Tbilisi prospekti ilə Azər Əliyev küçəsinin kəsişməsində yol hərəkətinin təşkilinə dəyişiklik edilib.
“Qafqazinfo” xəbər verir ki, dəyişiklik barədə paylaşımı öz feysbuk hesabında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev edib.
Dəyişikliyə əsasən yolun buraxıcılıq qabiliyyətinin və piyadaların hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə svetoforun daimi sağa dönməyə icazə verən əlavə bölməsi ləğv edilib və ən sağ zolaqda yol nişanlanmasına dəyişiklik edilərək düzünə və sağa hərəkətə icazə verilib.
Sürücülərdən dəyişikliyi nəzərə almaqları və dəyişikliyə uyğun olaraq yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edilir.
***
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi də açıqlama yayıb.
Bildirilir ki, Bakı şəhərində ən çox istifadə edilən yollardan biri olan Tbilisi prospektində aparılan təmir işləri çərçivəsində yol hərəkətinin təşkilinə dəyişiklik edilib. Belə ki, Tbilisi prospektinin Azər Əliyev küçəsi ilə kəsişməsində, 20 Yanvar dairəsi istiqamətində 3 hərəkət zolağından 2-si düzünə, 1-i isə svetoforun əlavə bölməsi ilə tənzimlənən məcburi sağa dönmə idi. Günün pik saatlarında 20 Yanvar dairəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin intensivliyi nəzərə alınaraq svetoforun əlavə bölməsinin ləğv olunması və 3-cü zolaqda hərəkətin düzünə və sağa təşkil edilməsi təklif oluub. Hazırda təklif edilən dəyişiklik tətbiq edilib və yolda hərəkət bərpa olunub.
Son xəbərlər
Son Xəbərlər