2019-2020-ci tədris ili üzrə 7 mindən çox müəllim işə qəbul olunub. Ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub.
"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnformasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadə Qubaya təşkil olunan mediatur zamanı jurnalistlərə açıqlamasında məlumat verib.
B.Hacızadə bildirib ki, cari ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artıb. Müraciət edənlərin sayı təqribən 55 min nəfər olub. Bu il ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayanların hər 4 nəfərindən biri və ya 25 faizi müəllimlik ixtisasını seçib.
“Təhsil Nazirliyi müəllimlər arasında sosial kampaniyaya start verib. "Mən müəlliməm" adlı kampaniya oktyabrın 1-də başlayıb və ayın sonuna qədər davam edəcək. Kampaniyanın məqsədi müəllimlərə hörmət və ehtiramın daha da artırılmasıdır. Bu aksiya çərçivəsində müəllimlər şagirdləri ilə birgə çəkdirdikləri şəkilləri sosial şəbəkə hesablarında #Mənmüəlliməm və #təhsilnazirliyi haştagı ilə paylaşmalıdırlar. Eyni zamanda, bütün həmkarlarını bu işə dəvət etməlidirlər”, - deyə Təhsil Nazirliyinin nümayəndəsi söyləyib.
Son xəbərlər
Son Xəbərlər