28 iyul - Ümumdünya Hepatitlə Mübarizə Günüdür.
Tibb elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar İctimai Birliyinin sədri Gülnarə Ağayeva “Qafqazinfo”ya müsahibəsində bildirib ki, hal-hazırda dünyada 325 milyona yaxın insan viruslu hepatitlərdən əziyət çəkir.
Bu xəstəliklərin virusun növündən asılı olaraq müxtəlif yoluxma yolları var:
“A və E hepatitlərinin yoluxma yolu – çirkli əllər, yaxşı yuyulmamış meyvə-tərəvəzlər, göyərtilər, təmizlənməmiş və ya qaynadılmamış su ola bilər. Xəstəliyin başlanması adətən sarılıq ilə müşahidə olunur. Bu zaman dəri örtükləri, gözün içi saralmış, sidiyin rəngi isə tündləşmiş olur. Xəstəliyin gedişatı adətən yüngül olur və bəzən sağalmaq üçün yalnız pəhriz və yataq rejimi kifayət olur.
Viruslu B hepatiti qan vasitəsi ilə, cinsi əlaqələr və hamilə qadından bətnindəki dölə keçmə yolları ilə yoluxur. Adətən bu xəstəlik də sarılıq ilə müşahidə olunur və belə hallarda 80-85% öz-özünə sağalır. Lakin 10-16% hallarda xroniki formaya keçdikdə uzun müddət ərzində heç bir əlaməti olmadan sürə bilər və ciddi fəsadlara səbəb ola bilər. Bu fəsadlardan xüsüsən qaraciyər sirrozları və qaraciyər xərçəngini qeyd etmək lazımdır.

Viruslu C hepatiti da qan vasitəsi yolu ilə keçir, lakin nə cinsi, nə də hamilə qadından dölə yoluxma yolları ilə keçmir və yalnız QİÇS-li xəstələrdə müşahidə oluna bilər. Adətən yoluxmanın səbəbləri qan köçürmələri, kifayət qədər sterilizə olunmamış tibb ləvazimatları, stomatoloji, ginekoloji, cərrahi alətləri, pirsinq və tatu salonları, damar daxili narkotik maddələrin istifadəsidir. Xəstəlik 15% hallarda kəskin formasından sonra sağalma ilə tamamlanan halda, 80-85% hallarda xroniki formaya keçib bir neçə müddətdən sonra təhlükəli fəsadlara, sirroz və qaraciyər xərçənginə gətirib çıxara bilər. Müasir müalicə, qısa müddətli və yan təsirləri olmayan dərmanlar vasitəsi ilə aparılır və əksər hallarda tam sağalmaq ilə nəticələnir. Buna görə də xəstəliyi vaxtında aşkar etmək və müalicə olunmağı tövsiyyə edirəm. Təəssüflər olsun ki, bu virusa qarşı peyvənd yoxdur.
Viruslu D hepatiti başqa bir təhlükəli xəstəlik növüdür. Bu virus yalnız xroniki B virus hepatitli xəstələrdə müşahidə oluna bilər. D virusu öz çoxalma prosesində B virusunun üst təbəqəsini istifadə edib, həyat tsiklini davam edə bilər. B virusuna qarşı peyvənd vurulsa eyni zamanda D virusunun da bədənə daxil olmasının qarşısını ala bilər. Xəstəliyin təhlükəsi qaraciyər sirrozunun və ya qaraciyər xərçənginin yaranma müddətinin daha qısa olmasından irəli gəlir”.

G. Ağayeva viruslu hepatitlərin müalicəsi haqda bunları deyib:
“Vaxtında virus əleyhinə müalicə aparılsa bu fəsadların yaranmasının qarşısını almaq mümkündür. Lakin hal-hazırda istifadə olunan dərmanlar xəstəliyin tam sağalmasını təmin etmir.
Bu virus növünə qarşı mükəmməl müdafiə üsulu vaxtında peyvəndin vurulmasıdır. Peyvənd tərtib olunan sxem ilə vurulan halda uzun müddətli (10 ilə qədər) müdafiə hüceyrələri yaradır və xəstəliyin yoluxmasının qarşısını alır”.
G. Ağayeva sədrlik etdiyi ictimai birliyin daim bu mövzüda maarifləndirmə işləri apardığını qeyd edib:
“Bizim İctimai Birlik əhali arasında viruslu hepatitlərin barəsində məlumatı mütamadi olaraq müxtəlif aksiyalar vasitəsi ilə yayır, həkimlər üçün isə seminarlar, konfranslar təşkil edir. Bu yaxınlarda, 27-28 iyun tarixlərində Bakı Konqres Mərkəzində D viruslu hepatitinə həsr olunmuş böyük beynəlxalq konfrans keçirildi. Bu konfransın işinə 30-dan çox ölkədən işirakçılar və ekspertlər qoşuldular.
Bu istiqamətdə işimizi davam etdirəcəyik və dünya hepatoloqlarının “2030-cu ilə qədər dünyanı C virus hepatitindən tam azad edək” təşəbbüsünə qoşulub bütün aşkar olunan xəstələrə müasir müalicə keçirib bizim də əhalini viruslu hepatitlər kimi təhlükəli xəstəliklərdən qurtarmağa çalışacağıq”.