Yağış çox sevilən təbiət hadisəsidir. Amma heyf ki, onu arzulamağa, yağışda dolaşmağa imkan vermirlər. Sabah yenə yağış yağacaq deyə, yamanca stress keçiririk. Nə gündəyik biz?
Hərdən fikirləşirəm ki, bəlkə bəzi məmurlarımızın fəsillər barədə məlumatı yoxdur. Ona görə ki, səriştəli şəxslər qışın dərd-sərini niyə qışın özündə həll etməyə çalışırlar ki. Daha doğrusu, hələ problemin nə olduğunu anlamağa güya cəhd edirlər. Vay –şüvən, şikayətlərə baxılınca da yaz-yay gəlir. Növbəti il təkrar vəziyyət davam edir. Bir də axı, evində həmişə yaz-yay olan üçün payızından, qışından nə. Bizim konkret çənəmiz çıxır, söyüş üzrə hamımız peşəkarlaşmışıq. Qəşəng bilirik ki, düzələn deyil, amma yenə də səsimiz batana qədər donquldanırıq.
Şəxsən mən ötən səhər yağışda tam 10 dəqiqə məktəb binasının başına dolanmışam. Quru yerdən keçmək üçün, uşağımın ayaqları quru qalsın deyə dövrə vurmuşam.
Mən sadəcə küçələrimizin azca yağış yağan kimi gölə, çaya çevrilməməsini istəyirəm. Çox şeymi istəyirəm? Ay bığıburma, bığı qırxılmışlar heç olmazsa icazə verin işıq, qaz, istilik olmayanda evdən bayıra çıxaq. Yağışlı havada gəzək, özümüzə gələk, dərdimizi dağıdaq. Bunu da bizə çox görürsüzmü? Niyə yağışdan xoflanırıq? Ay aman, yağış yağır, yağış yağacaq deyəndə ürəyimiz “cız” edir? Çünki bilirik ki, yenə atlana-atlana, hoppana-hoppana gəzən canlılara çevriləcəyik. Misal üçün, lap dovşan kimi, sudan qorxan pişik kimi. Şırhaşır çirkli sudan aşana, bərəkallah olsun. Hər kəs istiqamətləndiyi ünvanına ayağı quru, üst-başı təmiz çatmağa can atır.
Bilmirəm, Hacıbala müəllim yağışlı havada yatmağı sevənlərdənmidir? Burada qəbahətli heç nə yoxdur. İsti evdə, kombili otaqda yumşaq yataqdan yağışlı havada durmağın nə mənası var. Onsuzda ortada iş yoxdur. Dursa nə fayda, yatsa nə fayda. Amma Hacıbala müəllim, böyük arzum var. İmkan yaradın, sizin rəhbərliyiniz altında Bakıya payızqabağı qaloş gətirilsin. Vallah, nə siz bezin, nə də biz. Qaloş, balıqçı çəkmələrindən alaq, ürəyimiz rahat gəzək. Ən azı qabaqcadan işimizi bilək. Qaloş biznesinizin halallığını da bəri başdan veririk. Qaloş geyinmək əksiklik deyil ki. Xaricidən, əcnəbi turistlərdən həya edəcəksinizsə, narahat olmayın, bura düşən bizdən olur. Qoy dünya qaloş geyməyi də bizdən öyrənsin. Day neyləyək.
Biz Bakıda, şəhər, paytaxt kimi yaşaya bilmədik. Bakım mənim, dağ kəndim mənim, gün o gün olsun şəhərliliyin təkcə hansısa hektar ərazidən ibarət olmasın. Eyibləri gizlədilən Bakım, vay....
Son xəbərlər
Son Xəbərlər