Təhsil Nazirliyi kimi seçir? - Araşdırma

tehsil-nazirliyi-kimi-secir-arasdirma
Oxunma sayı: 2793

Hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” üzrə demək olar ki, Avropa ölkələrinin əksəriyyətində, ABŞ, Kanada, Rusiya, Türkiyə, Çin, Yaponiya, Cənubi Koreya və s. ölkələrdə yüzlərlə Azərbaycan vətəndaşı təhsil alır. Proqram çərçivəsində seçimlər Nazirlər Kabinetinin təsdiqlədiyi seçim qaydaları əsasında aparılır. Bunu Təhsil Nazirliyi ilkin mərhələdə etsə də, sonradan siyahı Prezident yanında Təhsil üzrə Komissiyaya göndərilir. Demək olar ki, bütünlüklə yüksək çinli məmurlardan ibarət olan Komissiyada seçimin necə, hansı mexanizmlə aparıldığı isə məlum deyil. Nazirlik özü də müsabiqəyə qatılanlara verilən “rədd cavabı”nın səbəblərini açıqlamaqda maraqlı deyil.

Xaricdə təhsil məmur balalarının alnına yazılıb?

Mütəxəssislər isə bildirirlər ki, proqram çərçivəsində seçilənlər ciddi araşdırılır. Xaricdə təhsil alan tələbələrin arasında kasıb təbəqənin nümayəndələri demək olar yoxdur və proqram çərçivəsində xaricə gedənlərin əksəriyyəti məmurların və tanınmış şəxslərin övladlarıdır. Onların arasında Şahin Mustafayevin oğlu, Səməd Seyidovun oğlu, Mustafa Topçubaşovun nəvəsi, Məhərrəm Zülfüqarlının oğlu, opera ifaçısı Fidan Hacıyeva, rejissor Vaqif Mustafayevin oğlu, Nəriman Qasımzadənin oğlu, Əflatun Amaşovun oğlu, Paşa Qəlbinurun və onlarla məmur övladları var. Belə olan halda, seçimdən kənar qalanların qəbulun qeyri-şəffaf keçirildiyinə dair iddialarının əsassız olmadığı başa düşüləndir.

Təhsil Nazirliyi Xaricdə təhsil və əcnəbilərlə iş sektorunun müdiri Əlipaşa Zeynalov isə bu barədə sualımızı əsəbi halda qarşıladı: “Bu fikirlərlə razı deyiləm. Məgər məşhur insanların, məmurların övladları ağıllı, savadlı ola bilməzlər? Biz sənədlərə baxırıq, tələbənin nə atasına, nə də anasına baxmırıq. Araşdırsanız, indiyədək təhsil alan 1200 nəfərin əksəriyyətinin valideyni ya müəllim, ya işsiz, ya da qaçqındır. Seçimlərdə hər hansı qeyri-obyektivlikdən söhbət gedə bilməz. Təbii ki, ötən il 200 gəncin xaricdə təhsilini nəzərdə tutan müsabiqəyə 900 nəfər qatılıb və qalan 700 nəfər seçimlərin şəffaflığına kölgə salmağa çalışır”.

Qeyd edək ki, mütəxəssislər qəbul imtahanlarında yüksək bal toplamaq imkanının əsasən varlı ailələrin övladlarında olduğunu bildirirlər. Belə ki, yalnız imkanı olan ailələr övladlarını repetitor yanına göndərə bilirlər. Kasıb ailələrin istedadlı uşaqları belə imkandan məhrum olduqları üçün qəbul imtahanlarında yüksək bal toplaya bilmirlər və avtomatik olaraq, proqramda iştirakdan kənarda qalırlar. Buna görə də mütəxəssislər proqramda iştirak üçün qoyulan 550 bal həddinin ən azı 400-dək endirilməsini məqsədəuyğun sayırlar.

Nazirliyə inanaq, yoxsa Neft Fonduna

Azərbaycan Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə
iş sektorunun aparıcı məsləhətçisi Müjdat Həsənov “Qafqazinfo”ya bildirib ki, Dövlət Proqramı çərçivəsində indiyədək Azərbaycandan 1200 nəfərdən çox tələbə xarici ölkələrə təhsil almağa göndərilib: “Hazırda xaricdə təhsil alan tələbələrin sayı 800-dən çoxdur, onların 400 nəfərindən çoxu isə 2011-2012-ci tədris ilində göndərilənlərdir.”
Proqram çərçivəsində seçimlərdən da danışan M.Həsənov əlavə edib ki, xarici universitetə qəbul olunmuş tələbə Təhsil Nazirliyinə müraciət edir və onun seçdiyi ixtisas Azərbaycana lazımdırsa, o, dövlət proqramına daxil edilir: “Nazirliyin rəsmi saytında xaricdə təhsil bölməsində proqram barədə məlumat verilib. Biz ölkələrə fərq qoymuruq, hansı ixtisasların önəmli olduğunu müəyyən edirik. Seçim şəffaf aparılır, hər bir proses tələbələrin gözü qarşısında, onların iştirakı ilə baş verir”.

Məlumat üçün deyək ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” Dövlət Neft Fondunun vəsaitləri hesabına maliyyələşdirilir. Proqrama əsasən, 8 ildə 5 min azərbaycanlı gəncin müxtəlif xarici universitetlərdə təhsil alması təmin edilməlidir. 2011-ci il oktyabrın 1-i tarixinə proqram çərçivəsində 749 nəfərin təhsil xərcləri Fond tərəfindən maliyyələşdirilib. Dövlət Proqramında iştirak edən gənclərin əksər hissəsi Böyük Britaniya (22,1%), Türkiyə (16,7%), Almaniya (15 %) və Fransada (9%) təhsil alırlar. Proqramın maliyyələşdirilməsi məqsədilə 2008-2011-ci illər ərzində Dövlət Neft Fondu Tərəfindən ümumilikdə 25 milyon 744, 4 min manat, o cümlədən 2011-ci ilin 1 oktyabr tarixinə 5 milyon 931,3 min manat məbləğində vəsait sərf olunub. Proqram çərçivəsində daha çox tibb, iqtisadiyyat və idarəetmə ixtisaslarında oxuyan gənclərin xaricdə təhsili maliyyələşdirilib.

Yuxarıdakı rəqəmləri diqqətlə baxdınızsa, iki rəsmi qurumun açıqlaması bir-birini təkzib edir. Belə ki, Təhsil Nazirliyi 2007-ci ildən bu ilədək xaricdə təhsil almağa 1200 tələbənin göndərildiyi, Neft Fondu isə 749 nəfər tələbənin göndərildiyini bildirir. İki rəsmi qurumun açıqladığı rəqəmlər bir-birini təsdiq etmirsə, onda belə sual yaranır:

Seçimlər şəffafdır, yoxsa?!

Seçimlərdən kənarda qalan tələbələr deyirlər ki, iyulun ortalarında Təhsil Nazirliyinin xaricdə təhsillə bağlı elan etdiyi müsabiqəyə sənədlərini veriblər, avqustun ortalarında cavab gəlib ki, seçilənlərin siyahısında adları yoxdur. Başqa heç bir izahat, heç nə verilmir. Öyrənmək də mümkün deyil. Ona görə də şayiələr gəzir ki, qaliblər əvvəlcədən tapşırılıb.

Həsənova Nigar adlı tələbə deyir ki, yeni tədris ilində əksər xarici universitetlərdə dərslər çoxdan başlasa da, oktyabr ayının ortalarında cavablar hələ də açıqlanmamışdı: “Heç kim ümidini Təhsil Nazirliyinə bağlamasın. Kimin pulu varsa 10-15 min manat verib proqram çərçivəsində xaricdə 4 il oxuyur. Təyyarə bileti, yemək, yataqxana və aylıq cibxərci öz hesabına bundan qat-qat baha çıxır. Bu arada özlərini proqram üçün tapşırdanlara demək istəyirəm ki, boş yerə ümidlənməyin, seçimlər davam edən zaman dəfələrlə çağırılacaqsınız. Deyəcəklər, hər şey yaxşıdır. Amma inanmayın. Kimə tapşırılsanız belə, pul olmayan yerdə, xaricdə təhsil də olmur”.

Əli Məmmədov adlı tələbənin sözlərinə görə, 600-dən artıq bal toplayıb və xaricdə təhsil almaq üçün bu il keçirilən qəbulda iştirak edib, amma kənarda qalıb: “Proqramda göstərilən bütün kriteriyalara uyğun gəldiyim halda kənarda qalmışam. Nazirlikdən dedilər ki, guya ixtisas fənnindən az bal toplamışam, amma mən inanmadım. Çünki bu il imtahana qatılan təxminən 600 tələbənin içində mənim qədər, yaxud məndən artıq bal toplayan yekun nəticədə siyahıda göstərilənlər qədər ola bilməzdi. Seçimlərdə qeyri-şəffaflıq olur”.

Ekspertlər isə deyirlər ki, hər bir normal keçirilən müsabiqənin nəticələri ictimaiyyətə açıqlanmalıdır. Xarici universitetlərə seçim qapalı keçirildiyindən, QHT-lərin iştirakına yol verilmədiyindən burada müəyyən qərəzliliyə yol verilə bilər. Təhsil Nazirliyi isə bəyan edir ki, bu proses xarici ekspertlərin iştirakı ilə aparılır. Üstəlik, əgər 550 baldan aşağı toplayan tələbələr müsabiqədə iştirak edə bilmirsə, hansı tapşırıqdan söhbət gedə bilər? Bütün bunların sonunda seçim haqda yekun qərar yüksək vəzifəli məmurların daxil olduğu Prezident yanında Təhsil Komissiyası tərəfindən təsdiqlənir.

Dövlət Proqramında iştirak qaydalarına əsasən, Proqrama uyğun olaraq ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından prioritet sahələrdə tələb olunan ixtisaslar üzrə nüfuzlu xarici təhsil ocaqlarında təhsil alacaq gənclər bakalavr pilləsi üzrə 29 yaşınadək, magistratura, rezidentura və doktorantura pillələri üzrə isə 35 yaşınadək olan Azərbaycan vətəndaşları sırasından seçilir.

Milli Məclisin Elm və Təhsil Komitəsinin keçmiş sədri Şahlar Əsgərov da “Azadlıq Radiosu”na müsahibəsində qeyd edib ki, ildə cəmi 200 yox, minlərlə tələbə xaricə göndərilsə seçimdən kənarda qalanlar arasında heç bir narazılıqlar yaşanmaz.

Həmin Komitənin üzvü Lalə Abbasova isə hər kəsə xaricdə oxumağın nəsib olmadığını deyir: “Mən də öz uşaqlarımın xaricdə oxumasını istəyirəm, amma oxuda bilmirəm. Ona görə də onlar Azərbaycanda təhsil alırlar. Əgər Azərbaycanın ildə 200 tələbəni xaricə göndərmək imkanı varsa, deməli, büdcədən 200 tələbənin təhsilini maliyyələşdirmək üçün vəsait ayrılacaq”.

QHT-lər də şəffaflığın artırılmasını istəyir

Yeri gəlmişkən, İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) ABŞ səfirliyinin maliyyə dəstəyi ilə “Azərbaycanlı gənclərin 2007 2015-ci illərdə xaricdə təhsili ilə bağlı dövlət proqramının tətbiqinə dair ictimai maarifləndirmə” layihəsini həyata keçirməyə başlayıb. Layihənin əsas məqsədi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası prosesində şəffaflıq və hesabatlılığın artırılması, bilik və bacarıqları imkan verən bütün gənclərin proqramdan bərabər şərtlərlə bəhrələnə bilməsinə yardım etməkdir. İTM İdarə Heyətinin sədri Qubad İbadoğlunun bildirdiyinə görə, hazırda proqramın icrası, xaricə göndəriləcək gənclərin seçim prosesi və seçilmiş gənclərin kimliyi və təhsili barədə cəmiyyətdə məlumatlar çox azdır: “Həyata keçirməyə başladığımız layihə bu ehtiyacları qarşılamaq məqsədi daşıyır. Proqrama ayrılan vəsaitlərin tam şəkildə xərclənməsinə və bundan sonra bu istiqamətə qoyuluşların artırılmasına nail olmaq da məqsədlərimizdəndir”.

“Pul Nazirlikdə deyil, Neft Fondundadır”

Xatırlayırsınızsa, bir ay öncə xaricdə təhsil alan tələbələrin təqaüdlərinin gecikdirilməsi ilə bağlı problem yaşandı. Həmin vaxt “Qafqazinfo”ya açıqlamasında Təhsil Nazirliyi Xaricdə təhsil və əcnəbilərlə iş sektorunun müdiri Əlipaşa Zeynalov belə demişdi: “Biz hər tələbəyə xəbərdarlıq edirik ki, minimum bir aylıq xərclik aparsınlar. Biz tələbələrə pulu aylıq vermirik, bir semestrlik veririk. Əvvəldən bir ay gecikir, daha sonra isə 2-3 ayın pulunu birdən veririk. Təqaüdlərin, aylıq yaşayış xərclərinin və təhsil haqlarının verilməsi haqında xüsusi qaydalar çıxıb və o qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq edilib. İş ondadır ki, pul Təhsil Nazirliyində yoxdur, Neft Fondundadır. O pulunu xaricdə təhsil alan tələbəyə ödənilməsi üçün müvafiq sənədlər tələb olunur ki, onlar olmadan bizim sifariş verməyə ixtiyarımız yoxdur”.

Nigar Məmmədli
Yazı İqtisadi Tədqiqatlar Mərkəzinin ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanlı gənclərin 2007-2015-ci illərdə xaricdə təhsili ilə bağlı dövlət proqramının tətbiqinə dair ictimai maarifləndirmə” layihəsi çərçivəsində hazırlanıb