“Azərpoçt”un məktub harayı

azerpoctun-mektub-harayi
Oxunma sayı: 2058

Azər Qismət

“Məktub” deyiləndə gözləriniz qarşısından Anarın “Ötən ilin son gecəsi” tamaşası keçdimi? Qoca poçtalyon evə girib onu bayram gecəsi tək qoyan qadına həyat dərsi keçir. Qadın da üzdə hirslənsə də, böyütdüyü övladlarını müdafiə etsə də, yenə bilir ki, poçtalyon haqlıdır.

“Məktub” deyiləndə “Mən ki gözəl deyildim” filmini xatırladınızmı? Atası cəbhədə həlak olan qız poçtalyon çantasını çiyninə keçirir. Qız uşağının poçtalyon olmasına təəccüblənsələr də, sonradan öyrəşirlər. Çünki o, çantasında təkcə qəm-kədər daşımır, adamlara sevinc də bəxş edir. 

“Məktub” deyiləndə Mirzə Cəlilin “Məktub yetişmədi” (“Poçt qutusu”) hekayəsi yadınıza düşdümü? Qoca Novruzəliyə məktubu qutuya atmaq həvalə olunur. Yalnız qutuya atmaq. O isə heç vaxt məktub yazmayıb, məktub atmayıb.

Dövrün dəyişməsi ilə sıradan çıxan məktublar. Gecələr lampa işığında, çəmənliklərdə yazılan məktublar. Göz yaşları damcılayan üçkünc qara xəbər məktubları. İndi kimsə məktub yazmır. Çünki texnologiya əsri məktubu sıradan çıxardı. İndi idarələr bir-birilə məktublaşır. Bir azdan o da sıradan çıxacaq. Çünki elektron versiyalar daha asan, daha münasibdir. İndi adamların xətləri də bərbaddır. Hardadır o kəlmələr: “Əvvəla salam. Salamdan sonra necəsən? Mən sağ və salamatam. Sənin də sağ və salamat olmağını arzu edirəm”. Sanki, bütün məktub girişlərinin belə yazılması möhürlənmişdi.

Hardadır o günlər ki, istədiyin qıza məktub yazıb rəfiqəsinə verərdik. Neçə gün rəfiqənin sifətinə baxıb nəsə bir xəbər işartısı gözləyərdik. Hərdən konfetdən-şokoladdan verərdik. Bu o demək idi ki, məni istədyim qıza təriflə, ondan xoş xəbər gətir. Gətirəndə isə sevincimiz yerə-göyə sığmazdı. 

Daha yoxdur məktub yazmaq ənənəsi. Gənclər deyir ki, o köhnəliyin qalığıdır. Razılaşmıram. Məktub yazmaq yazılı sənəddir. Qocalanda xatirələri oyandırmağa yetərlidir. O xatirələr ki, əsgərlikdən ata-anaya, bacı-qardaşa, ilk sevginə yazmısan. O xatirələr ki, uşaqlar əyri-üyrü xətləri ilə analarını təbrik ediblər. 

Yox, məktub köhnəlməyib. Bunu köhnəlik sayanların içi köhnəlib. Ən müasir elektron texnologiyalara yiyələnsələr də, içdəki duyğu qocalıb. Bəzən yazıçılar belə düşünür ki, ktab dərc etmək zamanı da köhnəlib. Adamlar kitabları telefon, kompüter, planşetlərlə mütaliə edirlər. Ancaq kitab bambaşqadır. Kitabın sarı kağızı, uyğun şriftlər, nəhayət çapa vurulan boyaların ətri. Bütün bunlar elektron versiyanın yerini vermir. “Mənim saytlarda kifayət qədər hekayə və romanlarım var” deyənlər də yanılırlar. Çünki elə virus yayılar ki, bütün yazdıqların bir anda silinər. Bu yaradıcı insanın məhvi deməkdir. Sanki sən olmamısan.

“Azərpoçt”un məktub ənənəsini yaşatmaq istəyinə gözüm yaşardı. Qurumun bu məktublardan nəsə qazanacağı maliyyə ilə ölçülməz. Onun qazandırmaq istədiyi zəngin mənəviyyatdır. Çünki məktub yazmaq bir qəlbin dolğunluğudur. Məktub almaq qarşı tərəfin xəyali vəziyyətinin anlaşılmasıdır: kimsə taburetdə yerini rahatlayıb, qarşısına vərəq qoyub, qələmin ən yaxşı yazanını seçib. Və qələmi dodaqları arasına, hərdən də vərəqə yaxınlaşdırır, düşündüklərini, hisslərini vərəqə köçürür. Sonra zərfə qoyur, ertəsi gün poçt qutusuna atır. Bir neçə mərhələdən ibarət məktubyazma prosesinin gözəlliyi ona yetişənin sevincindədir. Elektron məktub isə çox qısa olur. Heç bir duyğu olmayan kiçik sms-lər. Axşamlar da telefon yaddaşı dolur, gün ərzindəki sms-lər silinir. Vəssalam. Bütün izlər, bütün duyğular itir. Hikmət ondadır ki, mıəktubu yandırmağa, suda batırmağa insanların əli gəlmir. Onu rahatlıqla məhv etmək alınmır. Çünki sətirlərdə, kağızın qoxusunda sehr var.

İndi Azərpoçt məktub yazdırmaq istəyir. O sehri yenidən qaytarmaq üçün. Məktub yazaq. Elə yaxşı ənənədir ki. Daim susduğun barədəki nəsnələri kağıza köçürmək. Həm də yüngülləşmək. Həm də ölüm ayağında xatirələri oyatmaq, səliqə ilə büküb mücrüyə qoymaq və demək: “Mənim də xoş xatirələrim olub”.