Bu il də küləyə qalib gəldilər... - Fotolar+Video

bu-il-de-kuleye-qalib-geldiler
Oxunma sayı: 4784

Mayın 5-də “Bakı Marafonu 2024” keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü və “Küləyə qalib gəl” şüarı ilə keçirilən yarışa 18 mindən çox iştirakçı qatılıb.

Marafona Xalq artisti Aygün Kazımova start verib.

Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan əcnəbilər, Almaniya, Çin, Fransa, Gürcüstan, Hindistan, İraq, İran, İtaliya, Kanada, Qazaxıstan, Pakistan, Rusiya, Suriya, Türkiyə, Ukrayna və digər ölkələrin vətəndaşları da qoşulub. Artıq 7-ci dəfədir təşkil olunan Bakı marafonu insanları böyük coşqu ilə ətrafına toplayır. Hər il olduğu kimi, bu il də Bakı marafonunun fəxri iştirakçıları olub. Ayrı-ayrı sahələrdən 200-dən çox şəxs fəxri iştirakçı kimi yarışıb.

“Bakı Marafonu 2024”ün mükafatlandırılması iki kateqoriyada olub.

Belə ki, qadınlar arasında ukraynalı Nataliya Semenoviç birinci olub. Azərbaycan təmsilçisi Anna Yusupova marafonu ikinci, qazaxıstanlı Nelli Qaitova üçüncü pillədə başa vurublar.

Kişilərin mübarizəsində türkiyəli Ahmet Alkanoğlu finişə hamıdan tez çatıb. İkinci yeri ukraynalı Boqdan Semenoviç, üçüncü yeri uqandalı İsmail Senyange  tutub.

İlk 3 yerin sahiblərinə, müvafiq olaraq, 3000, 2000 və 1000 manat pul mükafatları, medal və diplomlar təqdim olunub.

Bununla yanaşı, yarışın ən gənc, ən yaşlı və digər nominasiyalardakı iştirakçıları hədiyyələrlə mükafatlandırılıb.

Bütün marafon iştirakçılarına və yarışın təşkilinə dəstək göstərən könüllülərə sertifikatlar təqdim edilib. Qeyd edək ki, marafonun təşkilində 400 nəfərlik könüllü komandası iştirak edib.

Qeyd edək ki, 2016-cı ildən 21 km məsafədə təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır. Hər il iştirakçılarının sayının artması da yarışa olan marağın göstəricisidir. Builki marafonda da xüsusi qayğıya ehtiyacı olan şəxslər iştirak edib.

Marafona səhər saat 10-da start verilsə də, saat 7-dən etibarən Bayraq Meydanında yarış əhval-ruhiyyəsi yaşanıb. Burada təşkil olunan atletlər zonasında iştirakçılar üçün yarışdan əvvəl pilates, fitness, yoqa, isinmə, boks, zumba, kardio üzrə məşqlər keçirilib, yarış zonasında yarışı dəstəkləyənlər üçün isə əyləncə dolu “fan zona” - musiqi, DJ-lər, əyləncə proqramları təşkil edilib.

Yarışın start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olub. Marafonun marşrutu Dənizkənarı Bulvarı, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edib.

Marşrut boyu DJ-lər, könüllülərdən ibarət əyləncə komandaları marafonçuları qarşılayıb, xüsusi könüllü qrupları iştirakçıların marşrut boyu istiqamətləndirməsinə köməklik edib. 21km-lik yolda maskotlar, su, nəqliyyat və tibb məntəqələri də təşkil olunub.

Qaliblərin mükafatlandırma mərasimi musiqi proqramı ilə müşayiət olunub. Səhnəyə bir çox tanınmış ifaçılar - Ayaz Babayev, Aytən Məhərrəmova, Ceyhun Zeynalov (Cin), Dilarə Kazımova, Hiss, Qurd, Kazımcan, Könül, Madteen & Rəssam, Mehin Hümbətova, Murad Arif, Nəsimi Məmmədov, Nura Suri, Nuran, Səmra, Sivva,  Tofiq Hacıyev, Vüsal Hacıyev çıxaraq sevilən mahnılarını səsləndiriblər.

“Bakı Marafonu 2024”ün eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirir.

Marafon Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, SOCAR, Dənizkənarı Bulvar İdarəsi və “Regional İnkişaf” İctimai Birliyinin  (RİİB), Azərlotereya ASC, Skechers, GAC Motors, Push30, Badamlı, Liv Bona Dea Hospital, “Carlsberg Group” un dəstəyi ilə təşkil olunub.

Marafonun əyləncə zonasının təşkilinə Xəzər Media Mərkəzi, o cümlədən, könüllü proqramının təşkilinə “ASAN Könüllüləri” dəstək göstərib.