Tərs damarı yaman tutmuşdu. “Mən bilirəm e, sən ən çətin adamlardan belə intervüləri nə təhər alırsan, amma mənə keçməz, intervü verməyəcəyəm” deyib durmuşdu. Hər nə illah elədimsə, “incimə, şef, danışmayacağam. Başqa qəzetlərdən də zəng eləmişdilər. Artıq özüm haqqında danışmağa nöqtə qoymuşam. Yaxın illərdə belə bir söhbəti eşitsən, deyərsən ki, ay ... niyə o vaxt bizə danışmadın, başqasına danışdın” söylədi.
Amma deyişmə-söhbətin tən yarısında “sən müsahibə götürürsən” deməkdən özünü saxlaya bilmədi. Artıq geciydi. Aprelin 1-də 40 yaşını tamamlayan yubilyar həmkarımız Zamin Hacı ilə çətin söhbətimizi təqdim edirik:
- Zamin, onda de görüm özün haqqında danışmamaq qənaətinə hardan gəldin?
- İnsanın özü haqqında danışmağı qeyri-etikdir axı. Əvvəl onu başa düşməmişəm.
- Bunun üçün 40 il yaşamaq lazım imiş?
- Təbii ki. Gec də olsa, başa düşdüm.
- Özün haqqında danışmırsan. Bəs özün özünə hesabat verirsənmi?
- Yox. “Buxalteriya”-zaddır, nə hesabat? (gülür) Bu günlərdə Akif İslamzadə ilə bir jurnalist qızın əhvalatını oxudun yəqin. Həmin məsələyə oxşayır.
- Sadəcə, bir gün adam həyatın mənasız olmadığını dərk edəndə faciəvi vəziyyət yaranar, həm də o mənada soruşdum.
- Mən indi də dərk edirəm ki, həyatım mənasızdır.
- Bu mənasızlığı dərk edən Zamin Hacı nə vaxtsa intihar etmək fikrinə düşməyib ki?
- Qətiyyən. Həyatın mənası yoxdur deyə, onda azadlıq yaranır.
- Bir tərəfində Oğuz, bir tərəfində Selcan, həyat yoldaşın Sevinc Telmanqızı kimi as jurnalist, mənasızlıqdan gileylənirsən?
- (yenə gülür) Şəxsi məsələlərlə bağlı danışmıram. Deyəcəksən ki, fors eləyib danışmır.
- Sənin tərs damarının tutmasını 40 yaşın ağırlığı ilə əlaqələndirə bilərlər. Axı bu yaş adətən qeyd olunmur.
- Yox, nə 40? Soruş, gör nə vaxtsa Zamin ad günü keçirdib? 40 ildə bir dəfə də ad günü keçirməmişəm, ad günü mənasız söhbətdir.
- Zamin, Həccə nə vaxt gedirsən?
- Onsuz da mənə “Həci” deyirlər, getməyimə ehtiyac yoxdur. Bir dəfə Şeyxə dedim ki, Həccə getməmişəm, amma mənə “Hacı” deyirlər. Dedi o günah-zad deyil, problem yoxdur, qoy desinlər, qəbul elə getsin.
- Bəs, Zamin Hacı ata Zamin haqqında nəsə deyə bilərmi?
- Yox, qoy bunu uşaqlarım desin. Xalq desin... (gülür)
- Sevinc xanım sənin yazılarına görə gələn şikayətlərə dözməyərək günün birində “mən Zaminin katibəsi deyiləm” cavabını vermişdi. Bəs, Sevinc Telmanqızının yazılarına görə, xüsusilə də son aylardakı qalmaqallı videolara bağlı materiallara görə heç sənə şikayətlənən olubmu?
- Cavab vermirəm. Axı bu məsələ yalnız mənə aiddir.
- (Daşı ətəyindən tökmədiyini görüb mövzunu dəyişirəm) Yaxşı, “sənə aid olan məsələ”dən danışaq. Suriyada nə baş verəcək?
- Bəşər Əsədin axırı yaxşı olmayacaq. Artıq ondan hamı üz döndərib. Hər şey yaxşılığa doğru, proseslər işığa doğru gedir. Son 20-30 ildə nə qədər alçaq rejimlər gedib.
- Bəs, Qarabağ məsələsini necə həll etmək olar?
- Qarabağ məsələsinin bir dənə həll yolu var: Azərbaycanda və Ermənistanda demokratik hakimiyyətlər qurulmalıdır. Ondan sonra Avropadakı kimi artıq torpaq münaqişələrinin əhəmiyyəti qalmayacaq. Yoxsa ki, geridə qalmış təfəkkürlə, torpaq üstündə boğuşa-boğuşa gedən xalqların axırı yoxdur. Bu münaqişəni qızışdıranlar hakimiyyətdəki adamlardır. Onlara sərf edir ki, Qarabağ kimi problem olsun, onlar da nefti satıb pul qazansınlar, camaatı da ura-patriot, yalançı vətənpərvərlik şüarları ilə fırladıb oğurluqlarını davam etdirsinlər, kasıb balaları da gedib cəbhədə ölsünlər. Həm o tərəfdən, həm də bu tərəfdən.
- Sənin yuxarıdakı fikirlərini oxuyub düşünən olar ki, deyəsən Zaminin də könlündən “Nobel” keçir...
- Onu deyən adamlar gedib dombalaq aşsınlar. Ortada Avropa nümunəsi var da. Fransa ilə Almaniya yüz illərlə bir-birini qırıb məhv ediblər, mələdiblər. İngiltərə ilə Fransa həmçinin. Amerika Yaponiyaya atom bombası atıb 250 min adam öldürüb. Onlar bu gün bir-birinə ən yaxın tərəfdaşdır. Daha “döyüş alnımıza yazılıb” kimi axmaq-axmaq şüarlarla çıxış etməyiblər. Sadəcə olaraq keçmişin yaralarını unudub adam kimi yaşamağa başlayırlar. Qisas davam edərsə, gərək dünyada adam qalmasın.
- Amma bu da var ki, erməni faktorundan fərqli olaraq dediyin tərəflər kimlərinsə əlində oyuncaq olmayıb, özləri vuruşub, özləri də barışıblar.
- Təbii. Amma başa düşmək lazımdır ki, bu münaqişənin axırı yoxdur. Məsəl var e, gözə-göz şüarı ilə mübarizə getsə, dünyada bir dənə salamat göz qalmaz. Bu torpaq kimin olub, sən mənim, mən sənin torpağını tutdum kimi söhbətlərin axırı yoxdur. Adam olub yaşamaq lazımdır. Avropada kimsə deyirmi ki, Almaniya ilə Fransanın sərhədi hardadır? Bir dəfə Belçika ilə Hollandiyanın sərhədi haqda şəkil yayılmışdı, bir şəhərin küçəsində kafe var. Kafedəki stolun bir ayağı Belçika, digəri Hollandiya ərazisinə düşmüşdü. Eyni zamanda İsrail-Fələstin müharibəsindən bəhs edən şəkli yanaşı qoymuşdular. Tikilən divarlar, qan su yerinə axır. Bunun mənası nədir ki. Adamlar hər yerdə adamdır da. BMT-nin İnsan Haqları Konvensiyasında var ki, bütün insanlar anadan bərabər doğulurlar. Eyni cür doğulan məxluq sonradan qırğınlara başlayır.
- Kaş ermənilərin də içərisində çox yox, yarım milyon insan sənin kimi düşünərdi, onda bu münaqişə də olmazdı...
- Guya azərbaycanlıların içərisində bu qədər adam mənim kimi düşünür ki.
- Azərbaycanlılar belə düşünməyə bilər, çünki torpağını itirmiş, qaçqın düşmüş tərəfdir, ərazisində vaxtilə erməni dövləti qurulub, indi ikincisi üçün tədarük görülür...
- Azərbaycan ərazisində təkcə erməni dövləti qurulmayıb. Azərbaycanlıların torpağında azərbaycanlıların heç dövləti yoxdur. 15 faizini ermənilər tutubsa, qalan 85 faizini də quldurlar mənimsəyib, özləri istədiyi kimi hərəkət edirlər.
- Ən azı biz burda maşına oturub Qazaxa gedə bilirik.
- Hara gedə bilirsən e? İsa Qəmbər Lənkərana gedə bildi? İsmayıllıya getdiyinə görə Tofiq Yaqublunu içəri qoymayıblar?
- YAP-çılar demişkən, bunlar siyasi məsələlərdir.
- Nə siyasi? Yaxud deyək ki, sən iş adamısan, iş görə bilirsən? Yox. Ölkəyə banan gətirə bilərsən? Yox. Hansısa bir rayonda gedib dükan açıb biznes qura bilərsən? Yox. Bu, yaşayışdır? Yaxud deyək ki, sən iş adamısan, iş görə bilirsən? Yox. Hansısa bir gənci facebook-da nəsə yazdığına görə tutub içəri basırlar. Belə olan şəraitdə nə dövlət? Azərbaycan dövləti deyilən bir şey yoxdur. Şəxsən mən Azərbaycan dövləti adında bir şey hiss eləmirəm. Burada quldurların mənimsədiyi bir hakimiyyət, qanunsuz bir dəstə var. Bəzən polis rəislərini göstərirlər, “bandit”ə oxşayır, normal ölkədə təkcə onun sifətinə 15 il iş verərlər. MTN xarici maşın satan dükan açır, kənd təsərrüfatı nazirinin oğlu 2 milyona bina alır. Belə dövlət olar? Heç banan respublikası da deyil. Mənim dövlətim-zadım yoxdur. O üçrəngli bayrağın rənglərini şəxsən mən öz həyatımda hiss eləmirəm. O bayrağın, o dövlətin əhəmiyyətini həyatımda hiss eləmirəm. Müstəqillikdənsə Amerikanın bir ştatı olsaydıq, daha yaxşı idi. Ölkədə yüz minlərlə problem var, bir dəstə quldur o bayrağın altında oturub, o bayrağı öpürlər, ətrafında qədim yam-yam qəbilələri kimi fırlanırlar, ortada da heç nə yoxdur, camaat da SSRİ-nin nostaljisini çəkir. Çünki indiki daha pisdir. Uşağımız xəstələnir, həkim tapa bilmirik, uşağı oxutmağa məktəb yoxdur, avtobusa minirsən, itin günündə. Marşrut Ziyanın, metro Tağının, deyir kefim istər 10 dəqiqədən bir qatarı buraxaram, kefim istəyər heç yarım saat ərzində də buraxmaram. Vəziyyət budur, əsl “bardak”dır. “Əlibaba və 40 quldurda” bir səhnə var, quldurlar qızı tutub şəlalənin altında “Xatuba” oxutdururlar, bax, o mənzərədir.
- Sən hər şeydən narazısan, amma Rövnəq Abdullayev nəinki ölkədəki durumdan, hətta bir qələbəsi olmayan Foqtsdan da razılıq eləyir.
- Bunlar qəribə tiplərdir. Hacıbaladır, Rövnəqdir, Elmar Məmmədyarovdur. Fikir versən, hökumətin bütün kadrları obraz olaraq qəribə tiplərdir. Deyirlər deputat seçkiləri vaxtı Rövnəq camaatla görüşlərini fonoqramla keçirirmiş. Bu adam 5 cümləni kağızdan oxuya bilmədiyi üçün qabaqcadan yazdırırmış və görüşdə ağzını açıb-yumurmuş. Bax, belə bir vəziyyətdir. Elşad Abdullayevin videosundan danışmıram, o başqa bir dastandır. Ya Sumqayıtın başçısı var paxlava bişirir. Biri gülü uzadır, o birisi paxlavanı, Gəncədəki nə bilim nəyi. Səfeh bir aura yaradıblar. Elə bil Azərbaycanı biabır eləmək istəyirlər ki, bax, sən bu gündəsən. Əslində yaxşı da eləyirlər, biz bu gündəyik ki, biabır eləyirlər. Hacıbala səviyyəsində bir adam qonşu Gürcüstanda ucqar bir şəhərdə başçı, mer ola bilərdimi? Mümkün deyil, hələ Avropanı demirəm.
- Yeri gəlmişkən, Rauf Arifoğlu necə redaktordur?
- Güclü redaktordur. Rauf Arifoğlu Azərbaycan mətbuatında ən yaxşı media menecerlərindən biridir. Amma Rauf Arifoğlunun siyasi-ideoloji baxışlarının 90 faizini, o cümlədən dini baxışlarının böyük hissəsini bölüşmürəm. Buna baxmayaraq bir yerdə işləyirik. Bu da onun demokratik dünyagörüşündən irəli gəlir. Ümumiyyətlə, “Yeni Müsavat”da müxtəlif fikirlərə yer verilir ki, bu da çox yaxşıdır. Amma bəzən bir tərəfin ağırlığı basır. Məsələn, Əkrəm Əylisli məsələsində “Yeni Müsavat”ın mövqeyini şəxsən mən bəyənmədim. Amma qəzet Rauf Arifoğlunundur, necə mövqe istəsə, onu da qoya bilər.
- Seçki ili ilə bağlı nə düşünürsən?
- Mən il bölgüsü, ya müxalifətin son şansı-filana bölməzdim. Amma dünyada böyük dəyişikliklər başlayıb və bu, davam edəcək. Proses qarşısıalınmaz şəkildə gedir. Yadınıza salın, vaxtilə gənclər hərəkatlarından “Yeni Fikir” aktiv idi, bir üzvünü həbs etmişdilər. Amma indi “NİDA” Vətəndaş Hərəkatının 6 nəfərini tutub içəri qoyublar və hərəkat daha da güclənir, yeni-yeni gənclər ortaya çıxır. Bu prosesi ləngitmək, ona mane olmaq, müxtəlif yaramazlıqlar etmək olar. Amma heç kim bunun qarşısını ala bilməz. İşığın qarşısını almaq mümkün deyil, bu, yayılacaq. Dünya dəyişir, bunlar da dəyişəsidir, məcburdurlar. Özümüz dəyişməsək belə, demokratiya sunamisi gəlib qabağına qatacaq, hamını dəyişəcək. Heç kim sərhədi bağlayıb qala bilməz.
- Günün birində müxalifət vahid namizəd axtarsa, hesab eləsə ki, onun namizədi Zamin Hacı olmalıdır, razılaşarsan?
- Yox, qətiyyən. Mən ömrü boyu dövlət vəzifəsi tutmaram. Çünki dövlət qulluqçusu xalqa qulluq eləməlidir, xalqın nökəri olmalıdır. Amma mənim qulluq eləmək fikrim yoxdur. Həm də məsuliyyətli işdir.
- Yaxşı, gün gəldi qələmi yerə qoydun, yazmadın, sonra nə işlə məşğul olacaqsan?
- Şəxsi sualdır, cavab vermirəm. (gülür)
- Sənə yazılan oxucu mesajlarından birində deyilir ki, yazılarınızın keyfiyyəti getdikcə aşağı düşür. Ona nə deyərdin?
- Cavab vermirəm, şəxsi sualdır. Öz yazımdan nə danışım. Mən yazı yazıram, kim nə istəyir danışsın.
- Deyək ki, 1 aprel aldatma günündə axşam xəbərləri oxunur və diktor tam gerçək olaraq prezidentin sərəncamını oxuyur: “Azərbaycan mətbuatındakı xidmətlərinə görə ”Yeni Müsavat" qəzetinin köşə yazarı Zamin Hacı “Tərəqqi” ordeninə layiq görülür". Reaksiyan?
- (Ah çəkir) Bu da şəxsi sual oldu. Mən ona cavab verə bilərəm ki... Amma desəm, deyəcəksən pafosdur, yekə-yekə danışır, versələr, belə etməz. Amma olmamış hadisədir. Siz prezidentə təklif eləyin, bir dənə medal göndərsin, görün reaksiyam necə olur...
/Yeni Müsavat/