“YAP-ın qərarı xalqın arzu və istəyini ifadə edir”

yap-in-qerari-xalqin-arzu-ve-isteyini-ifade-edir
Oxunma sayı: 1009

“Yeni Azərbaycan Partiyasının (YAP) İlham Əliyevin prezidentliyə namizədliyi ilə bağlı qərarı Azərbaycan xalqının arzu və istəyini ifadə edir”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri spiker Sahibə Qafarova parlamentin iclasında bildirib. 

Sədr qeyd edib ki, bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilib: “Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxıb, geniş bölgədə söz sahibinə çevrilib. İlham Əliyev Azərbaycanın müzəffər sərkərdəsi kimi adını tarixə həkk edib. Onun siyasi diplomatik və hərbi strateji məharəti sayəsində 44 günlük Vətən müharibəsi və bir günlük antiterror tədbirləri Qarabağ və Şərqi Zəngəzurun işğalına son qoyulması ilə nəticələnib.

Dövlətimizin ərazi bütövlüyü və suverenliyinin, tarixi ədalətin bərpa olunması xalqımızın milli qürurunu özünə qaytarıb. Əminliklə söyləmək olar ki, İlham Əliyevə xas olan siyasi səriştə, dövlətçilik təfəkkürü və idarəçilik məharəti dövlətimizin müstəqil inkişaf yolu ilə bundan sonra inamlı irəliləməyini təmin edəcək.

Azərbaycan qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq və yeni zirvələri fəth edəcək”.

Zaur Mirzə