“Day.az-ı öldürdülər, oxucuları 30 mindən 30-a endi”

-dayaz-i-oldurduler-oxuculari-30-minden-30-a-endi
Oxunma sayı: 902

“Təbiət gülümsəmişdi. O, təbiətin bu şıltaqlığını bir şans kimi qəbul edərək çalışmağa başladı.

Ulu Tanrının diktatını diktant kimi qəbul edib, onu ciddi səhvlərsiz yazdı, həm də həyatını yaratmağa başladı. Özü bildiyi kimi. Hərdən ay işığına baxıb göylərdən soruşdu: hər şeyimi düz yazdım?
Özü bildiyi məsləhət olsa da fəqət, hərdən göylərdən təsdiqləyici cavablar da alırdı. Lakin ona “hərdənlər” az edirdi:

- Bəs bütövlüklə?
- Bütövlükdə? Hərdən kimi.
- Mənimlə kimdir?
- Heç kəs. Ancaq sən tək deyilsən.
- Nə etməli?
- Nə isə etmək lazım deyil.
- Bəs onda nə etməli?
- Bağışlanma?
- Sən mənim yolumu görürsən?
- Sən özün də görürsən. Sən xoşbəxtsən - yeganə yolun var.
- Seçim yoxmu artıq?
- Seçim edilib. Sən etmisən və sənin əvəzinə edilib. Haydı! Geriyə baxma!
- Bu - vəzifədir?
- Bu - qərardır.
... İşıq söndü. Sənin saatın yetişdi..."

***

Ay işığı sönmüşdü. Səhər açılmışdı. Məhkumlardan biri qəfildən günəş şüalarının dolduğu barakımıza girərək “Anar öldü” xəbərini verdi. Hansı Anar? Dünyada bütün Anarların ölümünü gözlərimin qarşısına gətirsəm də fəqət bu sırada Məmmədxanov (bəli, məhz Məmmədxanov, çünki o, soyadının Məmmədxanlı şəklində səslənməsinə həmişə əsəbiləşərdi) soyadı görünməzdi. Yox, ölən məhz Anar Məmmədxanov idi. Bir anlıq keyidim, inanmadım, ona görə yox ki, inanmaq istəmirdim, həbsxana pafoslu hissləri söndürür. Ona görə ki, tanıdığım və sevdiyim Anarla ölüm antitezadır. Anar o kəslərdən idi ki, sadəcə ölə bilməzdi.
Dinməz-söyləməz barakdan çıxıb həbsxanada tənhalıqda televizora baxa biləcəyim mətbəxə yollandım. Telekanallar Anarın ölümü barədə susduğu halda yalnız ANS Azərbaycanın ən istedadlı insanlarından birini - Anar Məmmədxanovu ləyaqətlə son mənzilə yola salırdı. Digər telekanallar isə Anar Məmmədxanovu - İlham Əliyevin varisliyinin fəlsəfəsinin sözün əsl mənasında unudulmuş təbliğatçısını çoxdan dəfn etmişdi. Neosovetist üsul-idarəsinə keçən hakimiyyət ideoloqlarına Anar kimi istedadlı piar-texnoloq gərəkli deyildi, onun zamanı plüralist demokratiya ilə birgə bitmişdi. Avtoritarlıq insanları inandırmaq məharətinə malik olmur. Sistem yalnız repressiyanın süngüləri ilə ehkamçılıq qarşısında baş əyməyi tələb edir. Anar bu işdə lazımsız personaj idi. Onun zamanı artıq 2003-cü ildə bitmişdi...

ANarla son görüşümüzün son ANı

Həbsimə bir neçə həftə qalmışdı, qəflətən təlefonuma Anarın bir dostu zəng edib məni Mikayıl Müşfiqin heykəlinin yanındakı parka dəvət etdi. Hiss edirdim ki, telefonda çox danışa bilmir. Görüş yerimizə çatanda Anarın həyəcanlı sifəti nəzərimdən qaçmadı:
- Dayan! Yoxsa səni məhv edəcəklər. Məni MTN-ə çağırıb səninlə bağlı sorğu-sual etdilər, bir neçə saat orada saxladılar. Axı sənə deyirdim İlhama toxunma... Bu, sənin ayaqda qalmağın üçün yeganə şansdır, yoxsa onlar sənin İlhama qarşı tənqidlərini bayraq edib səni məhv edəcəklər.

- Bəs sən məni İlhamın demokrat olduğuna inandırmağa çalışırdın, nə oldu?
- Mənim özümü də işləməyə qoymurlar. Day.az-ın forumunda çıxan hər kəlməyə də ilişir Prezident Aparatı. Ancaq bunlar müvəqqəti problemlərdi, görərsən, İlham onların hamısını əzəcək. Siz hələ onu tanımırsınız...

...Son kəlmə Anarın dilində tez-tez təkrarlanardı: “Siz hələ onu tanımırsınız!” Fərhad Əliyevlə Əli İnsanovun həbsindən sonra da bu verdikti izhar etmişdi.

Anar çox danışırdı, nəinki məni, sanki özünü inandırmağa çalışırdı... Sonra “Lider” televiziyası mövzusuna keçdi, bu telekanalı Anara təklif etsələr də o, imtina etmişdi, “Lider”i özünə sığışdırmamışdı. Anar İlham Əliyevin reformasiyasının teleekranını yaratmaq arzusu ilə yaşayırdı. Ürəyində qoydular. Nə reformasiyanı gördü, nə də televiziyanı yarada bildi.

Ulu Tanrı ona yaradıcılıq potensialını gerçəkləşdirmək üçün iki şans vermişdi - Şən və Hazırcavablar sosio-mədəniyyətini və Azərbaycanda ilk internet informasiya resursunu. Hər ikisi parlaq idi.
Söz Anarındır: “2000-ci ildə Day.az-ı yaradanda mənə gülürdülər. Mən hələ o zaman deyirdim ki, bir neçə ildən sonra Azərbaycan iki partiyaya bölünəcək - internet və televiziya partiyalarına”.
Anar qeyri-adi idi, elə layihələri kimi. Ona ilk qeyri-adi və istedadlı AzTV-ni yaratmaq şansını nəsib etsəydilər, o, televiziyanı da internet partiyalarının koalisiyalarına qoşardı.

Söz Anarındı: “Məndən əl çəkmirlər. Yaşamağa qoymurlar. Onlara deyirəm axı Day.az da İlham Əliyevindi, onu təbliğ edir, lakin sizin eybəcər təbliğat vasitələrindən fərqli olaraq məni hər gün 30 min internet istifadəçisi oxuyur”.

Əvvəlcə, Day.az-ı öldürdülər, oxucuları 30 mindən 30-a endi, Anar gözləri görə-görə “balasının” ölümünə necə tab gətirə bilərdi? Anarı diriltmək istəyirsinizsə, bağlayın bugünkü Day.az-ı. Anardan sonra onu heç kəs oxumurdu.
2003-cü ildən sonra...
Bu gün Heydər Əliyevin adına Respublika sarayında Anarın xatirə gecəsi olacaq. Bu saraya H.Əliyevin adının verilməsini ilk dəfə Anar təklif etmişdi. Və bu təklifdən az öncə o, ilk olaraq Prezident Sarayının qarşısına əklil apararaq bütün Azərbaycana nümunə olub, yüz minlərlə insanı bu yaddaqalan mərasimə gəlməyə vadar etdi. Bundan az öncə isə Anar “İlhamla irəli” şüarı ilə minlərlə insanı İlham Əliyevin seçki qərargahına səfərbər etmişdi. Sonradan Anarın təklifləri unuduldu, onun səsləndirdiyi şüar isə oğurlandı, şüarın adına boz və boş bir gənclər təşkilatı quruldu...
Anar bütün bunları kənardan seyr edirdi. Acıyırdı, sarsılırdı, titrəyirdi... Azərbaycanın ən istedadlı insanını vaxtilə Stalin dövrünün ən istedadlı insanına - rejissor Kolya Ekın gününə saldılar. Anar içirdi, çox içirdi, daxili yanğısını söndürürdü. Və gecədən sübhədək Yeseninın, Pasternakın, Axmatovanın şerlərini ürək yanğısı ilə uca səslə əzbərdən oxuyurdu...
Anarı hamı sevirdi. Daha doğrusu, bütün istedadlı müxalifətçilər və iqtidarçılar tərəfindən sevilən Anara biganə qalmaq çətin idi, çünki bu cür şəxsiyyətlər iki ziddiyyətli dövrün toqquşmasından yaranan qığılcımlara bənzəyirlər. Qığılcımdan bəzən alov da yaranır. O, öz alovunun içində yandı.
Bizim ilk görüşümüz
Nə qədər paradoksal səslənsə də mənimlə Anar Azərbaycanda yox, Hollandiyada şəxsən tanış olmuşduq. Gənc millət vəkili - o, Azərbaycanın tarixində ən gənc deputat kimi də qaldı, Anar 25 yaşında parlamentə üzv olmuşdu, - və mən, gənc ictimai fəal uzaq Haaqada yaxın Qafqazda sülh barəsində alovlu çıxışlar edirdik... Elə uzaq Haaqada Azərbaycanın gələcəyi haqqında düşünüb-daşındığımız zaman birdən Anardan soruşdum: “Səncə, Heydər Əliyevdən sonra Azərbaycanın prezidenti kim olacaq?”
Anar düşünmədən cavab verdi ki, “İlham Əliyev. Görəcəksiniz”. O zaman mən bunu şən və hazırcavab oğlanın növbəti zarafatı kimi qəbul etmişdim. Ancaq zaman doğrudan da bizimlə zarafat etdi və ya da ki, bəlkə Anar həqiqətən də bu qədər uzaqgörən imiş.
Bir hakimiyyət mənsubu da Anardan təqribən 3 il sonra İlham Əliyevin prezident olacağını təkidlə təşviq edirdi. Bu, Sirus Təbrizli idi. Qəribədir, Anar həyatını faciə ilə başa vurdu, Sirus bəy isə Zuğulbada məcburi sürgündədir. Anarın “İrəli” ideyasını oğurlamış hakimiyyət cismi “inqilabın” hər iki balasını başını üzdü. Anar öldü, əclaflar isə qələbə çaldı...
...Bu gün Anarın xatirə günü, dostlarının isə hüzn günüdür. Qəribədir, niyə bu ölkədə ancaq ölüləri sevirlər? Bəlkə dirilər üçün zərərsizdilər, ona görə?

Bu gün bizim hüzn günümüz, Anarın ailəsinin isə fəryad günüdür. Çünki Anar həm də təkrarsız oğul (sözün hər bir mənasında), ata və həyat yoldaşı idi. Deyirlər hər bir kişinin gözünün parıltısında onun sevdiyi qadının adı və soyadı var. Anarı tanıdığım zamandan, yəni 20 il ərzində, onun bir sevdiyi qadın - həyat yoldaşı İradə xanım olub. “Mən insanları həyat yoldaşlarına münasibətindən tanıyıram” - bu da Anarın sözüdür. İnanmıram ki, Anarın İradəsi qırıla. O, yaşamalıdır, çünki Anar sözünün mənim üçün əsl anlamı məhz yaşamaqdır. Anar qayıdacaq. Mən buna inanıram.

P.S. Həbsxanadan çıxandan sonra Anarın yalnız 40 mərasimində iştirak edə bildim. Anarın atası Camal müəllimdən prezidentin yasa gəlib-gəlmədiyi ilə maraqlandım. Camal müəllim dedi ki, “nəinki prezident, hamı gəlmişdi, iki nəfərdən başqa...”

Eynulla FƏTULLAYEV

musavat.com