Privet, Eldar Sabiroğlu

privet-eldar-sabiroglu
Oxunma sayı: 1001

Rəsmi ziyafətlərdən birində ənənəmə və tərbiyəmə uyğun olaraq, tanıdığım hər kəslə salamlaşıb hal-əhval tuturdum. Qarşıma Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu çıxdı və təbii ki, onunla da salamlaşdım:

Elçin Mirzəbəyli
- Salam Eldar müəllim.
Eldar Sabiroğlunun cavabı isə qısa, təkəbbürlü, kinayəli və həm də... rus dilində oldu:
- Privet...

Doğrusu, nə deyəcəyimi bilmədim. Ürəyimdən cavab xatirinə "hello", "salyut" və s. kəlmələri dilə gətirmək də keçdi...

Amma... önəm verməmək qərarına gəldim və mənimlə ana dilimizdə salamlaşmağı bacaran insanlarla ünsiyyətdə olmağa üstünlük verib salonun içərilərinə doğru irəlilədim...

Eldar Sabiroğlunun "analoqu olmayan" davranışını və ütülənməmiş, tör-töküntülü "privet"ini bir neçə gün öncə yenidən xatırladım. Bu dəfə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri bütün Azərbaycan mətbuatına "privet" deyirdi...

Məhz bu "privet" kəlməsi orduda baş verən son hadisədən sonra müdafiə nazirliyi rəsmilərinin, xüsusilə də Eldar Sabiroğlunun açıqlamalarını emosiyasız və olduqca təbii qarşılamağıma imkan yaratdı. Ona görə yox ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azərbaycan mediasının yazmağa və deməyə həmişə öz sözü olan nümayəndələrilə sınıq-salxaq rus dilində salamlaşır. Əsla!

Ona görə ki, Eldar Sabiroğlu və onunla eyni dünyagörüşünü, düşüncə və fəaliyyət tərzini bölüşən bəzi nomenklatura təmsilçiləri üçün insan amili, birgəyaşayış və ictimai davranış prinsipləri öz əhəmiyyətini tamamilə itirib, yaxud unudulub... Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri və onunla eyni baxış bucağını paylaşanlar Azərbaycan mediasının vətəndaş mövqeyi olan, milli maraqlara xidmət edən, düşmənlə informasiya savaşının ön cərgəsində dayanan, əxlaqlı və prinsipial hissəsinə təkəbbürlü, özündənrazı "privet" atmacası çərçivəsindən yanaşırlar.

Eldar Sabiroğlu Müdafiə Nazirliyinin hərbi hissələrindən birində baş verən son ağır cinayət hadisəsindən sonra mətbuata verdiyi açıqlamada deyir ki, media nümayəndələri Silahlı Qüvvələrin ayağına zəncir vurulmasına imkan verməməlidirlər: "Təəssüflə deməliyəm ki, bəzən belə cəhdlərə rast gəlirik. Bundan da düşmən çox gözəl istifadə edir. Nümunə olaraq deyə bilərəm ki, son günlər bəzi mətbuat vasitələrində hansı təhlillər aparılırsa, hamısını nöqtəsinə, vergülünə toxunmadan erməni mətbuatı dərc edir. Özləri demək olar ki, heç bir şərh vermirlər. Görünür, bizdəki yazı-pozular, bəyanatlar, arxivlərin yenidən səhifələrə köçürülməsi və digər yanaşmalar onlar üçün kifayət edir. Biz bunu yolverilməz hesab edirik. Ordumuzu aşağılayan fikirlərin önünü kəsmək hər birimizin mənəvi borcu olmalıdır. Onun zəifləməsindən biz birlikdə itirə bilərik, bundan isə yalnız düşmən qazana bilər".
Əla! Gözəgəlimli və qulağayatımlı ritorikadı!

Göründüyü kimi, Eldar Sabiroğlu açıqlamasında bütün məsuliyyəti Azərbaycan mediasının üzərinə qoyur və hətta erməni mətbuatına qahmar çıxmağı belə unutmur: "Erməni mediası Azərbaycan mətbuatında dərc olunan yazıların nöqtəsinə, vergülünə toxunmadan yayımlayır, özləri demək olar ki, heç bir şərh vermirlər". Azərbaycanla bütün cəbhələrdə, o cümlədən informasiya savaşında qarşı-qarşıya dayanan erməni mətbuatına bundan yaxşı obyektivlik donu geyindirmək mümkün deyil.

Bu açıqlamadan sonra baş verən ağır cinayət faktı ilə bağlı bütün ciddi və üzdə olan mətbuat orqanlarında dərc olunan yazıları araşdırdım. Olduqca kiçik və qabarıq nəzərə çarpmayan istisnaları kənara qoysaq, əksər kütləvi informasiya vasitələri baş verən hadisəyə ürək ağrısı ilə yanaşıb, cinayətkarların məsuliyyətə cəlb olunmasının və orduda nizam-intizam tədbirlərinin gücləndirilməsinin vacibliyindən yazıblar. Müdafiə nazirini və baş verənlərə görə birbaşa, eləcə də dolayısıyla məsuliyyət daşıyan yüksək rütbəli şəxsləri tənqid ediblər... Vəssalam!
Orduda baş verən bu və ya digər cinayət hadisəsindən, yaxud nizamnamədənkənar davranışlardan sonra verilən açıqlamalar isə qəribə bir mənzərə yaradır. Sanki günahkar bu hadisələri törədənlər, baş verənlərə və yaxud nizam-intizama görə məsuliyyət daşıyan şəxslər yox kütləvi informasiya vasitələridir. Azacıq tənqid yazan, yaxud deyən kimi isə yumşaq təhdidvari atmacalar medianı başına götürür: Aman Allah, qoymayın, bəs, ordunu gözdən saldılar.

Əcaba, ordunu gözdən salan kimlərdir? Baş verən neqativ hallardan narahatlıq keçirən, hər əsgər ölümünü özünün şəxsi faciəsi kimi qəbul edən, nizamnamədənkənar münasibətlərə son qoyulması üçün həyəcan təbili çalan, Azərbaycan ordusunu indikindən daha güclü görmək istəyən kütləvi informasiya vasitələri, yoxsa onlara tapşırılan vəzifənin öhdəsindən layiqincə gələ bilməyən səlahiyyət səhibləri?

Allah rəhmət eləsin Sabirə, 100 il öncə yazdıqları təəssüf ki, bu gün də öz aktuallığını qoruyub saxlayır:

Niyə bəs böylə bərəldirsən, a qare, gözünü,
Yoxsa bu ayinədə əyri görürsən özünü?

Problemlərin aradan qaldırılması üçün güzgünü sındırmaq lazım deyil...

***

Hər dəfə orduda baş verən bu və ya digər cinayət halları barədə söhbət açılanda yüksək səslə torpaqlarımızın işğal altında olduğu xatırladılır: Ordu düşmənlə üz-üzədir! Müharibə vəziyyətindəyik! Ordu toxunulmazdır! Yazmayın! Olmaz!

Guya torpaqlarımızın erməni işğalı altında olduğunu, düşmənlə üz-üzə dayandığımızı bilmirik. İndi müharibə vəziyyətindəyik deyə baş verənlərə göz yumaq? Bəlkə cinayət faktlarına, nizamnamədənkənar davranışlara görə görəv və səlahiyyət sahibələrinə "çox sağ ol" deməliyik?

Əksinə, müharibə vəziyyətində olan ölkələrdə ordu sıralarında baş verən cinayət hadisələrilə bağlı adətən daha sərt tədbirlər həyata keçirilir. Günahkarlara daha ağır cəzalar verilir! Müharibənin şərtləri təkcə döyüş meydanında yox, hər yerdə, hətta arxa cəbhədə də ağırdır, cənablar!

Birdəki Ordu sadəcə söz deyil! Bu söz özündə onminlərlə əsgər və zabitin həyatını, şərəf və ləyaqətini, bütövlükdə isə Millətin və Dövlətin təhlükəsizliyi kimi çox mühim dəyərləri birləşdirir. Ordu toxunulmazlığın simvoludur! Toxunulmaz olan isə Azərbaycan ordusunun əsgər və zabitlərinin həyatı, şərəf və ləyaqəti, dövlətimizin və millətimizin təhlükəsizliyidir!

Bizə isə lütfən vətənpərvərlik dərsi keçməyin! Çünki Azərbaycan ordusunu da, ordumuzun əsgər və zabitlərini də, onların qoruduğu müqəddəs Vətən torpağını da canımız qədər sevirik. Onlar bizi qoruduqları kimi, onları qorumaq da bizim borcumuzdur. Bu baxımdan, mətbuatı suçlamaqdansa mövcud problemlərin aradan qaldırılmasına çalışın.

Əgər problem olmayacaqsa, deməli mətbuat da yazmayacaq.
Bu qədər bəsit və sadə...

3 mart 2011-ci il - 12 mart 2011-ci il