“Azərbaycan Dəmir Yolları” (ADY) QSC bu gündən Bakı–Ağdam–Bakı marşrutu üzrə sərnişin daşımalarına start verib.
“Qafqazinfo” xəbər verir ki, Ağdama sərnişin qatarı artıq yola düşüb. Saat 07:10-da yola düşən müasir “Stadler” qatarı Ağdama 11:53-də çatacaq.
32 ildən sonra ilk dəfə bu gün Bakıdan Ağdama yola düşmüş sərnişin qatarında tam doluluq qeydə alınıb. Belə ki, 27 avqustda satışa çıxarılmış biletlər 3 gün ərzində satılıb.
Sərnişinlər arasında Ağdamdan olan tanınmış ictimaiyyət nümayəndələri, media mənsubları və qonaqlar da var.
***
Bu gün paytaxtdan yola düşən Bakı–Ağdam–Bakı marşrutu üzrə ilk sərnişin qatarı Ağdama çatıb.
Qatar saat 18:20-də əks istiqamətdə yola düşəcək.
Xatırladaq ki, işğal dövrünə qədər Bakıdan Ağdama kimi sərnişin daşımaları Bakı–Xankəndi–Bakı marşrutu üzrə hərəkət edən yataq tipli qatarla həyata keçirilirdi. Qatarlar Bakı–Ağdam–Bakı istiqamətində sonuncu dəfə 1993-cü ildə hərəkət edib. Həmin vaxt qatarla Ağdama kimi 371 km olan məsafə 8 saat yarıma qət edilirdi.
***
Səfərlə bağlı danışan Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bu günün əlamətdar olduğunu bildirib:
“Ağdam-Bakı qatarı ilk dəfə fəaliyyətə başladı. İlk qatar Bakıdan Ağdama gəldi”.
O qeyd edib ki, bu qatarın fəaliyyətə başlaması həm də Böyük Qayıdışın çox vacib simvoludur: “Bütün Qarabağda bərpa quruculuq işləri görülür. Bütün bu proseslər Ağdamda da gedir. Hətta gözlədiyimizdən daha çox bilet satışı həyata keçirilib. Biz bu qədər sərnişin gözləmirdik.
Bu Avtovağzal-Dəmiryolu vağzalı kompleksi Azərbaycanda bir ilkdir. Azərbaycanda ilk dəfədir ki, həm avtovağzal, həm də dəmiryolu vağzalı bir məkanda yerləşir. Bu da nəqliyyatın səmərəli təşkilinə şərait yaradacaq”.
Mədinə Useynova
Son xəbərlər
Son Xəbərlər