Məni dağıntılar altından Mahsun Kırmızıgül çıxardı...

meni-dagintilar-altindan-mahsun-kirmizigul-cixardi
Oxunma sayı: 11153

Zəlzələ baş verəndə içimdə bütün türk dünyası yıxılmışdı. Mənə elə gəlirdi ki, dağıntılar altında təkcə onminlərlə insan deyil, bütün türk dünyası qalıb. Özümü çarəsiz, qorumasız, hər an yerin altına gömüləcək dünyanın ən hündür “Bürc Xəlifə”si kimi hiss edirdim... Ən hündürdən yıxılan adamı gəzdirirdim içimdə...

Gizlətmirəm, türkün bütün ucalığı zəlzələnin altında idi. Fransızların “Charlie Hebdo” jurnalının “Tanklara ehtiyac olmadı” karikaturasına qəzəblənsəm də, dəhşətli mənzərəni görüb “adamlar haqlı” deyərək qəzəbimi içimə çəkmişdim.

Və bu arada komandirimlə danışdım. Arabir zəng edib kefini soruşuram dünyanın ən əzəmətli komandirlərindən saydığım Qalib Qədirovun. Komandir bu dəfə telefona cavab verəndə, səsi çox rabitəsiz təsir bağışlayır:

- Elbrus, açıq ürək əməliyyatı keçirmişəm, özündən muğayət ol, hər an hər şeyə hazır olmaq lazımdır... Doktor Kamran Musayev olmasaydı, komandirin indi yox idi...

Əsgərlikdə xidmət etdiyim tank bölüyünün komandiri bu həyatda olmasa, mənim necə əliyalın, ordusuz olacağımı bütün yaxınlarım bilir...

Ona nə deyəcəyimi, bu varla-yoxun arasında necə təsəlli ola biləcəyimi düşünə-düşünə:

- Sizi bu axşam 17 il sonra Bakıda baş tutacaq Mahsun Kırmızıgülün konsertinə dəvət edirəm - deyirəm.

Əslində, içimdə konsertə komandirə görə gedirəm. Özüm heç oralıq da deyiləm. Həm Ajda Pekkanın bir neçə il əvvəl izlədiyim Bakı konsertinə heç kəsin üstün gələ bilməyəcəyini düşünürəm, həm də dediyim kimi, içimdə nəinki türk musiqisi, bütün türk dünyası yıxılıb...

Hətta üzə vurmadığım qəzəbim var.

Adam bu enkazın altında necə oxuya biləcək?

Bizə nə deyəcək?

Ancaq Mahsun gəlir və oxumağa başlayır... Bir şarkı, bir hekayə danışır, özü uşaqlığı ilə duet oxuyur, bir ay boyunca zəlzələ bölgəsində sərasər dolaşdığını, oradan birbaşa Bakıya gəldiyini deyir, hər mahnısından sonra göz yaşları tökür, insanları sarılmağa çağırır, bir-birini sevməyə səsləyir.

Bir mahnısını oxumazdan öncə deyir ki, zəlzələ dağıntıları arasında gəzərkən uzaqda bir anne gördüm, ona yaxınlaşdım, məni qucaqlayaraq göz yaşları içində söylədi:

- Mahsun, geç kaldın, oğlum... Qızım səni çox sevərdi, ən böyük arzusu səninlə görüşmək idi. İndi bu dağıntıların altında, oğlum və ərimlə birgə qalıb...

O, təkcə oxumurdu, həm də pianoçu filmindəki Şpilmanı oynayırdı.

Bütöv bir faciənin içindən türk xalqını musiqi ilə çıxarırdı Mahsun... Mahsun dünən gecə öz möhtəşəmliyi ilə Şopendən belə, geri qalmırdı.

Konsert zamanı Vətən müharibəsi şəhidi Anar İsrafilovun vaxtilə Mahsun Kırmızıgülün repertuarından oxuduğu “Annem-annem” mahnısını böyük ekranda nümayiş etdirib ona qoşuldu. Kədərimizin bir olduğunu möhtəşəm performansı ilə sintez edib göstərdi ki, bir türkün faciəsi, göz yaşı, duyğuları necə də eşitdir.

O, oxuduqca mən məhz Mahsun Kırmızıgülün çəkdiyi və türk sinemasının son illərdə sözün əsl mənasında möcüzəsi saydığım “Möcüzə” filmi haqda düşünürdüm.

Həmin filmin kulminasıyasında yer alan o son səhnəni gözlərim önünə gətirirdim.

Orada atası sakat oğlundan necə sağaldığını, bunu necə bacardığını soruşanda, filmin qəhrəmanı Əziz məhz belə cavab verir:

- Mən sevdim, baba...

Hər şey aydın idi... Mahsun Kırmızıgül, o, heç vaxt solmayacaq bir Qırmızıgül... Kırmızıgül Bakıda demək istəyirdi ki, bütün sakatlıklardan, bütün zəlzələlərdən çıxmağın tək yolu sevməkdir.

Konsert bitir, biz evə qayıdırıq. Komandir təşəkkür etmək üçün vurnuxur, ürəyinin necə rahatlıq tapdığını demək istəyir, mən isə ona hər cəhdində mane oluram. 

Otuz dörd gündən sonra zəlzələnin altından möcüzəvi şəkildə çıxdığıma görə nə görsəm, göz yaşları içində gülümsəyirəm...

Elbrus Ərud