Yerli otellər yaya hazırdır - Endirim olacaq!

yerli-oteller-yaya-hazirdir
Oxunma sayı: 5977

Pandemiya dövründə ən çox zərərçəkmiş sektorlardan biri də elə turizm oldu. “Qafqazinfo” xəbər verir ki, bir neçə aydır ki, fəaliyyətini dayandıran istirahət mərkəzləri karantin şəraitində yeni mövsümə hazırlaşır. Belə ki, artıq reklam kampaniyalarına start verən otel və istirahət mərkəzlərində mövcud şəraitə uyğun olaraq bir çox yeniliklər edilib. 

Bəs yerli turistlərin ötən illərdən fərqli olaraq bu yay mövsümündə daha çox səfərlərini regionlara planlaşdırması qiymətlərə necə təsir edəcək?

Bu günə kimi ölkədaxili istirahət, otellərin təklif etdiyi qiymətlər əksər hallarda vətəndaşlar və ekspertlər tərəfindən tənqid olunub. Onlar xaricdə gündəlik 20-30 manata rahat gecələyə bildiyi təqdirdə bu rəqəmin bölgələrimizdə 2-3 dəfədən daha artıq qiymətə başa gəldiyini vurğulayıb. Qeyd etdiyimiz kimi, bu il vətəndaşlar daha çox ölkədaxili turlara üstünlük verməli olsalar da, mövcud vəziyyətlə bağlı maddi baxımdan müəyyən sıxıntılar yaşayırlar. Necə deyərlər, istirahətə istək çox, ancaq büdcə az.

Elə Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə də “Qafqazinfo”ya məsələ ilə bağlı açıqlamasında bildirib ki, bu il qiymət siyasətinə çox həssas yanaşmaq lazımdır:

“Dövlət Turizm Agentliyi qiymətlərin formalaşdırılmasında iştirak etmir. Normalda qiymətləri bazar müəyyənləşdirir. Ancaq hazırda bir qədər fərqli vəziyyət, həssas dövrdür. Dünyada, eləcə də, Azərbaycanda insanların gəlirləri azalıb. Hətta gəlir mənbəyini itirənlər də var. Biz sahibkarlara, assosasiyalara tövsiyə edirik ki, bu yay mövsümündə qiymətlər əlçatımlı olsun. Bu dəfə gəlirdən çox imici düşünmək lazımdır. İnsanlar uzun müddət dörd divar arasında oturub və çölə çıxmaq istəyəcəklər. Yaxın zamanlarda vətəndaşlarımızın digər ölkələrə getmək şansı olmayacaq. Qiymətlərin hər bir büdcəyə uyğun təklif edilməsi bu günün tələbidir”. 

K. Quluzadənin sözlərinə görə, hazırda Azərbaycan turizmi start mərhələsinə tam hazırdır:

“Hazırlıq mərhələsindəyik. Əsas məqsədimiz sənayeni, iş yerlərini qorumaqdır. Növbəti mərhələ daxili turizmin açılmasıdır. Bu da iri şəhərlərlə regionlar arası gediş-gəlişin bərpasından sonra baş tutacaq. Karantinin bitdiyi günün səhəri ölkədə yeni turizm siyasəti başlayacaq. Üçüncü mərhələ qonşu ölkələrlə, dördüncü mərhələ isə ümumilikdə dünyayla sərhədlərin açılmasıdır. 

Bütün sahələr üzrə təlimatlar hazırlanıb. Artıq otellər fəaliyyət göstərir. İstirahət mərkəzləri loqolaşdırılması planlaşdırılır. Loqolar vasitəsilə insanlar biləcək ki, orada qalan şəxslər qorunub və tam təhlükəsizdir”. 

Bölgələrdə fəaliyyət göstərən bir neçə otellərə ümumi nəzər saldıqda görürük ki, artıq yay ayları üçün müxtəlif kampaniyalara start verilib. Xüsusilə də otellər öncədən rezervasiya edən müştərilər üçün endirim paketləri hazırlayıb. 

Artıq iyunun 1-dən fəaliyyətə başlamağa hazırlaşan 5 ulduzlu “Khazar Palace Lankaran” otelində qonaqların rahatlığını və gigiyenasını təmin etmək üçün dezinfeksiyaedici tuneldən keçmələri məcburidir. Belə ki, sözügedən tuneldə dumanlama üsulu ilə püskürdülən dezinfeksiya maddəsi dezinfeks dumana çevrilir və toxunduğu yerlərdə insanı islatmadan mikro-orqanizmləri məhv edir. Dezinfeksiya tunelinin içərisində olan nozllar vasitəsilə avtomatik olaraq tətbiq olunan dezinfektor istifadəçilərin üzərindəki geyimlərin, əl və üz daxil olmaqla bütün bədən səthinin dezinfeksiya olmasını tam təmin edir. Oteldə xüsusi paket kimi 2 nəfər üçün 2 gecə 3 günlük gecələmə 160 AZN-ə təklif olunur. Qiymətə səhər yeməyi, fitnes mərkəzi, hovuzdan və saunadan istifadə daxildir.

Qafqaz Qəbələ otellərində erkən rezervasiya edənlərə endirimdən yararlanmaq şansı verilir. Belə ki, 7 gün əvvələcədən edilən rezervasiyalara 20%, 14 gün əvvəlcədən edilən rezervasiyalara 25% endirim mövcutdur. Bildirilib ki, otaqlar tam dezinfeksiya olunub.

5 ulduzlu “EL Resort Qakh Hotel” iyun ayının 15-dən fəaliyyətə başlamağa hazırlaşır. Oteldən hazırda və gələcək aylar üçün hələ ki, hər hansı kampaniya nazərdə tutulmadığı bildirilib. Oteldə 2 gün 1 gecə səhər yeməyi daxil 2 nəfərlik qiymət 128 AZN nəzərdə tutulub.

Bundan başqa, rayonda fəaliyyət göstərən Yurd otelində hazırda endirim kampaniyası nəzərdə tutulub. Belə ki, oteldə 1 gecəlik qiymət 99 AZN olsa da, iki gecə üçün 179 AZN təklif olunur. 

“Quba Palace Hotel”də iyun ayı üçün istənilən tarixə otaq sifariş edənlərə 20% endirim təklif edir. Kampaniya 31 may tarixinədək keçərlidir. 

"Palmalife Lənkəran" otelinin müdiri Rəşad Əzizov bu yay bir sıra endirim kampaniyaları nəzərdə tutduqlarını bildirib:

"Məlum səbəblərdən yay mövsümünün hazırlığına bir qədər gec başladıq. Hesab edirəm ki, pandemiya bizim bölgənin turizminə çox ciddi təsir etdi. Yeni magistral yolun açılması nəticəsində son iki ildə turist axınında ciddi artım müşahidə edirdik. Buna uyğun olaraq yeni planlar, yeni hədəflər müəyyənləşmişdi ki, pandemiya bütün bu planları alt-üst etdi. Artıq hər şeyi yenidən başlamaq lazım olacaq. Lakin müvəqqəti çətinliklərə uyğunlaşmağımız vacibdi. Hər il yay mövsümündə xarici ölkələrdən, xüsusən Rusiyadan çoxlu turistlərimiz olurdusa, bu mövsüm, ehtimal edirik ki, bu kateqoriyaya aid qonaqlarımız azlıq təşkil edəcək. Lənkəran zəngin turizm bölgəsidir və bunu özümüz üçün ciddi üstünlük hesab edirik. Dəniz və dağlar, meşələr, ləziz və rəngarəng mətbəx, bölgənin qonaqpərvərliyi - bütün bunların sayəsində yay mövsümünü maksimum uğurlu şəkildə keçirəcəyimizə ümid edirik. Qiymət artımı nəzərdə tutulmur. Əksinə, bir sıra endirim kampaniyaları nəzərdə tutulub ki, yaxın zamanda bu barədə geniş məlumat verəcəyik. Hələlik 2 nəfər üçün 70 AZN-dən başlayan qiymətlərlə qonaqlarımızı otelimizdə gözləyirik".

Şamaxıda yerləşən Sakit göl Hoteldən bildirilib ki, otel hazırda fəaliyyətini bərpa edib və yay aylarında da standart qiymətlərlə vətəndaşlara xidmətini davam etdirəcək. Hazırda hər hansı endirim kampaniyası nəzərdə tutulmur. Oteldə həftə içi (bayram günləri xaric) 1 gecə 2 gün 2 nəfər üçün standart nömrə 120 AZN-dir.

Turizm üzrə mütəxəssis Rəhman Quliyevin sözlərinə görə, regionlardakı otellər düzgün qiymət siyasəti yürütsə, vətəndaşlar üçün minimum qiymətlərlə bazara çıxsa, insanların oraya gəlməsini təmin edə bilər.

“Bugünkü gündə regionlarda olan otellər yerli turistlərlə müəssisələri saxlamaqda  çətinlik çəkəcək. Çünki regionlara gedən turistlər adətən səhər gedib axşam qayıdırlar. Bu da, o demək deyil ki, otellər yerli turistlərlə öz otellərini saxlaya, işçi qüvvəsini dolandıra biləcəklər, ayaqda qalacaqlar. Burada ən əsas məsələ qiymətdir”. 

Günel Hacı