NASA kosmosdan Yerə pişik videosu göndərib - Video

nasa-kosmosdan-yere-pisik-videosu-gonderib
Oxunma sayı: 4885

ABŞ-nin Milli Aerokosmik Agentliyi (NASA) yeni məlumat göndərilməsi texnologiyasının sınaqdan keçirilməsi çərçivəsində ilk dəfə olaraq kosmosdan Yerə “Ultra HD” formatında video göndərib. 

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 15 saniyəlik video lazerlə oynayan Teyters ləqəbli pişiyin görüntülərindən ibarətdir. 

Məlumata görə, video Yerə “Psyche” kosmik aparatı vasitəsilə göndərilib. Görüntülər isə kosmik aparata daha əvvəldən yüklənilib. Bu aparat isə oktyabrın 13-ü Floridada “SpaceX Falcon Heavy” raketi vasitəsilə kosmosa göndərilib. 

Görüntülər Yerə dekabrın 11-i təqribən 30 milyon kilometr məsafədən lazerin köməkliyi ilə göndərilib. Bu məsafənin isə Yerdən Aya qədər olan məsafədən 80 dəfə çox olduğu qeyd olunub. Videonun göndərilməsi isə 101 saniyə vaxt tələb edib. 

Layihə ekspertlərinin fikrincə, məlumatların ötürülməsi ilə bağlı yeni sistem astronavtların Marsa ilk uçuşları zamanı istifadə oluna bilər.