Siyasi gündəmdə də tez-tez bunu yaşamalı oluruq. Mənim üçün bir mütləq əqidə var, o da İslam əqidəsidir. Onu da Allahın təqdiri ilə qazanmağa çalışıram. Və əqidəni bugünkü siyasi baxışlarımla da qarışdırmıram. Siyasət isə günün problemlərini çözmək üçün nəzərdə tutulan xidmət sferasıdır. Burada əqidə yox, mövqe, baxış, cinah olur. Bu əqidə sözünün mənasını anlamayan biriləri “əqidə dəyişmək”dən danışanda, həqiqətən yazığım gəlir. Adam gör mərifət pilləkəninin harasındadır...
İndi də insanın özünə qarşı deyəcək sözləri qalmayanda çevrəsi ilə böhtan atmağa çalışırlar. Bunu bir zaman edənlərin televiziyalarda çılpaq pozalarda gülümsədiklərini hamımız gördük. İndi də Şahvələd Çobanoğlu “Cırıq otel” deyilən bir ifadə ilə qarşıma çıxır. Yenə də dostlarına və bundan sonra mövzuya qayıdacaqlara yönəltdiyim və yönəldəcəyim təklifi ona da verirəm. Başqa mövzulara keçməyi məsləhət bilirsinizsə, buyurun. Yaxınlarınızdan orada “zərərçəkmiş” kimsə varsa, hüquq-mühafizə orqanlarına dərhal müraciət etsin. Çünki iddia sizlərə aiddir və isbatlamalısınız. Etməsəniz, bu adı öz üzərinizə götürmüş olursunuz. Şahvələd Çobanoğlu, sənə bu adı heç götürməyə də gərək yox, çünki həmin oteli “Azadlıq” qəzetindəki keçmiş direktorunuz çoxdan yaratmış və bu gün həmin otelin işçisi olmaqdan qürur duyduğunu da bilirəm.
Mən İnsanla ünsiyyətimdə ilk öncə verdiyi sualın qoyuluşuna baxıram. Ardınca müzakirə predmetini doğru anlayıb-anlamadığına. Buna uyğun ya yola verirəm, ya da səmimi fikir paylaşımı edirəm.
Qəti müşahidəm budur ki, Azərbaycan cəmiyyətində hər hansı predmetin mahiyyətinin müzakirəsində əsasən köklü yanlışlıq var. Bunu daha çox mediada, internet məkanında bir mövzuda yazılan yazıya verilən şərhlərdə aydın sezə bilirsən. Bu insanların çoxu özü tutarlı bir şey düşünməməklə yanaşı, başqasının arqumentini kopyalamaqdan başqa əllərindən bir iş gəlmir. Tamamilə fərqli təhsil, mühit, dünyagörüşləri, yaşam tərzləri olan insanların ittihamlarında bir ifadəni görəndə bir daha öz görüşlərinin doğruluğuna əminliyin artır. Eyni qəfəs, eyni tutuquşu səsi: “Hakimiyyət ev, maşın və qərargah verib”. Hətta müasir Azərbaycanda hamının evi, maşını olduğu bir zamanda ittihamın qəribəliyinə təəccüblənməyin. Üstəlik, bizim siyasi mübarizəyə başladığımız dövrlərdə yenicə dünyaya gəlmiş biriləri də eyni mühakimə tərzini, hətta cümləsini olduğu kimi səsləndirir. Sovet dövründə, tələbə olarkən belə ev, maşın problemi olmayan bir adamdan soruşulan yayındırıcı suallar qaldırdığım məsələlərə qarşı nə qədər arqumentsiz qaldıqlarını bir daha göstərir.
Rəşadət adında bir İqtisad Universitetini qurtarmış sakit oğlan vardı. Partiya quruculuğunda rol alan adamlardandı. Sonra dostlarımızdan biri onu köməklik edib Macarıstana oxumağa göndərdi. İllərdir əlaqəm kəsildi. O gün qəzetdə gedən yazıma şərh verib təhqir edənlərin içində adına rast gəldim və o dostumla adam barədə maraqlandım. Söylədi ki, bunca əziyyətimə qarşılıq adam dönəndən sonra mənə salam vermədi ki, sən iqtidara yaxınsan. Dostum iqtidarın verdiyi imkanlarla adamı xaricə göndərib. Əlbəttə, dönüşdən sonra hansısa siyasi mövqedə olması özünün seçim haqqıdır, ancaq bununla belə, insan kimi ona yaxşılıq edənə qarşı birbaşa nankorluq etmiş.
Hətta bu gün mənə maddi və mənəvi dəstək vermiş insanlar var ki, tamamilə əks mövqedə olsalar belə, özləri pozmadıqca o sayğın münasibəti qoruyub saxlamağa çalışıram. İmkan daxilində köməyimi də əsirgəmirəm. İndi Rəşadətin işlətdiyi ifadə məndə o düşüncəni yaratdı ki, darzəkalılığın, nankorluğun nə xaricdə, nə də daxildə təhsil almaqla ortadan qalxmasına ümid etməyək. İndi Rəşadət ən müqəddəs müxalifətçi olsa belə, hətta bizim tərbiyələndirmək üçün əmək sərf etdiyimiz köşə yazarlarından insani meyarları itirməyə görə geridə qalsa belə, bütün hallarda təbiətində ona yaxşılıq etmiş, siyasətə dəxli olmayan bir insana qarşı etdiyi bir nankorluq sindromu yatır. O, heç vaxt bu ölkədə doğru əxlaqın təmsilçisi ola bilməz. Onlarla bu qəbildən olan, barışmazlıq və fədakarlıq görüntüsü verən insanlara da bu meyarlarla yanaşmaq zəruridir.
Vaxtilə bir yazar məni mandatdan imtina etməməkdə ittiham edirdi. Sual verdim ki, sən vaxtilə mandatdan imtina etmiş Mirmahmud Mirəlioğlunu və Lalə Şövkəti qəhrəman hesab edirsən? Onların qəhrəmanlığı haqqında bir kəlmə belə olsa, yazmısanmı? Əvəzində onların hər ikisinin qarasınca olmazın sözlərini dedi. Dedim ki, o zaman mənim nədənsə imtina etməyim sənin, eynilə səninlə bir psixi durumda olanların düşüncələrində nəyisə dəyişə bilərmi? O cəsur addımı sənin dəstəklədiyin quşəppəyi liderlər atmayıb, atanları da nəinki təqdir etmirsən, hətta söyürsənsə, o zaman sizin pozulmuş psixi durumunuzu bir az rahatlatmağa görə biz Azərbaycanın gələcəyinin passiv izləyicisi ola bilmərik axı.
Düz 20-25 il öncə hərəkatın ən çılğın vaxtlarında bu ittihamları bir cinahda olduğumuz hərəkat dostlarımızdan bəziləri kimisə qaralamaq istəyəndə səsləndirirdi: “Filankəs ev alıb, evinə telefon çəkdirib, təzə maşını var” və s. Başqa bir ölkədə bir partiya sədrinə, millət vəkilinə belə bir ittiham yönəldərsən, ağlına şübhə ilə yanaşarlar. Baxın, bir neçə istisnalar xaric, gəlmiş-keçmiş bütün deputatlara qanunvericiliyə uyğun olaraq mənzil verilib. Bəlkə də ən az kvadrat metrlik mənzil mənə verilib. Sadəcə, bunların məntiqi ilə mən Afrikada, Asiyada olan evsiz insanlarla həmrəylik göstərərək bunu qəbul etməkdən imtina etməliydim. Bu yanlışlığımı etiraf edirəm ki, imtina etməmişəm. Hakimiyyət maşın verməyib, beş ildir eyni orta qiymətli şəxsi maşını sürürəm, sürücüm də yox və ötən il kredit borcumu tamamlamışam. 80 kvadrat metrlik qərargahımız isə şəhərin uzaq nöqtəsində yerləşir. Əmlak Komitəsinə müraciət edib icarə müqaviləsi ilə almışıq, xaraba vəziyyətdə olan bir yeri öz imkanlarımızla ortabab təmir edib, içinə yığışmışıq. Sonuncu - üçüncü mərtəbədə olduğundan, bütün otaqların tavanı güclü yağış yağanda damır. Hərdən hakimiyyətin verdiyi bu imtiyazdan yağış damcılarını seyr edərək romantik şəkildə yararlanırıq. Mühafizəm, qəzetim, saytım yox. Sizin qonorar almanız üçün qəzetlərinizə həm açıq, həm də gizli şəkildə hakimiyyət dairələrinin ötürdüyü pulla dolu konvertlərin də şəxsən mənə bir aidiyyəti yox. Ancaq bir iş xoşuma getdi ki, bu mövzunu bir az da çeynəməklə əslində bizə xeyli xidmət etmiş oldunuz, çünki problemlərimiz barədə cəmiyyəti az-çox tanış etmək imkanı qazandıq.
Bircə o fikirlərlə razıyam ki, bizim bugünkü mövqeyimiz, istinad nöqtəmiz güclü deyil və hətta etiraf edim ki, opponentlərdən xeyli zəifdir. Opponentlərimiz bir çox məsələlərdə bizdən haqlıdırlar. Çünki ölkədə islahat adı ilə təqdim olunanlar ciddi qarşılanmır, qaldırdığımız təkliflər nəzərə alınmır, korrupsiya tüğyan edir. Siyasətin mədəniləşməsi prosesi baş vermir, iqtidar-müxalifət dialoquna doğru hakimiyyət tərəfindən addım atılmır.
Elə buradanca keçid edək hamımızı düşündürə biləcək Qarabağ məsələsinə. Hüquqi nöqtədən Azərbaycan tamamilə haqlıdır. Bu haqlılıq məgər bizə Qarabağı qaytarır? Demək, yalnız haqlılıqla bir yana varılmır, problemi çözmək lazım. Sufilər də bir zaman girib mağarada bir ay çilə çıxarırdılar, mağaradan çıxandan sonra baxırdılar ki, ölkələri işğal altındadır. İndi siz sufisinizsə, gedin çilənizi çıxarın, siyasətlə çözüm yolları axtarırsınızsa, istəklərinizi, xəyallarınızı hər şeyin üzərində tutub dünyanın və ölkənin reallıqlarını görməzdən gəlməyin. Bir gerçəyi də unutmayın: bizim sizləri udduğumuz məsələ məhz məsuliyyət əxlaqı ilə bağlı məqamlardır. Hamımız anlayırıq ki, Azərbaycan bizim arzuladığımız bir modeldə qurulmayıb. Bu dövlətin kərpiclərini bir-bir söküb təyinat verməyə çalışsan, hər kərpicin bir-birindən fərqli rəngdə olduğunu görüb heyrətlənərsən. Yəni bu dövlətin altına hər super və ya orta güc öz kərpicini düzmüş.
Bundan sonra doğrudanmı anlamırsınız ki, Suriyada narazı deyilən böyük kəsim olsa da, döyüşən ayrı-ayrı ölkələrin özəl timləridir? Artıq Suriya ordusu da elə bir rol oynamır. Hər iki tərəfdən savaşın sonu xaraba, viran qalmış bir ölkə ortaya qoyacaq. İraqda bu gün qarışıqlıqdan bezən böyük çoxluğun Səddamın xiffətini necə çəkdiklərini anlamırsınızmı? Qəddafi neft pullarını yetərincə ədalətli bölürdü, ciddi narazı qüvvə də yox idi. Bəzi ölkələrdə təlim görmüş həmin millətdən olan xüsusi qrupları töküb süni bir proses yaratdılar. Bu gün “əl-Qaidə” və başqa adlarla cövlan edən həmin qruplar iqtidarda, müxalifətdə olmasından asılı olmayaraq, xalqın işıqlı adamlarını, gənclərini xırda çatışmalarda məhv edirlər. Azərbaycanda da iqtidarda olan bəzi zehniyyətlərin və barışmaz müxalifətdə olan bəzi lider və natamam ideoloqların təbliğatlarının yönəldiyi istiqamət məhz buna gətirib çıxara bilər.
Tarixi əxlaq dəyərlərinin oturuşmadığı ölkələrdə aşağıdan qaynayan nəzarətsiz çeşmələr selə dönüb azacıq əldə etdiklərimizi də yuyub apara bilər. Yuxarıdan tökülən leysan da eyni təhlükəni yarada bilər. Biz narın yağışın yağması üçün dua edənlərik. Təlatümsüz, təhlükəsiz dəyişiklik...
Bizi dinləyən azdır. Ancaq anlayanlar çoxalır. Siz də ölkədə Liviyadakı, Suriyadakı xaosu görəndən sonra bizi anlayacaqsınız. Ancaq ola bilsin ki, o zamandan sonra nə siz, nə də biz meydanda qala bilək. Çünki Azərbaycan adlanan meydanın olub-olmayacağından söhbət gedir...
lent.az
Şahvələd Çobanoğlunun “Naxçıvandakı “cırıq oteli”in sahibi” yazısı