Son zamanlar uşaqlar arasında endokrinoloji problemlər, xüsusilə boy artmaması geniş yayılıb.
Valideynləri ciddi narahat edən bu məsələ ilə bağlı “Referans Medical Group”un uşaq endokrinoloqu Dr. Samirə Nəsibova “Qafqazinfo”nun suallarını cavablandırıb.
- Uşaq endokrinoloquna nə zaman müraciət etməliyik?
- Uşaqlarda endokrin sistem xəstəlikləri böyüklərdən fərqli olaraq daha çox hormonal pozulma və nəticədə vaxtında müdaxilə edilmədiyi halda geriyə dönməyən fəsadlarla özünü göstərir. Endokrinologiya dedikdə insanlar arasında daha çox şəkərli diabet, tiroid xəstəlikləri (el arasında zob xəstəlikləri) və buna bağlı problemler nəzərdə tutulur. Əslində isə uşaq endokrinologiyasında rast gəlinən hormonal pozulmalar çox müxtəlifdir. Boy patologiyaları xüsusilə sıx rast gəlinən boy qısalıqları, cinsi inkişaf problemləri (erkən və gecikmiş), tiroid xəstəlikləri, şəkərli diabet, bəzi skelet sistemi xəstəlikləri bu sferada baxılan patologiyalardır.
-Son vaxtlar uşaqlar arasında boyun artmaması ilə problemlərə tez-tez rast gəlinir. Boy hormonu müalicəsi alırlar. Bu nə ilə əlaqədardır? Mühit, qidalanma, nə təsir edir buna? Çünki əvvəllər belə hallar çox deyildi.
- Bəli, son vaxtlar endokrin patologiyalar arasında müraciət daha çox boy gerilikləri ilə bağlıdır. Bu problemlerin yaranmasında təbii ki ətraf mühit amilləri xüsusilə müasir qidalar hormonal sferaya yetəri qədər zərərli təsirini göstərir, amma həm də qeyd etməliyik ki, uşaqların rutin müayinələrinin daha da sıxlaşması, diaqnostika metodlarının güclənməsi, cəmiyyətdə fərqindəliyin artması bilavasitə müraciət artımına səbəb olub.
- Uşaqların boy artımına təsir edən mənfi amillər nələrdir?
- Boy artımına ilk öncə günlük rejimin qaydasız olması ciddi təsir edir. Uşaqların yuxu rejimi çox önəmlidir. Endogen BH təsiri məhz yuxu dönəmində aktivləşir. Qidalanma rejimi, ciddi kilodan geri qalma və ya əksinə piylənmə hormonal sistemə müxtəlif istiqamətlərdə təsir etməklə həmçinin boy qısalığina da zəmin yaradır. Uşağın somatik sağlamlığı və düzgün günlük rejiminin təşkili çox vacibdir.
- Qidalanma və idmanın boy uzanmasına təsiri nədir?
- İdmanın sadaladığımız digər amillərlə birgə təsiri danılmazdır. Amma hər boy qısalığının səbəbi araşdırılmadan təəssüf ki, müalicəsiz sırf idman dəstəyi ilə düzələr deyib ciddi zaman itirənlər də az deyildir.
- Qısa boylu uşaqlarda vitaminlərin rolu necedir?
- Təəssüflər olsun ki, uşaqlarda endokrin problemlərlə çox vaxt pediatrlar məşğul olur və düzgün diaqnostika edilmədən boy təsir etmək məqsədilə çoxlu multivitamin, balıq yağları və s. kimi preparatlar təyin edilir və ya bu tip müalicələri ailə özü də seçə bilir. Çox hallarda altda yatan əsas səbəb qalır kənarda vitamin tipli preparatlarla. Yalnız zaman itirmiş olur uşaqlar, artıq endokrinoloqa gələndə çox az zamanı qalmış və ya böyümə zonaları bağlanmış halda müraciət edirlər.
- Uşaqlarda cinsi inkişaf problemlərindən danışaq. Bu problemlərə çoxmu rast gəlinir?
- Bəli, bu sahə də bizim üçün çox diqqət mərkəzində olması gərəkən xəstəlik qrupudur. Ona görə ki, gecikmiş müdaxilə, müalicə artıq istənilən nəticə əldə etməyə imkan vermir. Qizlarda cinsi inkişaf ortalama 8-12 yaş , oğlanlarda isə 9-13 yaş aralığında müşahidə edilir. Qeyd edilən yaşlardan öncə və gec görünən pubertat əlamətləri patoloji ola bilər. Müalicə tələb edən və etməyən vəziyyətlər olur. Ona görə də ailələrin bu yaş qrupunda daha da diqqətli olması önəmlidir.
- Uşaqlarda tiroid xəstəlikləri hansı sıxlıqda rast gəlinir?
- Tiroid xəstəlikləri də heç də az deyil. Anadangəlmə formaları var hansi ki, zamanında başlanmayan müalicə ciddi əqli geriliyə səbəb ola bilir. Yaxud da hər tiroid problemi mütləq dərman müalicəsi tələb etmir, uşaqlarda araşdırılmadan yod preparatlarının təyini çox görürük. Bu səbəbdən bu kimi hallarla rastlaşan zaman uşaq endokrin kontrolu çox vacibdir.