“Görünür Rusiya provokasiya edib, Ermənistanı bizim üstümüzə qaldıracaq”

gorunur-rusiya-provokasiya-edib-ermenistani-bizim-ustumuze-qaldiracaq-
Oxunma sayı: 641

Bunu “Qafqazinfo”ya açıqlamasında politoloq Qabil Hüseynli ABŞ Quru Qoşunları Hərbi Kolleci Strateji Araşdırmalar İnstitutunun professoru Stefen Blankın fikirlərinə münasibət bildirərkən deyib. Politoloqun sözlərinə görə, hazırkı qüvvələr nisbətində Rusiyayla Ermənistanı nəzərə alsaq üstünlük Rusiya tərəfindədir: “Amma, Azərbaycan indiki vaxtda müharibəyə başlamır. Rusiya da öz növbəsində həmişə bölgədə meydan sulaya bilməz. Əgər Putin də Rusiya prezidentliyinə gələrsə bu, millətlərarası münaqişəni, parçalanmanı reallaşdıracaq”.

Qabil Hüseynli vurğulayıb ki, Stefen Blankın “Lakin Qafqazda hazırkı tendensiyalardan belə fikrə gəlmək olur ki, əgər vasitəçilik missiyasının fəaliyyətində tərəqqi hiss olunmursa, danışıqların nəticəsi daha gözlənilməz ola bilər” fikrinə də münasibət bildirib: “Bu proqnozda müharibəyə işarə edilir, amma burada müharibə edən tərəf Azərbaycan olmayacaq. Görünür Rusiya provokasiya edib, Ermənistanı bizim üstümüzə qaldıracaq”.

Qeyd edək ki, ABŞ Quru Qoşunları Hərbi Kolleci Strateji Araşdırmalar İnstitutunun professoru Stefen Blank bildirib ki, Dağlıq Qarabağla bağlı yeni müharibə bu problemə aidiyyəti olan hər kəs üçün fəlakət olacaq və çox güman ki, burada qazanan yalnız öz yeni imperiya ideyalarını həyata keçirməyə çalışan Rusiya olacaq.

Fatimə Kərimli