməd... Hər gün onlarla qubarlı, qorxunc, çarəsiz insan ötüb keçir yanımızdan. Bizi intihara, cinayətə sürükləyən problemlərin əksəri nail ola bilməyəcəklərimiz deyil, nail ola biləcəyimiz, ancaq hansısa səbəblərdən yaxınına düşə bilmədiklərimizdir.

Bu yazı potensial cinayətkarlar üçün deyil, onlar həmin əhvalda yəqin ki, bu yazını oxumayacaqlar.

Bəs siz?

Bəlkə siz maestrosunuz!

Yanınızdan keçən o insanların həyatına müdaxilə edə bilərsiniz!

Bir təbəssümlə. Bir salamla. Bəlkə də onlardan yol soruşmaqla...

Böyük maestronun üzümüzə çəkdiyi həmin qırışlar hərəsi bir dirijor çubuğu deyilmi? Bir təbəssüm qonaq edin o yuvaya, tərpənsin o çubuqlar. Sizin qarşınızdan anlaqsız vəziyyətdə keçən yüzlərlə insan əslində alətlə gəzən ansambldır, bəlkə də məhz sizin hərəkətinizə möhtacdır.

Bəli, bəlkə də siz maestrosuz.

Hər gecə mənə uzatsa da, atamın baltası ilə heç nə eləyə bilmirəm. Əllərimi cibimə salıram, narıncı tozum da yoxdur.

Bəllidir, mən maestro deyiləm.

Mənimki bura qədərdir, həmin yuxuları görürəm və oyanıram.

Bu dünyada tuta biləcəyimiz 15 milyard əl var. Yelləyəndə on beş milyard sərin meh yaranır, dua edəndə yeddi milyard kitaba oxşayır, əl çalanda yeddi milyard səs çıxır...

Tərpədin o qırışları, baltalar odunlara çırpılsın, qanlar damarlarda axsın, alın tərini silən insanlar “sayənizdə” desin.

Sərdar Amin, 

Xüsusi olaraq “Qafqazinfo” üçün